İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rus ayısı” ilə ehtiyatlı olmaq gerçəkliyi – onunla intriqaya girənlər şırım (“şram”) alır

Xankəndidə bayrağımız ucaldılandan, Qarabağ münaqişəsi başa çatandan sonra ictimai-siyasi fəallarımız indi də Azərbaycanın bu başıbəlalı bölgəsində yerləşən Rusiya hərbi kontingentinin mövcudluğu məsələsinə fokuslanıb.

Burası gerçəklikdir, artıq o hərbi birləşmənin Qarabağda görəcəyi bir iş qalmayıb. Bunu özləri də bilir və ard-arda qurmuş olduqları postları qapadıb çıxır, dislokasiya yerinə, Xocalı aeroportuna qayıdırlar. Bu gün-sabah Kremldə də bu qənaətə gələcəklər ki, Qarabağdakı hərbçilər heç bir iş görmürlərsə, heç nəyə qarışmırlarsa, eləcə yeyib-yatırlarsa, eyni zamanda Rusiya Ukraynada ağır müharibə aparırsa, 2 min hərbçinin sanatoriya rejimində yaşaması havayı xərcdir.

rusher.jpg (112 KB)

Söz yox, bu məsələdə Rusiyanın neoimperiya ambisiyası var, o Qafqazdan əlini-qolunu sallayıb çəkilmək istəmir, amma nə etmək olar ki, ermənilər Qarabağdan kütləvi şəkildə köçərək Rusiyaya pislik etdilər, onun Qarabağdakı hərbi hissəsini gərəksiz duruma saldılar, əlindəki kozır kartını yandırdılar.

Ona görə də azərbaycanlı ictimai-siyasi fəallar hazırda bu hərbi kontingentin Qarabağda işi qalmadığını bildirir və onun oradan çıxarılmasını tələb edirlər.

Təsbit doğrudur, Rusiya hərbçilərinin Qarabağda qalmasının anlamı yoxdur, ancaq onların oradan çıxarılmasını tələb etmək, buna ultimatumla, təzyiqlə nail olmaq istəmək yanlışdır.

ayiii.jpg (211 KB)

Rusiya pəncəli, caynaqlı, dişli, eyni zamanda heyvərə və qaba ölkədir. “Rus ayısı” istilahı durduq yerdə yaranmayıb. Bu ölkə ilə intriqaya girən, onunla düşmənçiliyə başlayan hər hansı ölkə heç vaxt xeyir tapmır, həmişə ziyan çəkir, ərazisi şırım-şırım olur, üzündən caynaq “şram”ı alır.

Tarixdən ibrət dərsi götürmək lazımdır. Çox uzaq tarixə də baş vurmayaq, son 33 ili götürək və baxaq, görək, Rusiya ilə hansı dövlətlər düz dolanmadı və başlarına hansı işlər gəldi.

Biz uzun illər fəxrlə qeyd edirdik ki, rus qoşunlarını Azərbaycandan çıxardıq. Düzdür, 1993-cü ilin may ayının 25-də elə bir şey oldu. Rus qoşunları Azərbaycanı tərk etdilər, amma onun yerinə Azərbaycanın ərazisinin 20 faizinə erməni qoşunları gəldi və ölkənin 7 rayonunu xarabazarlığa çevirdilər.

Üstəlik, həmin rus qoşununun qoyub getdiyi silahlar cəmi 10 gündən sonra, iyunun 4-də Azərbaycan dövlətinə tuşlandı və 1 il əvvəl seçki yoluyla formalaşmış hakimiyyət devrildi, yeni hakimiyyət komandasının əsasını isə vaxtilə SSRİ-nin saxlanmsına dair referendumda “bəli” variantına səs verənlər təşkil etdi.

surqiy.jpg (39 KB)

Hələ buraya ölkənin cənubunda Rusiyanın fitvası ilə baş qaldıran separatçı hərəkatı, ölkənin şimalında, Quba xanlığının tarixi ərazisində etnik zəmində hazırlanan yeni bir təxribatı da nəzərə alsaq, Rusiya ilə intriqanın nə qədər təhlükəli olduğunu anlaya bilərik. Əgər Elçibəy iqtidarı əlində rus silahını çəmləşdirən qiyamçı Surət Hüseynovun öhdəsindən gəlsəydi, o zaman Ələkrəm Hümbətovun və şimaldakı “Sadval”çıların müqaviməti ilə üzləşəcəkdi (onlar artıq Qubada bir neçə toplantı təşkil etmişdilər və ayağa qalxmaq üçün əmrə müntəzir idilər). Ermənilər də bu biri tərəfdən güclənməkdə və irəliləməkdəydi.

Bütün bunlardan sonra rus qoşununu ölkədən çıxarmaqla fəxr etməyə dəyərmi? Bir şey ki, bu, bizə fayda yox, misilsiz ziyanlar gətirdi.

tuflisrus.jpg (143 KB)

2004-cü ildə Rusiyanın adamını zorla devirən, demokratik seçki keçirən, nizam quran, Qərbə meyllənən, Rusiyaya diş qıcayan Gürcüstanın başına gələnləri gördük. Rusiya ordusu Tiflisin 50 kilometrliyinə qədər gəldi. Kreml onsuz da müstəqilliyini elan etmiş Cənubi Osetiyanı və Abxaziyanı 2008-ci ildə Gürcüstandan elə qopardı ki, hazırda rəsmi Tiflis revanş barədə də düşünə bilmir.

yanukdev.jpg (29 KB)

Ukrayna 2005-ci ildə Rusiya ilə “heçi-köçü ayrı qardaşlar” büsatına girmək istədi, Moskvapərəst Kuçmanı Qərbmeylli Yuşenko əvəz etdi. Rusiya hikkəsini boğaraq 5 il səbr etdi, axırda öz adamını Yanukoviçi Ukraynada hakimiyyətə gətirdi. Ancaq ölkənin səadətini Qərblə inteqrasiyada görən ukraynalılar Yanukoviçi də devirdilər. Bax, onda Rusiyanın başı tamam çöndü, Krımı ilhaq, Donbası işğal etdi, bəs olmadı, 2 ildir Ukraynanın tamamını işğal etmək istəyir, yüz minlərlə gənc insanın ölümünə bais olub, geri çəkilmək fikri də yoxdur.

moldovdnes.jpg (270 KB)

Moldova Rusiya ilə intriqanın ziyanını Dnestryanı bölgəni itirməklə çəkib. 30 ildən artıqdır bu bölgə Rusiyanın vilayətlərindən biri kimi yaşayır. Hazırda qatı anti-Rusiya ovqatında olan Moldova hakimiyyəti bu siyasətini davam etdirsə, xristian türklərin yaşadığı Qaqauziya da Rusiyaya güvənərək Moldova dövlətinə problem yaradacaq. Bunun işartıları artıq var.

Rusiyanın ən sadiq müttəfiqi Ermənistanın başına gələnləri də artıq hamımız görürük, bilirik. Bu barədə çox yazmışıq, təkrar etməyək.

Yalnız onu deyək ki, Ermənistan bizim 1992-ci ildə getdiyimiz yolu getdi və Rusiyadan sarsıdıcı zərbələr aldı. Kreml bu kiçik dövləti başa salmaq üçün ona hücum etmədi, sadəcə, onunla Azərbaycanı səkkizbucaqda təkbətək buraxdı və Ermənistan tərəfimizdən fəci halda döyüldü.

bosqalan kaska.jpg (15 KB)

Bir sözlə, bu dövlətlə ehtiyatlı olmaq lazımdır. Son 30 ildə Fransada hakimiyyətə gələn prezidentlərin beşi də ermənpərəst olduğu kimi, Rusiyada da hakimiyyətə gələn və gəlmək istəyən qüvvələrin hamısı ruspəsətdir. Onlar üçün öz dövlətlərinin mənafeyi hər şeydən üstündür. Kreml onunla yaxşı münasibətlər qurmaq istəyən ölkənin milli, dini, irqi mənsubiyyətinə baxmaz, eyni zamanda düşmənçilik aparan ölkənin “qardaş xalq”, “eyni dinə etiqad edən” olduğuna önəm verməz.

Ayrıca, bu ölkədə hakimiyyətdə olan şəxsin təbiətcə humanist olub-olmaması heç bir önəm daşımır. Dövlət maraqları tələb edərsə, humanist rus lider ən qəddar qərarlar verə bilər. 1990-cı ildə Bakıda törədilən “20 Yanvar qırğını” məhz humanist Qorbaçovun əmri ilə baş vermişdi. Hələ 1986-cı ildə Almatıda, 1989-da Tiflisdə, 1991-də Vilnüsdə törədilən qətliamları da xatırlaya bilərik. Bu qədər qırğınların müəllifinin Nobel sülh mükafatı alması da faktdır və Qərbin “humanizm”inin göstəricisidir.

Bu baxımdan tələsmək, Rusiya ilə pis-yaxşı qurduğumuz normal münasibətləri korlamaq, onunla mənasız intriqaya girmək olmaz. Bir qədər səbr edərək, hədəfimizə çatacağıq.

“Rus ayısı” ilə dil tapanda onun yaxşı velosiped sürməyi də olur.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR