Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.
Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) ictimai bəyanatına dair Avropa İttifaqının 11 sentyabr tarixli çıxışı ilə bağlı medianın sualına cavabında deyib.
"Avropa İttifaqının yenidən bu ictimai bəyanata istinadən qərəzli açıqlamalar verməsi qəbuledilməzdir və bu qarayaxma kampaniyasınını qətiyyətlə rədd edirik.
Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, qarşı tərəfi Aİ üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik.
Aİ tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobia və müsəlmanlara qarşı hücum faktları hələ də araşdırılmayıb və Aİ tərəfi bu problemlərə adekvat münasibət bildirməyib.
Həmçinin təəssüf hissi ilə qeyd edirik ki, Aİ-nin himayədarlıq etdiyi Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulmasına, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə Aİ-nin biganə qalması da ikili standartların bariz nümunəsidir.
Qeyd edilənlər fonunda, Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Xüsusilə də, COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyası ölkəmizə qarşı qərəzin açıq-aşkar nümunəsidir.
Azərbaycanda insanların bütün hüquqları qorunur, azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə etməkdədir və Avropa İttifaqının bu barədə iddiaları tamamilə əsassızdır", - A.Hacızadə bildirib.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Avropa Şurası Nazirlər Komitəsinin 11 sentyabr tarixli iclası zamanı İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitənin (İQAK) 3 iyul tarixli ictimai bəyanatına istinad edərək Azərbaycanla bağlı tənqidi çıxış edib.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ