İnsanlara hürriyət, millətlərə istiqlal!

Əş-Şaraa İlham Əliyevdən nə istədi: Azərbaycan İsraili sakitləşdirə bilər - BAKININ BÖYÜK MİSSİYASI

Musavat.com-un xəbər verdiyi kimi, Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şaraa arasında mühüm görüş baş tutub. Görüşdə ikitərəfli münasibətlərin inkişafı və xüsusilə Suriyanın neft-qaz sektoruna Azərbaycan investisiyalarının cəlbi müzakirə olunub.

SOCAR Suriyada görünə bilər

London mərkəzli Middle East Eye nəşrinin məlumatına görə, Suriya tərəfi Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın ölkənin şimal-şərqində yerləşən və hazırda ABŞ tərəfindən dəstəklənən “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nəzarətində olan neft və qaz yataqlarının işlənməsində iştirak etməsində maraqlıdır.

SARA YENİ.jpg (150 KB)

Suriyada neft və qaz göstəriciləri

Suriyanın “Enab Baladi” informasiya agentliyinin məlumatına görə, hazırda ölkədə gündəlik 110 min barrel neft hasil olunur. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2010-cu ildə – vətəndaş müharibəsindən əvvəl – 385 min barrel idi.

Bu gün hasil edilən 100 min barrel neft SDQ-nin nəzarətindəki yataqlardan çıxarılır, yalnız 10 min barrel isə Əhməd əş-Şaraa rəhbərliyindəki yeni administrasiya tərəfindən hasil olunur.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) 2015-ci il qiymətləndirməsinə əsasən, Suriyanın sübut olunmuş neft ehtiyatları 2,5 milyard barrel təşkil edir.

Eyni zamanda, Suriyada hazırda gündəlik 9,1 milyon kubmetr təbii qaz hasil edilir. Bu rəqəm də 2010-cu il göstəricilərindən – 30 milyon kubmetrdən – xeyli azdır. Yeni hökumət gündəlik 8 milyon kubmetr qaz çıxarır, SDQ-nin nəzarətində isə cəmi 0,1 milyon kubmetr qaz hasil olunur. EIA-nın hesablamalarına görə, Suriyanın qaz ehtiyatları 240 milyard kubmetrdir.

Sanksiyalar yumşaldılır, beynəlxalq şirkətlər qayıdır

Bəşər Əsəd rejiminin dekabrda süqutundan sonra əksər beynəlxalq enerji şirkətləri Suriyanı tərk etmişdi. Lakin 2025-ci ilin əvvəlindən etibarən Avropa İttifaqı və Böyük Britaniya enerji sektoruna qarşı tətbiq olunan bəzi sanksiyaları yumşaldıb. Bu yumşalma bir neçə dövlət bankı və enerji şirkətlərini də əhatə edib.

ABŞ da bu istiqamətdə addım atıb. “General License № 24” (GL24) adlı lisenziya çərçivəsində yeni rəhbərliklə əməkdaşlıq məqsədilə Suriya dövlət qurumları ilə ticarət aparmağa icazə verilib. Lisenziya həmçinin enerji məhsullarının – neft, qaz, neft məhsulları və elektrik enerjisi – satışı, saxlanması və ötürülməsini də əhatə edir. Bu lisenziya 6 aylıq müddəti əhatə edir və 8 iyunda başa çatır. Lakin lisenziyanın uzadılması yerindəki situasiyadan asılı olacaq.

Eyni zamanda, The Wall Street Journal qəzetinin yazdığına görə, ABŞ Şaraa hökumətindən bir sıra silahlı qruplaşmalara qarşı sərt tədbirlər görməyi və ölkədəki bəzi Fələstin siyasi təşkilatlarının çıxarılmasını tələb edib.

Tərəzinin bir tərəfində Türkiyə və İsrail, o biri tərəfində Suriya

Azərbaycanın yaxın tərəfdaşları olan Türkiyə və İsrail arasında Suriyada ciddi gərginlik yaşanır. İsrail Suriyada, xüsusilə Türkiyənin bərpa etməyə çalışdığı hərbi obyektlərə zərbələr endirib. Bu təhlükəli eskalasiyanın qarşısını almaq üçün Bakıda Türkiyə və İsrail nümayəndələrinin görüş keçirdiyi qeyd olunur.

Yeni enerji oyunu və Azərbaycanın rolu

Mart ayında SDQ lideri Məzlum Əbdi ilə Əhməd əş-Şaraa arasında Dəməşqdə imzalanan razılaşma ilə kürd silahlı dəstələrinin Suriya Milli Ordusuna birləşdirilməsi, həmçinin kurdlərin nəzarətində olan yataqların mərkəzi hökumətə verilməsi razılaşdırılıb. Hazırda bu ərazilər hələ də Şaraa qüvvələrinin tam nəzarətinə keçməyib.

Planlaşdırmaya əsasən, neftdən gələn gəlirlərin 70 faizi Dəməşqə, 30 faizi isə yerli ehtiyaclara sərf olunacaq.

Azərbaycan – İsraili sakitləşdirə bilərmi?

Haqqin.az-ın təhlilinə görə, Azərbaycanla Suriya arasında dərinləşən əməkdaşlıq İsrailin keçid hökumətinə yönəlik narahatlığını azaltmaq məqsədi daşıya bilər. İsrail rəsmiləri Şaraa administrasiyasını “terrorçu” hökumət kimi xarakterizə etsələr də, Bakı vasitəçiliyi ilə yeni diplomatik kanalların açılması ehtimalı artıq gündəmdədir.

SARA EN SON.jpg (84 KB)

NƏTİCƏ: Azərbaycan, bu dəfə Yaxın Şərqdə – xüsusilə Suriyada – həm iqtisadi, həm də diplomatik vasitəçi rolunu gücləndirmək üzrədir. Bu rol regiondakı güc balansını dəyişmək potensialına malikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR