Onlayn ictimai-siyasi qəzet
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. Əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir.
Yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Qeyd edək ki, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov ötən ilin sonlarında verdiyi açıqlamada sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin uzadılması məsələsinə toxunmuşdu. O, rəqəmsallaşmanın inkişafı nəticəsində artıq sahibkarları yerində yoxlamağa ehtiyac qalmadığını vurğulayıb. Bundan əlavə, 18 noyabr 2024-cü il tarixində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilmişdi. Bu dəyişikliklər sahibkarların maraqlarının daha effektiv müdafiəsini və yoxlamaların tənzimlənməsini nəzərdə tutur.
Bəzi ekspertlər hesab edir ki, yoxlamaların dayandırılması sahibkarların fəaliyyətini asanlaşdıraraq biznes mühitini yaxşılaşdırır və iqtisadi inkişafı stimullaşdırır. Onlar qeyd edirlər ki, bu addım sahibkarların üzərindəki inzibati yükü azaldır və onların fəaliyyətini daha şəffaf və səmərəli edir.
Digər tərəfdən, bəzi ekspertlər də narahatlıqlarını ifadə edərək bildirirlər ki, yoxlamaların tamamilə dayandırılması müəyyən sahələrdə nəzarətin zəifləməsinə və qanun pozuntularının artmasına səbəb ola bilər. Onlar təklif edirlər ki, yoxlamaların tam dayandırılması əvəzinə, risk əsaslı və seçmə yoxlamalar aparılaraq həm sahibkarların maraqları qorunsun, həm də qanun pozuntularının qarşısı alınsın.
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında qanun 2015-ci ildə imzalanıb. Bu qanunun qəbul edilməsinin əsas səbəbi həmin dövrdə baş verən devalvasiyadan sonra sahibkarlıq sahəsində yaranmış problemlər və bu problemlərin artmasına yoxlamaların gizli təsir göstərməsi idi. Ona görə də ölkə başçısının təşəbbüsü ilə belə bir qanun Milli Məclisdə qəbul edildi və bu, ölkə başçısının sərəncamı ilə təsdiqləndi. O dövrdən sonra hər ilin əvvəlində bu qanun daha bir il müddətinə uzadıldı. Təbii ki, bu proses bir gün dayanacaq, yəni davamlı olaraq belə gedə bilməz. Lakin digər bir məsələni də vurğulamaq istərdim ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının digər bir qanunu da mövcuddur. Bu qanun iki il əvvəl də imzalanmışdı. Bütün hallarda, dövlət olaraq sahibkarlıq subyektlərinin yoxlanılması istiqamətində nəzarətin maksimum səviyyədə olmasına çalışılır. Çünki müxtəlif bürokratik əngəllər və administrativ maneələr müəyyən icra qurumlarının sahibkarlıq fəaliyyətləri üçün zamanında gizli problemlərin yaradıldığını göstərir. Ona görə də məhz yoxlamaların dayandırılması bir növ zərurətə çevrilmişdi. Prosesin öz ahəngində saxlanılması üçün hər il bu yoxlamaların dayandırılması bir il olmaqla uzadılır. O ki qaldı bunun mənfi və müsbət tərəflərinə, təbii olaraq, hər bir işdə, qərarda olduğu kimi, bu qərarın da, yəni yoxlamaların dayandırılması prosesinin də öz müsbət və mənfi tərəfləri var. Bu yoxlamalar dayandırılsa da, məhz sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında qanunun ikinci maddəsində qanunun tətbiq dairəsi təsbit olunub. Təxminən 15 istiqamət üzrə yoxlamaların aparılmasına icazə verilir. Onsuz da yoxlamalar tam dayandırılmamışdı. Vacib istiqamətlərdə yoxlamalar davam etdirilməkdədir”.
Müsbət tərəfinə gəldikdə, iqtisadçı əlavə edib ki, biznes ekosisteminin inkişaf etdirilməsi, sahibkarların problemlərlə üzləşməməsi, bürokratik əngəllərlə rastlaşmaması, qəsdən yaradılan maneələrlə üzləşməməsi və digər önəmli problemlərin aradan qaldırılması üçün bu qanunun uzadılması müsbət bir addımdır: "Amma eyni zamanda da müəyyən mənfi hallar olacaq. Bu yoxlamaların dayandırılmasından sahibkarlıq subyektləri sui-istifadə hallarına bəzən yol verirlər. Bu, həm dövlətin digər qanunvericilik aktlarının pozulması hesabına başa gəlir, eyni zamanda istehlakçıların hüquqlarının pozulması baş verir. Amma bütün hallarda müqayisəli təhlil zamanı yoxlamaların dayandırılması ölkə iqtisadiyyatı və sahibkarlıq ekosistemi üçün daha önəmlidir".
Yada salaq ki, bir neçə il öncə bu məsələ gündəmə gələndə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov etirazını bildrimişdi. O, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının sui-istifadə hallarının artmasına gətirib çıxaracağı ilə bağlı məsələyə münasibət bildirərkən demişdi ki, sahibkarlıq sahəsində planlı yoxlamaların aparılmasının əleyhinədir: “Necə ola bilər ki, əvvəlcədən hansı müəssisənin yoxlanılması bəlli olsun. Komitə bu nəzarət sisteminin bazar vasitəsilə təkmilləşdirilməsini təklif edir. Belə ki, bu sahə ilə məşğul olan dövlət qurumları istehlak bazarında olan məhsulları alıb, qeydiyyata alınmış laboratoriyada yoxlamalı və onun nəticəsinə uyğun olaraq yoxlama aparmalıdır. Bu, ölkəyə idxal olunan məhsullara da şamil edilməlidir. Fikrimcə, müəssisəni narahat etmək yox, bazar vasitəsilə keyfiyyətsiz məhsulları aşkar etmək lazımdır”.
R.Həsənov əlavə edib ki, Azərbaycanda istehsal olunan məhsulların yoxlanılması ilə bağlı bu sahəyə aid bütün orqanlar birgə çalışır: “Dövlət başçısının tapşırığına əsasən, sahibkarlıq obyektlərinin yoxlanılması sahəsində dəyişikliklər aparılmalı, xarici ölkələrin bu sahədə olan təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Həmçinin müvafiq islahatların aparılması ilə bağlı dövlət başçısı köməkçi təyin edib. Təbii ki, islahatlar olacaq. Təkliflər hazırlanır və yaxın zamanda təqdim ediləcək. Ümumiyyətlə, bu qərar tamamilə düzgündür, bu sahə təkmilləşdirilməli, hətta lazım olarsa, bu işlə məşğul olan yeni qurum yaradılmalıdır”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ