Onlayn ictimai-siyasi qəzet
“Ölkədə baş verən proseslərdə gənclərimizin aktiv iştirakına hər zaman şahidlik etmişik”
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib ki, namizədlər 23 siyasi partiyanı təmsil edirlər: “Onlardan 8 min 429 nəfəri siyasi partiyanın nümayəndələridir. Bələdiyyə seçkiləri üçün 25 min 685 yerli müşahidəçi akkreditasiyadan keçib. Yanvarın 6-da bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayıb.
Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a şərhində bildirdi ki, partiya nümayəndələri bələdiyyə seçkilərində fəal iştirak etməyi planlaşdırırlar. Partiya sədri budəfəki seçkilərdə gənclərin o qədər də fəal olmadığına diqqət çəkdi:
“Çalışmışıq ki, budəfəki seçki prosesində daha çox gənclərimizin iştirakına şərait yaradaq, gənclər prosesdə aktiv iştirak etsinlər. Amma sözün açığı, gənclərin bələdiyyə seçkilərində iştirakı, aktivliyi bir o qədər də yüksək deyil, bunu etiraf etmək lazımdır. Baxmayaraq ki, əvvəlki dönəmlərdə gənclərimiz daha fəal olublar, bütün proseslərdə daha yaxından iştiraka həvəs göstəriblər. Amma hazırkı dönəmdə, xüsusilə də bələdiyyələrin statusunun lazımi səviyyədə olmaması, o cümlədən bələdiyyələrin yerli özünüidarəetmə prosesində lazımi səviyyədə iştirak etməməsi ilə bağlı arqumentlər gətirilir. Bu səbəbdən də gənclərin bu seçki prosesində iştirak etməsində müəyyən əngəllər var. Hesab edirəm ki, gənclərimiz əvvəlki dönəmlərdə, bütün seçki proseslərində daha fəal olublar. Ümumilikdə, ölkədə baş verən proseslərdə gənclərimizin aktiv iştirakına hər zaman şahidlik etmişik. Bizim gəncliyimiz Azərbaycanda Milli Azaadlıq Hərəkatının vüsət aldığı dövrə düşmüşdü. O proseslərdə gənclər əsas hərəkətverici qüvvə olaraq iştirak edirdi, bu danılmaz faktdır. Həmçinin Azərbaycanda müstəqilliyin əldə olunması, sonrakı dönəmlərdə müstəqilliyin qorunub saxlanması, Birinci Qarabağ müharibəsi, bir neçə il əvvəl, yaxın tarixdə baş verən İkinci Qarabağ müharibəsində də gənclərimiz aktiv oldular, prosesdə daha fəal iştirak etdilər. Təbii ki, bu olduqca qürurvericidir. Azərbaycan gəncliyi hər zaman bütün proseslərdə öz fəallığı ilə seçilib. Amma müşahidələrimiz onu deməyə əsas verir ki, bələdiyyə seçkiləri prosesində ən azından əvvəlki parlament seçkilərində olduğundan daha fəal olmayan formada iştiraka biz şahidlik etdik”.
A.Əlizadə hesab edir ki, Azərbaycan gəncləri heç bir halda proseslərdən kənarda qalmamalıdır: “Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Gənclər bütün siyasi proseslərdə aktiv iştirak etməlidirlər. Ən azından bu proseslərdə iştirakları ilə təcrübə toplamalı və gələcək Azərbaycan dövlətinin bir qədər də güclənməsində, qüdrətli olmasında, siyasi proseslərin yönləndirilməsində, gənclərin aktiv iştirakı əsas məsələlərdən biridir ki, buna təkan verilməlidir. Bizim də borcumuz ondan ibarətdir ki, gəncləri bu proseslərə hazırlayaq, onları təşviq edək. Fikrimcə, seçkilər olduqca böyük məktəbdir, bunu Azərbaycan gəncliyinə xitabən deyirəm. Partiyamızın gəncləri ilə görüşlərimizdə də dəfələrlə bu məsələlərə xüsusilə diqqət yetirmişik. Həm partiyanın gələcəyi, həm də Azərbaycanın gələcəyi bizim gənclərimizin hansı səviyyədə savadlı, yüksək intellektə malik, yüksək siyasi təcrübəyə malik olmalarından keçir deyə gənclərə geniş meydan verilməlidir və gənclər özləri də bu proseslərdə aktiv olmalıdırlar. Amma konkret olaraq bu bələdiyyə seçkilərində müşahidələrim onu deməyə əsas verir ki, təkcə partiyamızın gənclərini deyil, digər siyasi təşkilatları da nəzərdə tutaraq deyirəm ki, gənclər seçkilərdə iştiraka bir o qədər də aktiv surətdə qoşulub, həvəs göstərmirlər. Bu da əslində olduqca təəssüfedici haldır”.
Yazını hazırladı: Nigar HƏSƏNLİ
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ