İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin fərmanı Rusiyadakı azərbaycanlılara hansı problemləri yarada bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən günlərdə Rusiya Prezidenti Vladimir Putin ölkədə qeyri-qanuni yaşayan miqrantların Rusiyanı tərk etmələri və ya qalmalarını leqallaşdırmaq barədə fərman imzaladı. Belə ki, Rusiya ərazisində qalmaq üçün qanuni əsası olmayan əcnəbi vətəndaşlara xüsusi rejim tətbiq olunacaq. Həmin əcnəbilərin ölkədəki varlığı leqallaşdırılana və ya deportasiya edilənə qədər onların nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcəyi bildirilir. 

Həmçinin yanvarın 1-dən etibarən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olur. Digər tərəfdən, Rusiyada qeyri-qanuni əsaslarla yaşayan on minlərlə azərbaycanlının da olduğu deyilir. Əksəriyyətə məlumdur ki, Rusiyaya işləməyə gedən kifayət qədər vətəndaşlarımız var.                                  

Bu baxımdan, maraqlıdır, yeni qaydalar Azərbaycan vətəndaşlarına hansı formada təsir edə bilər? 

Bununla bağlı Sfera.az-a açıqlama verən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov deyib ki, hər bir ölkə, miqrasiya sahəsində effektiv idarəetmə üsulları tətbiq etmək üçün çalışır:

“On minlərlə azərbaycanlının qeyri-qanuni əsaslarla yaşaması məsələsini isə kimin dilə gətirdiyi məlum deyil. Yəni faktiki olaraq, qanunsuz əsaslarla ölkə ərazisində yaşayan miqrantlar barədə danışırıqsa, Rusiya Daxili İşlər Nazirliyinin vaxtaşırı yaydığı müəyyən statistik rəqəmlər olur. Eyni zamanda qanunsuz yaşayan miqrantlarla bağlı məsələ də orada yer alır. Azərbaycandan olan miqrantlar isə heç ilk beşliyə daxil deyil. Yəni vətəndaşlarımız əsasən qanuna riayət edən miqrant kateqoriyasına aid edilirlər. Təbii ki, onlar arasında qanunsuz yaşayan insanlar da var və onlar daha çox Moskvada şəhərindədirlər –vətəndaşlarımızın kompakt yaşadığı yerdə…Amma bu il artıq baş verməkdə olan dəyişikliklər bu və ya digər formada həmin insanlara təsir edəcək. Çünki həmin şəxslərlə bağlı atılacaq addımlar, onların reyestrə daxil olması, dövlət qurumlarının onlarla bağlı olan prosesi nəzarətə götürməsi, ölkə ərazisindən çıxarılması müzakirə obyektidir. Təbii, bütün məsələlər bir qayda olaraq şəxsin hüquqi statusu ilə bağlıdır. Şəxs bu gün qanunsuz miqrant kimi yaşayırsa, onun ölkə ərazisində qalmasının hüquqi əsaslarına dair müəyyən dəqiqləşdirmələr aparılır, əsaslar müəyyən olunduğu təqdirdə isə, şəxsin ölkə ərazisində qalması, hüquqi cəhətdən bunun təmin olunması tamamilə fərqli kateqoriyaya aid edilən – artıq miqrant və ya başqa statusda baş verə bilən bir prosesdir. Yox əgər əsaslar yoxdursa, həmin şəxsin ölkə ərazisindən çıxarılmasına dair qərar qəbul olunur”.

Millət vəkili qeyd etdi ki, qalma müddətinin azaldılması qərarı, bütövlükdə Rusiya ərazisində uzunmüddətli qalmaq istəyən insanlar üçün müəyyən çətinliklər yaradan haldır:

“Çünki il ərzində onlar iki dəfə 90 gün müddətində qala bilərdilər, amma indi il ərzində yalnız bir dəfə bu şərtlərlə qala bilərlər. Şəxs 90 gün ərzində ölkə ərazisinə giriş edib yaşayırsa, o, digər əsaslar üzərində çalışmalıdır ki, sonrakı müddətdə qanuni şəkildə ölkə ərazisində qala bilsin. Bu da daşınmaz əmlakın əldə olunması, hansısa uzunmüddətli icarə müqaviləsinin bağlanması, əmək fəaliyyəti ilə əlaqəli ola bilər. Yəni konkret əsaslar olmalıdır ki, buna uyğun olaraq şəxs müddətin artırılması istiqamətində müraciət edə bilsin. Bu baxımdan müəyyən çətinliklər yaranır. Əvvəllər bir qədər arxayınlıq var idi, indi artıq vəziyyət belə deyil. Şəxs artıq bilir ki, ona verilən ixtiyar yalnız 90 gündür və bu müddət ərzində öz əsasları üzərində çalışmalıdır. Bu isə il ərzində 180 gün Rusiya ərazisində heç bir əsasları olmadan qalan vətəndaşların sayında müəyyən azalmalara səbəb olacaq. Bu azalmalar ona görə baş verəcək ki, 90 gündən artıq qala bilməyən və heç bir əsası olmayan şəxslər ölkə ərazisini tərk etməli olacaqlar. Lakin 90 gündən artıq qalmaq üçün əsaslar yarandıqda, onlar müvafiq qaydada icazə əldə edirlər və tamamilə başqa bir kateqoriyaya daxil olurlar, yəni müvəqqəti yaşamaq status qazanırlar”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR