İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah dünya Azərbaycan -Türkiyə qardaşlığının daha bir mesajını alacaq

Prezident Rəcəb Tayyib Ərdoğanın təyyarəsi  ikinci dəfə azad Qarabağa enəcək

Sabah-20 oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın təyyarəsi  ikinci dəfə azad Qarabağa enəcək.

Məlumata görə, Türkiyə Prezidenti Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək. Xatırladaq ki, Prezident Ərdoğanın Zəngilana səfərinin oktyabrın ikinci on günlüyündə gözlənildiyi haqda “Yeni Müsavat” təxminən bir ay əvvəl məlumat vermişdi. Türkiyə səfirinin srağagün verdiyi açıqlama bir ay öncə yaydığımız xəbəri bir daha təsdiqləmiş oldu.

Zəngilan Beynəlxalq Hava Limanının tikintisi artıq bir neçə həftədir yekunlaşıb. Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə 2021-ci ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. 

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Türkiyə və Azərbaycan Prezidentləri ötən ilin oktyabr ayının 21-də Zəngilanda olmuşdular. Prezidentlər Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar. “Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik. Bölgənin tranzit, logistik mərkəz kimi mövqeyi möhkəmlənəcək", - Türkiyə Prezidenti o zamankı çıxışında deyib. Türkiyə Prezidentinin gözlənilən səfəri də iki ölkənin qardaşlığından başqa, bölgə ölkələrinə də mesaj olacaq.

Siyasi analitiklər hesab edir ki, bölgədə əsas söz sahibi artıq Türkiyə və Azərbaycandır, ikinci Qarabağ müharibəsində qalibiyyət regionda Türkiyə Azərbaycan müttəfiqliyinin ən yüksək zirvəsidir. Bu müttəfiqlik məhz Şuşa Bəyannaməsi ilə rəsmiləşdi. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan təkcə iki türk dövlətinin qardaşlığını inkişaf etdirmir, həm də türk dünyasının birləşməsinə aparır.

Türkiyə Prezidentinin təyyarəsinin bu dəfə Zəngilan  Beynəlxalq Hava Limanına birbaşa enməsi təbii ki, həm də region ölkələrinə ciddi mesaj olmaqla yanaşı, dünyaya mesaj olacaq. Bu addımlarla, hər şeydən əvvəl, bütün dünyaya o mesaj verilir ki, Türkiyə və Azərbaycanı təkcə din, dil, kök eyniliyi birləşdirmir, həm də hər iki dövlətin regionumuzun gələcəyi ilə bağlı baxışları, strategiyaları da eynidir, ortaqdır. Regionda yeni bir geosiyasi-geoiqtisadi və geostrateji nizam formalaşır və bunu Ankara-Bakı həyata keçirir. Biz regionda yeni bir platformanın yaradılmasının da şahidi olacağıq. Yeni regional bir avtomobil yolunun təməlinin atılması İstanbulla Mərkəzi Asiyanı birləşdirir və bu, Türkiyənin artıq beynəlxalq gücə çevrilməsini şərtləndirir.

Rusiya ən qəddar generalını Kiyevə göndərdi, FTX körpünü partladan ermənini  tutdu – Qabil Hüseynli ilə “Canlı debat”

 Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, Türkiyə Prezidenti hər dəfə işğaldan azad edilmiş rayonlarımıza səfər edəndə Azərbaycanı meydanda tək qoymayacağını birmənalı nümayiş etdirir: “Cənab Ərdoğan 44 günlük Qarabağ savaşının gedişində Azərbaycanı hədəf seçən güclərin önünə sipər olub onları neytrallaşdırdığı kimi, ondan sonrakı müddətdə də bölgədə qalıcı sülhün əldə edilməsində köməyini əsirgəmir. 2020-ci ilin dekabrında Bakıdakı Zəfər Paradına qatılması və o paradda da qardaş ölkə hərbçilərinin iştirakı, bütün dünyaya o mesajı vermişdi ki, Türkiyə hər addımda Azərbaycanla birlikdədir, kimsə revanş həvəsinə düşməsin. Ardınca da 15 iyunda Şuşaya gəlməklə və Azərbaycanla bütün sahələr üzrə müttəfiqliyin bəyanı olan Şuşa Bəyannaməsini imzalamaqla revanşistlərin mövqeyinə növbəti ağır zərbəni vurmuş oldu.

Növbəti səfərin Zəngilan Beynəlxalq Hava Limanının açılışında gerçəkləşdirilməsi bu, möhtəşəm ənənənin davamı olacaq. İki qardaş dövlətin nümayiş etdirdiyi birlik, həmrəylik və prinsipiallıq milli iradəmizin təzahürü olan ittifaqımız üçün geniş perspektivlər açır. Bu səfərin İranın Azərbaycanla sərhəddə böyük miqyaslı hərbi təlimlər keçirdiyi bir vaxtda reallaşdırılmasının da xüsusi mənasının olduğunu qeyd etmək lazımdır. Azərbaycan-Türkiyə əməkdaşlığı, qardaşlığı artıq regional, və qlobal faktora çevrilib və hər iki ölkənin beynəlxalq miqyasda mövqelərinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaradıb”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR