Onlayn ictimai-siyasi qəzet
Belə adamlara politologiyada “qırğılar” deyirlər. Onlar rəqibə, düşmənə münasibətdə həmişə sərt mövqe tutur, savaş çağırışları edir, barışığa əl yeri qoymur, heç bir güzəşt-filan barədə düşünmürlər.
Rusiyada “qırğılar”ın tipik nümayəndəsi Vladimir Jirinovski (1946-2022) idi. Keçən ilin aprelində o, gözlənilmədən (hələ uzun yaşayacağını düşünürdü) öləndə Rusiya ilə bu və ya digər şəkildə çəkişməsi, sürtüşməsi olan ölkələr rahat nəfəs aldılar. Çünki bu adam daima qonşu dövlətlərə, hətta uzaqda yerləşən ölkələrə nəsə bir düşmənçilik iddiası ilə çıxış edir, həmişə başqa dövlətləri vurmaqdan, dağıtmaqdan, parçalamaqdan, qəsb, işğal, ilhaq etməkdən danışırdı. Jirinovski özü rus olmasa da, qatı rus nasisti idi, onun barəsində qəti qənaət beləydi ki, Volfoviç Kremlin gerçək düşüncələrinin ifadəçisidir.
Bunu dəqiqliklə iddia etmək mümkün olmasa da, əminliklə demək olar ki, hər seçkidə azı 7 milyon seçicinin səsini alan partiya sədri şovinist rusların pis niyyətlərinin tərcümanıydı. Onun partiyası liberal-demokratiya dəyərləri üzərində bərqərar olsa da, kağızda beləydi, əslində RLDP Hitlerin rəhbərlik etdiyi Milli Sosialist Alman Fəhlə Partiyası kimi bir şey idi.
Jirinovski öldü, getdi, amma yeri boş qalmadı. Birdən-birə bir neçə tanınmış siyasi xadim “neo-qırğı” roluna girdilər. Bunların başında Rusiyanın keçmiş prezidenti və sabiq baş naziri Dmitri Medvedyev (1965) gəlir.
Elə bir idarəçilik qaniliyyəti olmasa da, hələ gənc yaşlarında Vladimir Putinin hesabına baş nazir kürsüsünə əyləşdirilən, daha sonra baş nazir Putinin yanında prezident işinə götürülən Medvedyev tez-tez Rusiya Federasiyasının prezidenti kimi ali post tutduğunu unudur, ranqına yaraşmayan şəkildə, hakimiyyətə iddiası olmayan əlaltı partiyalardan birinin sədriymiş kimi açıqlamalar verir. Düzdür, o, hazırda da Rusiya Təhlükəsizlik Şurası katibinin müavini kimi mühüm post tutur, ancaq baş nazir və prezident vəzifəsi daşımış adam üçün bu, olduqca aşağı səviyyədir. Görünür, prezident Putin, nəhayət, bu adamın tuta biləcəyi ən yüksək dövlət postunu düzgün müəyyən edib.
Medvedyev isə ona göstərilmş “etimad”ın haqqını verir, demək olar ki, günaşırı Ukraynanı yer üzündən silməklə hədələyir, bu ölkəyə taktiki nüvə bombası atmağın zəruriliyini vurğulayır, ürəyi soyumur, ABŞ-ı, NATO-nu hədəfə alır, onları da “vurmaq”la qorxudur. Onun dediklərindən elə çıxır ki, nüvə silahı adlanan şoqərib yalnız Rusiyada var və o, onu istədiyi yerə ata, sonra özü heç nə olmamış kimi yaşaya bilər. Alkoqolizmdən əziyyət çəkdiyi iddia olunan bu şəxs anlamır ki, Rusiya elə bir addım atsa, özü də bir neçə qat artıq şəkildə bombadmana məruz qalacaq.
Bu, “qırğı”ların tipik xasiyyətidir, ortaya olduqca avantürist planlar atarlar, son nəticənin nə olacağını, qarşı tərəfin necə cavab verəcəyini fikirləşməzlər.
Medvedyevin Roqozin soyadlı adaşı da “qırğı”lardandır. Dmitri Roqozin (1963) 2011-2018-ci illərdə Rusiya Federasiyası baş nazirinin müavini, daha sonra “Roskosmos”un baş direktoru olub.
“Forbes” jurnalı Roqozini hələ uzun illər öncə “Rusiyanın xarici siyasətinin əsas qırğısı” adlandırıb. Krımın ilhaqında canfəşanlıq etdiyinə görə ABŞ prezidenti Obamanın administrasiyası onu Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan Rusiya hökumətinin əsas yüksək vəzifəli məmurlarından biri hesab edirdi.
Hazırda Roqozin də “ultra-patriot” mövqedədir, Rusiyanın düşmənlərini tamamilə məhv etmək xəttinin tərəfdarıdır. O da yeri gəldi-gəlmədi, nüvə silahına istinad edir.
2022-ci il dekabrın 21-də Donetsk şəhərinin Leninski rayonundakı “Şeş-Beş” restoranında ad gününü qeyd edən Roqozin restoranın atəşə tutulması nəticəsində başının yumşaq toxumalarından qəlpə yaraları alıb. Bundan başqa, qəlpə qırıqları onun omba və sol bud nahiyəsinə də nüfuz edib. Yaralarının yeri barədə danışan Roqozin isə kürəyindən xəsarət aldığını bildirib. Omba ilə kürəyin arasında isə bir metr məsafə var.
Axırıncı dəfə Roqozin Almaniyanın Ukraynaya verdiyi “Leopard” tanklarının rus hərbçilər tərəfindən asanlıqla vurulduğundan, atıcıların isə ekipaja tankdan çıxmaq fürsəti verməyərək, hamısını bir-bir dənlədiyindən danışıb.
Daha bir məşhur “qırğı” isə Çeçenistanın rəhbəri Ramzan Kadırovdur. O, öz üzərinə “Roma papasından artıq katolik olmaq” missiyası götürüb və hazırda rus şovnistlərindən artıq “rusiyaçı”dır. Elə bir gün olmur ki, o, həm ukraynalılara, həm də onların beynəlxalq himayədarlarına qarşı sərt açıqlamalar verməsin, müharibənin gedişində önəmli rol oynadığını göstərməsin.
Kadırov da beynəlxalq birlik tərəfindən birmənalı şəkildə rədd edilən şəxsdir. Əgər gələcəkdə Rusiyanın Ukraynada törətdikləri hərbi cinayətlər üzrə beynəlxalq tribunal olacaqsa, müttəhimlər kürsüsündə oturanlardan biri də Ramzan Kadırov və onun rəhbərlik etdiyi “Axmat” hərbi birləşməsinin komandirləri olacaq.
Bir bu adı çəkilənlər deyil. Hazırda Rusiya siyasətçiləri və hərbçiləri arasında “qırğı”lıq edən, qırğın tərəfdarı olan başqaları da var. Onlar da vaxtaşırı özlərini “müharibə partiyası”nın fəalları kimi aparırlar. Ancaq yuxarıda adları çəkilənlər həmin “partiya”nın sədr müavinləridir. Sədrin özünün kim olduğu isə dünyaya əyandır.
Araz Altaylı, Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ