İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ramşteyn"də "namus sammiti"! Kollektiv Qərb Ukrayna üçün toplanır: Zelenski həyəcanlı açıqlama verdi - VİDEO

Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 9-da Almaniyada keçiriləcək “Ramşteyn” formatlı Ukrayna Müdafiə Təmas Qrupunun növbəti iclasında iştirak edəcəyini təsdiqləyib.

Zelenski həyəcanlı axşam müraciətində bu görüşün Ukrayna üçün strateji əhəmiyyətini vurğulayıb və əsas prioritetin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi olduğunu bildirib:

“Sabah tərəfdaşlarımızla müdafiə nazirləri və hərbi komandanlıq səviyyəsində vacib danışıqlar aparacağıq. Müdafiə nazirimiz Rüstəm Ümərov artıq Almaniyadadır və ilkin görüşlərə başlayıb. Əsas məqsədimiz — hava hücumundan müdafiəni gücləndirmək və ən azı rus hərbi aviasiyasını şəhərlərimizdən və sərhədlərimizdən uzaqlaşdırmaqdır. Əgər tərəfdaşlarımızla əldə etdiyimiz razılaşmalar həyata keçirilsə, bu reallığa çevriləcək.”

“Ramşteyn” formatı nədir?

“Ramşteyn” formatı 2022-ci ilin aprelində Ukraynaya dəstək məqsədilə ABŞ-ın təşəbbüsü ilə yaradılmış beynəlxalq platformadır. İlk görüş Almaniyanın Ramşteyn Hərbi Hava Bazasındakı ABŞ-ın Avropa Qüvvələrinin qərargahında keçirildiyinə görə bu adla tanınır. Formatın əsas məqsədi Ukraynaya hərbi və müdafiə sahəsində koordinasiyalı dəstək göstərməkdir. Görüşlərdə NATO ölkələri ilə yanaşı digər tərəfdaş ölkələrin müdafiə nazirləri, hərbi rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Bu format çərçivəsində iştirakçı ölkələr Ukraynanın hərbi ehtiyaclarını müəyyənləşdirir, kömək proqramları hazırlayır və koordinasiya olunmuş dəstəyi təmin edir. 

Yeni hərbi yardım paketi elan ediləcək

ABŞ prezidenti Co Bayden administrasiyası “Ramşteyn” görüşü çərçivəsində Ukraynaya yeni hərbi yardım paketini elan etməyi planlaşdırır. Associated Press-in məlumatına görə, yardımın dəqiq məbləği açıqlanmasa da, onun “əhəmiyyətli” olacağı bildirilir.

Bu yardım paketi Ukraynanın müdafiə qabiliyyətlərinin gücləndirilməsi üçün nəzərdə tutulub və 2027-ci ilədək Hərbi Hava Qüvvələri, zirehli texnika, artilleriya, pilotsuz uçuş aparatları, minaların təmizlənməsi, inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemləri, informasiya texnologiyaları və dəniz təhlükəsizliyi sahələrini əhatə edəcək.

Pentaqon: “Ukraynanın müdafiəsi üçün yol xəritələri hazırlanacaq”

ABŞ Müdafiə Nazirliyi bildirib ki, “Ramşteyn” formatında 2027-ci ilə qədər Ukraynanın hərbi ehtiyaclarını və prioritetlərini əks etdirən yol xəritələri ediləcək. Bu xəritələr donor ölkələrə Ukraynaya davamlı dəstək göstərmək üçün uzunmüddətli strategiyalar qurmağa imkan yaradacaq.

Pentaqon rəsmilərinin sözlərinə görə, yol xəritələri səkkiz əsas istiqaməti əhatə edəcək: Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi, zirehli texnikaların təminatı, artilleriya gücünün artırılması, minaların təmizlənməsi, pilotsuz uçuş aparatlarının inkişafı, inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemləri, informasiya texnologiyaları və dəniz təhlükəsizliyi.

Zelenskinin iştirakı təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edir

Musavat.com bildirir ki, görüşdə Ukrayna prezidenti Volodimir Zelenski ilə yanaşı, Ukrayna müdafiə naziri Rüstəm Ümərov da iştirak edəcək. Zelenskinin “Ramşteyn” görüşünə qatılması ilə bağlı təhlükəsizlik tədbirləri maksimum səviyyədə gücləndirilib. Prezident çıxışında həmçinin vurğulayıb ki, 2025-ci il üçün müdafiə koalisiyalarının effektiv fəaliyyəti də gündəmin əsas mövzularından biri olacaq.

Ukrayna lideri qeyd edib ki, bu görüş təkcə Ukraynanın müdafiə potensialını artırmaq məqsədi daşımır, həm də tərəfdaş ölkələr arasında mövcud razılaşmaların reallaşdırılmasını sürətləndirmək üçün mühüm addımdır:

“Əgər tərəfdaşlarımızın bizimlə müzakirə etdiyi məsələlər tez bir zamanda həyata keçsə, Ukrayna səmadan gələn təhdidlərə qarşı daha güclü və dayanıqlı olacaq.”

Tərəfdaş ölkələrdən dəstək gözləntisi

“Ramşteyn” formatının bu görüşündə ABŞ, Böyük Britaniya, Almaniya və digər NATO ölkələrinin Ukraynaya yeni müdafiə sistemləri, xüsusilə də hava hücumundan müdafiə vasitələri üzrə dəstək təqdim edəcəyi gözlənilir. Rüstəm Ümərovun artıq tərəfdaşlarla ilkin müzakirələrə başladığı və hərbi yardımın koordinasiya edilməsi üçün əhəmiyyətli addımlar atıldığı qeyd olunub.

Ukrayna və tərəfdaşları üçün mühüm məqam

“Ramşteyn” formatı Ukraynanın müharibə dövründə həm müdafiə, həm də təhlükəsizlik sahəsində beynəlxalq dəstək almaq üçün mühüm platformaya çevrilib. Yanvarın 9-da keçiriləcək bu görüş, Ukraynanın gələcək müdafiə strategiyalarını müəyyənləşdirmək və tərəfdaş ölkələrlə uzunmüddətli əməkdaşlığı möhkəmləndirmək baxımından tarixi əhəmiyyət daşıyır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR