İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızından imtina edən “şeytan” – Le Pen Holokostu inkar edib, əlcəzairlilərə işgəncə verib

“Müasir dövrdə Fransanın ən mübahisəli siyasi xadimi dünyasını dəyişib. O, 30 ildir öz baxışlarını, təxribatlarını sırıyan, bütün siyasi spektr üçün qırmızı əski rolunu oynayan respublika şeytanıdır”. Bu ifadələr “Le Figaro” qəzetində 96 yaşında dünyasını dəyişən siyasətçi Jan-Mari Le Pen haqqında yazılıb.
Müqavimət hərəkatına buraxılmayıb, əlcəzairlilərə işgəncə verib

Le Pen Fransanın Atlantik okeanı sahilində, Brittani əyalətində kiçik kənddə balıqçı və dərzi ailəsində anadan olub. 1942-ci ildə atası balıq ovu zamanı minaya düşüb və o, “milli yetim”ə (pupille de la national) çevrilib. Yəni dövlət vəsaiti hesabına böyüyüb.

jann (3).jpeg (67 KB)

Nasistlərin işğalı zamanı müqavimət hərəkatına qoşulmağa çalışıb, lakin rədd cavabı alıb. Universiteti bitirdikdən sonra Le Pen Fransanın müstəmləkə münaqişələrində iştirak edib. Öncə o, xarici legionda hərbi xidmətə gedib və 1954-cü ildə Hind-Çinə göndərilib. Sülh müqaviləsi bağlandıqdan sonra Süveyş kanalında legionda xidmətini davam etdirib. O, siyasi karyerasına 1956-cı ildə parlamentin ən gənc üzvü olmaqla pujadistlərin sıralarında başlayıb.

Deputat olarkən hərbi əməliyyatlarda iştirak etmək üçün məzuniyyət götürüb. Xarici legionun 1-ci paraşüt alayının tərkibində 1956-cı ildə Süveyş əməliyyatında və 1957-ci ildə Əlcəzairdə gedən döyüşlərdə iştirak edib. Siyasi rəqibləri onu Əlcəzair üsyançılarına işgəncə verməkdə ittiham ediblər, lakin Le Pen bəyanatları təkzib edib.

 

jann (2).jpeg (171 KB)

1962-ci il parlament seçkilərində məğlub olduqdan sonra Le Pen bizneslə məşğul olub. Üç il sonra prezident seçkilərində Jan-Lui Tiksier-Vinyankurun seçki qərargahına rəhbərlik edib, lakin “Azadlıq və tərəqqi uğrunda respublikaçılar alyansı”nın yaradılmasından sonra onunla yollarını ayırıb. 1972-ci ildən 2011-ci ilin yanvarına qədər sağçı “Milli birlik” partiyasının lideri olan siyasətçi 1974, 1988, 1995-ci il prezident seçkilərində iştirak edib.

Holokostu inkar edən yəhudi düşməni

Le Pen “Milli birlik” partyasının siyasətini guya antisemitizmin ifrat təzahürlərindən uzaq tutmağa çalışıb, lakin ümumilikdə onun fikirləri antisemitizm olub və bu, onun bəyanatlarında dəfələrlə özünü büruzə verib. Məsələn o, 1987-ci ildə qaz kameralarının II dünya müharibəsi tarixində sadəcə bir epizod olduğunu bildirib. Bu bəyanat Holokostun inkarını qadağan edən “Gayssot Act” qanununa zidd olduğundan, Le Pen 183,200 avro cərimələnib. Analoji bəyanata görə o, 1996-cı ilin dekabrında Almaniyada, 2016-cı il aprelin 6-da Paris məhkəməsi tərəfindən cərimələnib.

jann (4).jpg (35 KB)

Jan-Marinin qızı Marin Le Pen “Milli birlik” partiyasının hazırkı lideridir. Jan-Marinin nəvəsi Marion Mareşal Le Pen 2010-cu ilin martında Paris ətraflarından birində bələdiyyə seçkilərində iştirak etmək istəyib. İki il sonra 22 yaşlı Marion “Milli birlik” partiyasından Fransa parlamentinin üzvü olub.
2014-cü ilin iyununda Jan-Mari Le Pen “Milli birlik” partiyasının saytındakı video bloqunda partiyasının əleyhdarlarını kəskin şəkildə xarakterizə edərək, yəhudi əsilli müğənni və kino aktyoru Patrik Bruel haqqında birmənalı olmayan ifadələr işlədib: “On fera une fournée la prochaine fois” (“Növbəti dəfə biz onlardan tam bir partiya hazırlayacağıq”). Fransız dilində “fournée” həm də “bişmiş məmulatları olan soba” deməkdir, bir çoxları bunu nasist konsentrasiya düşərgələrindəki sobalara istinad kimi görüb. Partiya yoldaşları Le Penin qızı ilə birlikdə onun bəyanatını tənqid edib və polislə bağlı problem yaşanmaması üçün bloq saytdan silinib.

Partiyaya görə qızından imtina edib

jann (1).jpg (59 KB)

2015-ci il mayın 4-də “Milli birlik” partiyası Le Penin partiya üzvlüyünü dayandırıb. Buna cavab olaraq Jan-Mari Le Pen partiyaya rəhbərlik edən qızından imtina etdiyini açıqlayıb. Daha sonra siyasətçi Fransa dövlət bayrağının rəngləri ilə adlandırılan “Mavi-Ağ-Qırmızı Assosiasiyası” adlı yeni siyasi təsisat yaradıb.

Partiyanın “Milli birlik”lə eyni məqsədləri güdəcəyi bildirilib. 2018-ci il fevralın 9-da Fransanın Versal şəhərinin məhkəməsi Le Penin “Milli birlik”dən xaric edilməsini təsdiqləsə də, partiyanın fəxri sədri statusunu saxlayıb.

Le Pen 40 ilə yaxın “Milli birlik” partiyasına rəhbərlik edib və bu müddət ərzində radikal fikirli siyasətçi kimi şöhrət qazanıb. O, nifrəti qızışdırmaq və Fransada nasistlərin törətdiyi bəşəriyyətə qarşı cinayətlərin tərəfdarı olduğu üçün 15 dəfədən çox mühakimə olunub.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR