İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Avropaya ultimatum: Ya köçürün, ya da ödənişləri artıracam!

“ABŞ prezidenti Donald Tramp Davos İqtisadi Forumunda videoformat şəklindəki çıxışında əvvəl söylədiklərini təkrarlayıb. Birincisi, Tramp zalda onun çıxışını dinləyən avropalı iş adamlarına “ya istehsalınızı Amerikaya köçürməlisiniz, ya da bunu etmədikdə Amerikaya satdığınız məhsulların gömrük haqlarını dəfələrlə artıracam” şəklində xəbərdarlığını çatdırıb. İkincisi, Tramp Avropadakı tərəfdaşlarından hərbi xərclərini 5 faizə qaldırmalarını tələb edib”.

Bu barədə Musavat.com-a politoloq Elxan Şahinoğlu bildirib.

ELXAN SON.jpg (74 KB)

Politoloq qeyd edib ki, bu, yeni tələb deyil. Üstəlik, Avropa dövlətlərinin əksəriyyəti Trampın nə birinci, nə də ikinci şərtini yerinə yetirməyə hazırdır:

“Buna baxmayaraq, Avropa dövlətləri Trampın bir başqa istəyini yerinə yetirməkdə davam edəcəklər. Bu, ABŞ-dan sıxılmış qazın alınmasıyla bağlıdır. Okeanın o tayından sıxılmış qazın alınması baha başa gəlsə də, bu, sanksiya tətbiq edilən Rusiya qazının alışından daha təhlükəsizdir.

Donald Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün səylərini artıracağı fikirini də təkrarlayıb. Bu arada, Ağ Evin yeni sahibi Çindən gözləntiləri olduğunu da sözlərinə əlavə edib. Trampın fikrincə, Pekinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün imkanları var. Görünür, o, bu barədə Çin lideri Si Cinpinlə yanvarın 17-də telefon söhbətində də müzakirə aparıb. Maraqlıdır ki, Si Cinpin Trampla söhbətdən 4 gün sonra Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Böyük ehtimalla Cinpin Trampla danışığın bəzi təfərrüatlarını rusiyalı hmkarının diqqətinə çatdırıb.

Si Cinpin Trampla tərəfdaşlığa ümid edir. Ancaq Cinpin çətin ki, müharibəni dayandırmaq üçün Putinə təsir etsin. Cinpinin Trampa bu məsələdə heç bir köməyi dəyməsə, Ağ Evin yeni sahibi Çin məhsullarına gömrük tariflərini artırmaq qərarını gələcəyə saxlamayacaq.

“Radio Free Asia”nın verdiyi məlumata görə, ABŞ-ın Çin idxalına tariflərin birinci mərhələsinə gələn həftədən başlanılacaq. Trampın Çin mallarına rüsumların potensial olaraq 60 faizi keçə biləcəyinə dair seçkiqabağı vədi mövcuddur. Doğrudur, tariflər yeni prezidentin bazar ertəsi Ağ Evə qayıtdığı ilk gün imzaladığı icra sərəncamları sırasına daxil edilmədi. Tramp sanki gözləmə mövqeyində idi. Ancaq tariflərin fevralın ilk günlərindən tətbiq olunacağına dair xəbərlər var. Tramp bu mövzuya Cinpinlə telefon söhbətində də toxunub.

“Mən ona dedim ki, biz ölkəmizdə belə axmaqlıq istəmirik” - deyən Tramp Çinlə yanaşı, Kanada və Meksikaya qarşı da oxşar qərarlar verəcək”.

Politoloq bildirib ki, Trampı narahat edən mövzulardan biri də Meksikadan ABŞ-a daşınan narkotik maddələrdir:

“Ağ Ev sahibi Çin mənşəli maddələrin Meksikadakı gizli laboratoriyalarda narkotik maddə olan sintetik fentanilə çevrildiyini və bunun kütləvi şəkildə Amerikaya daşındığını bildirib. “The Guardian” nəşrinin rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, 2024-cü ilin birinci yarısında Meksikada 130 kq fentanil ələ keçirilib. Bu narkotik Birləşmiş Ştatlar üçün ciddi problemdir, 70 mindən çox amerikalı bu ölümcül maddənin istifadəçisinə çevrilib”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR