Onlayn ictimai-siyasi qəzet
Qusarda qəbiristanlıqda məzar daşlarını dağıdan şəxsin cinayət işinin təfərrüatı məlum olub. Həmin şəxsin qəbir daşlarını qisas məqsədi ilə dağıtdığı məlum olub.
Musavat.com xəbər verir ki, hadisə Qılahoba kəndində qeydə alınıb. Qəbirləri dağıdan şəxsin 44 yaşlı Pərviz Eldarov olması müəyyən edilib.
Pərviz Eldarov ifadəsində qəbir daşlarını dağıtmasından danışarkən məlum olub ki, o, qayınatasının qəbir daşını dağıtmaq istəyərkən digər iki qəbir daşını səhvən dağıdıb.
“Yoldaşımla ayrılmışdıq. Münasibətlərimiz yaxşı deyildi. Məndən aliment tələb etdiyinə görə əsəbiləşdim. Axşam içki içəndən sonra qəbiristanlığa getdim. Qayınatamın qəbir daşını dağıdacaqdım. Birinci qəbir daşını səhvən dağıtdım. Dedim bəlkə qayınatamın qəbir daşıdır. Sonra yenidən qayınatamın məzarını axtarmaq istədim. İkinci qəbir daşını da səhvən dağıtdım. Sonra qayınatamın qəbir daşını tapıb dağıtdım. İçkili olduğum üçün özümdə olmamışam”,- deyə Pərviz Eldarov ilkin ifadəsində deyib.
Pərviz Eldarov məhkəmədə tam fərqli ifadə verərək özünü təqsirli bilməyib. Deyib ki, həmin gün içki içəndən sonra evdə yatıb. O, qəbiristanlığa getdiyini xatırlamadığını, həbs edilməkdən qorxduğu üçün istintaqda belə ifadə verdiyini söyləyib.
Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxslər Pərviz Eldarovu bağışlayıb.
Məhkəmə Pərviz Eldarov barəsində ağır cəza təyin edib. Ev dustaqlığında olan Pərviz Eldarov 1 il azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanıb.
İ.Muradov
Musavat.com
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ