İnsanlara hürriyət, millətlərə istiqlal!

Region ölkələri üçün YENİ FÜRSƏT: Azərbaycanın təşəbbüsü ilə…

Qars-İğdır-Naxçıvan Dəmir Yolu Layihəsi çərçivəsində işlər uğurla davam etdirilir. Türkiyə mediasının yaydığı xəbərə görə, bu dəmir yolu layihəsi “Kolin” və “Cengiz İnşaat”ın öhdəliyi ilə mühüm mərhələyə çatıb. Şirkətlər xarici maliyyə problemlərini həll etdikdən sonra İğdırın Suveren bölgəsində böyük bir tikinti sahəsi quraraq tikinti işlərinə başlayıblar. Tikinti sahəsinin quraşdırılması tamamlandıqdan sonra səlahiyyətlilər qazıntı işləri üçün tələb olunan yük və iş maşınlarının, həmçinin işçilərin tədarükünü sürətləndirib.

Məlumata görə, əsas tikinti sahəsi İğdırda olacaq və marşrut boyu müvəqqəti tikinti sahələri yaradılacaq. Layihənin tamamlanmasının təxminən 5 il çəkəcəyi qeyd olunur. Layihə çərçivəsində Mütəşəkkil Sənaye Bölgəsi, İğdır Mərkəzi, Qaraqoyunlu (Alican Qapısı dolayısıyla) və Aralıq bölgələrində stansiyalar planlaşdırılıb. Qaraqoyunlu Stansiyası layihəyə daxil deyil. Tikinti prosesində bu vəziyyətin aradan qaldırılması və Qaraqoyunlunun layihəyə daxil edilməsi bölgədəki nəqliyyat şəbəkəsi üçün böyük əhəmiyyət kəsb edir. Səlahiyyətlilər bu mövzuda lazımi addımları ataraq daha səmərəli nəqliyyat təmin etmək üçün işlərini davam etdirirlər.

Qars-İğdır-Naxçıvan dəmiryolunun əhəmiyyəti barədə fikirlərini Medianews.az-a bölüşən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu layihəyə Zəngəzur dəhlizinin davamı kimi baxmaq olar.

Onun sözlərinə görə, bu layihə Azərbaycanla Türkiyəni əlaqələndirən yolun bir seqmenti, həmçinin daha geniş perspektivdə Mərkəzi Asiya ölkələrinin Mersin limanına (Aralıq dəniz sahili) ən qısa çıxış imkanıdır: “Qars-İğdır-Naxçıvan Dəmir Yolu Layihəsi Çindən gələn yüklər üçün şaxələndirmə nöqteyi-nəzərindən çox ciddi bir yoldur. Çünki imkanlar yarandıqca risklər də yaranır. Bu riskləri minimuma endirmək üçün mütləq sürətdə şaxələndirmə olmalıdır ki, gələcəkdə istənilən ssenariyə biz hazırlıqlı olaq. Azərbaycan Qarabağ zəfərindən sonra aktiv olaraq bu işləri icra edir. Demək olar ki, Horadiz-Ağbənd dəmir yolu tamamlanma mərhələsindədir. Gələn il tam olaraq istifadəyə veriləcək. Ağbəndə tünel tikintisi icra olunur. Onun tamamlanması gələn il nəzərdə tutulub. Həmçinin Naxçıvan ərazisində olan dəmir yollarımızın texniki iqtisadi əsaslandırılması hazırlanıb və orda da əsaslı təmir işlərinə başlanılır”.

Ekspert vurğulayıb ki, Qars-İğdır-Dilucu dəmir yolu Türkiyə üçün də önəmlidir: “Türkiyənin sovetlər dövründə bir dəmir yolu var idi. Bu dəmir yolu Ermənistana qədər uzanırdı. Amma müstəqillik illərində bölgədə baş verən münaqişədən dolayı fərqli layihələr icra olundu. Onlardan biri də məhz Azərbaycanın təşəbbüsü ilə tikilmiş Bakı-Tbilisi-Qars dəmir yoludur. Hal-hazırda səslənən Qars-İğdır-Dilucu dəmir yolunun keçdiyi ərazilərə xəritədə baxsaq görərik ki, Cənubi Qafqazda dairəvi hərəkət məhz bu layihə vasitəsilə Qars istiqamətində təmin edilir. Bu da bölgə üçün yeni fürsətlər deməkdir. Türkiyə üçün isə Cənubi Qafqaza yeni bir çıxış imkanıdır. Düşünürəm ki, bu çıxış imkanı regionun, həmçinin bu dəhliz boyu olan ölkələrin inkişafına təsir edəcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR