Onlayn ictimai-siyasi qəzet
"QUAD hədəflərini müəyyənləşdirib və Ukrayna müharibəsini də unutmayıb".
Bu sözləri Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Polioloq qeyd edib:
"Amerika Birləşmiş Ştatları, Hindistan, Avstraliya və Yaponiyanın üzv olduğu QUAD (Dördtərəfli Təhlükəsizlik Dialoqu) formatında liderlərin ABŞ-ın Delaver ştatındakı görüşündə bir çox mövzu müzakirə edilib.
"The Guardian" qəzeti ABŞ prezidenti Cozef Baydenin Çinin Cənubi Çin dənizində "aqressiv davranmağa davam etdiyini" söylədiyini yazıb. Yaponiyanın baş naziri isə Rusiya hərbi təyyarələrinin Hokkaydo adasının şimalında Yaponiyanın hava sərhədlərini pozmasından şikayətlənib. QUAD ölkələri Ukrayna müharibəsini də unutmayıblar. Liderlər Ukraynada uzunmüddətli sülhün bərqərar olmasının vacibliyindən danışıblar. QUAD liderləri üzv ölkələrin parlamentlərarası mübadiləsini dərinləşdirmək üçün müvafiq qanunverici orqanlarla işləmək niyyətində olduqlarını bildiriblər. Yaxın aylarda QUAD-a üzv ölkələrin ticarət və sənaye nazirləri də ilk dəfə görüşəcəklər".
Elxan Şahinoğlunun fikincə, Hindistan, Avstraliya və Yaponiyanı Çinin bölgədə artan hərbi gücü daha çox narahat edir:
"Hindistanın baş naziri Narendra Modi 4 ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Liderlər Sakit Okean, Cənub-Şərqi Asiya və Hind Okeanı regionu da daxil olmaqla Hind-Sakit Okean hövzəsi üzrə tərəfdaş ölkələrə fayda verən real layihələrin icrasını anons ediblər. Başqa bir təşəbbüs Hind-Sakit okean tərəfdaşlığı vasitəsilə "Hind-Sakit Okeanda Təlim üçün Dəniz Təşəbbüsü" layihəsinin elan edilməsi olub. Bu layihənin məqsədi ekstremal hava hadisələrinin və iqlimə təsirlərin kosmosda monitorinqi üçün açıq elm konsepsiyasını dəstəkləməkdir. Liderlər Hind-Sakit Okean regionunda yüksək səmərəli, sərfəli soyutma sistemlərinin yerləşdirilməsi və istehsalı da daxil olmaqla enerji səmərəliliyini artırmaq üçün səylərini artıracaqlarını bildiriblər. QUAD 2025-ci ildə Hind-Sakit okean boyunca infrastrukturun, dəniz limanlarının təkmilləşdirilməsini qərarlaşdırıb. Bu sırada rəqəmsal infrastrukturun inkişafı xüsusi əhəmiyyət kəsb edəcək.
Liderlər həmçinin QUAD çərçivəsində yarımkeçirici təchizat zəncirlərinin dayanıqlığını artırmaq üçün "Yarımkeçirici Təchizat Zəncirləri Təhlükəsiz Şəbəkə Əməkdaşlıq Memorandumu"nu qəbul ediblər. QUAD liderləri həmçinin 5G-nin tətbiqinə vacibliyini vurğulayıblar. ABŞ Prezidenti Cozef Bayden və Hindistanın baş naziri Naredndra Modi Qərbi Benqalın Kolkata şəhərində yeni yarımkeçirici istehsal müəssisəsinin tikintisini müzakirə ediblər. Modi ABŞ səfəri zamanı iki ölkənin “gələcək üçün texnologiya tərəfdaşlığı” qurmaq təşəbbüsünü dəstəklədiyini deyib".
Politoloq vurğulayıb ki, Vaşinqton və Dehli yarımkeçiricilərin Hindistanda birgə istehsalı məsələsində əməkdaşlığı dərinləşdirməyə qərar veriblər və Hindistan çip istehsalına milyardlarla dollar yatırım qoymağı planlaşdırıb.
Xalidə Gəray
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ