İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin qızı keçmiş şərikini və nazirliyi məhkəməyə verdi - Bakı Oksford Məktəbini tələb edir

 

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva Ali Məhkəməyə kassasiya şikayəti verib.

Kamilə Əliyeva şikayətində Ədliyyə Nazirliyinin hərəkətlərinin qanunsuz hesab edilməsini istəyir.

Onun şikayətinə növbəti həftənin 1-ci günü, oktyabrın 8-də baxılacaq. Kamilə Əliyevanın  kassasiya şikayəti yazmasını şərtləndirən Bakı Oksford Məktəbinin (Baku Oxford School) binasının əlindən alınmasıdır.

54 yaşlı Kamilə Əliyeva eyni şikayətdə Ədliyyə Nazirliyi ilə yanaşı, “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri, 3 ilə yaxındır həbsdə olan işadamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanı da cavabdeh kimi məhkəməyə verib.

Məktəbdəki 100 faizlik payın yarısı Kamilə Əliyevada, yarısı isə Mehriban Məmmədovadır. 2022-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Rasim Məmmədov haqqında hökm çıxaranda onun özü və yaxınlarının adına olan xeyli əmlakın da müsadirəsinə qərar verilmişdi. Müsadirə olunan əmlaklar arasında Bakı Oksford Məktəbinin binası da vardı. Kamilə Əliyeva şikayətində göstərib ki, ona məxsus əmlak icra xidməti tərəfindən satışa çıxarılıb. Rasim Məmmədovun Bakı Oksford Məktəbinə aidiyyəti olmadığı halda, məhkəmə onunla bağlı cinayət işi üzrə bu əmlakı müsadirə edib. Kamilə Əliyeva baş verənləri mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirir. Səbail rayon Məhkəməsi Kamilə Əliyevanın Ədliyyə Nazirliyi və Mehriban Məmmədovaya qarşı iddiasına baxmaqdan imtina edib. Bundan sonra Kamilə Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə göndərməklə Bakı Oksford Məktəbində 50 faizlik paya sahib olduğunu və müsadirə qərarından şikayət vermək hüququnu vurğulayıb. Lakin onun bu müraciəti də nəticəsiz qalıb. Həmin hökmlə Rasim Məmmədov və yaxınlarına məxsus əmlakların müsadirəsi ilə yanaşı, özünə də 14 il həbs cəzası verilib. Apellyasiya məhkəməsi onun cəzasını 3 ay azaltsa da, hökmü qalan hissədə dəyişməyib. Təxminən 60 milyon manatlıq əmlakın müsadirəsi bağlı qərar da qüvvədə saxlanıb. Kamilə Əliyeva bundan sonra Ali Məhkəməyə üz tutub. 48 yaşlı Rasim Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib “Baku Steel Company”dən 185 milyon manatlıq mənimsəmədə, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması kimi əməllərdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir. Məhkəmədəki çıxışlarında da heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu, yalan məlumatlar əsasında, qondarma ittihamlarla həbs olunduğunu vurğulayıb. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. Xatırladaq ki, Rasim Məmmədov barəsində 2022-ci ilin dekabrında hökm çıxarılıb.

O, 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Rasim Məmmədov məhkəməsində “Ramiz Mehdiyevi atam qədər istəmişəm” deyib. Eyni zamanda məhkəmədəki çıxışlarından belə anlaşılıb ki, Rasim Məmmədovun həbsi Ramiz Mehdiyevin şikayəti əsasında baş tutub.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR