İnsanlara hürriyət, millətlərə istiqlal!

“Buraxın, parçalayaq, hökm sürək” – Medvedyev Kremlin niyyətini ifadə edir

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, uzun illər ölkəsinn baş naziri, 2008-2012-ci illərdə isə prezidenti olmuş Dmitri Medvedyev dünən deyib ki, Avropa ABŞ-dən nümunə götürməli və Ukraynaya dəstək verməməlidir, onda Rusiya bunu tez bir zamanda problemi həll edəcək.

“Rusiya münaqişəni tezliklə həll edəcək” ifadəsi “Rusiya təklənmiş Ukraynanı tezliklə işğal edəcək və daha problem olmayacaq” deməkdir.

Medvedyev və Kremlin bütün “qırğı”ları, eləcə də çoxmilyonlu Rusiya “patriot”ları bu cür düşünür: heç kəs qarışmasın, biz gözümüzə kəsdirdiyimiz ölkəni işğal edək, yeni dünya imperiyası yaradaq, millətlərin istiqlalını, insanların hürriyyətini məhv edək, dünyanın ağası olaq.

Moskvada əsas düşüncə budur və Rusiyanı idarə edənlər də, Rusiyada idarə olunanlar da bu fikirlərini artıq diplomatik cümləpərdazlıqla pərdələmirlər, açıq-açıq dilə gətirirlər -“ABŞ və Avropa Ukraynanı versin, parçalayaq, məhv edək”.

Bu, nəyə oxşayır? Lətiiəsi dəyməsin, elə bil, təpə başında pusquya yatmış canavar ailəsi dərədəki qoyun sürüsünə baxır və düşünür ki, çoban öz itlərini də götürüb getsin, biz o qoyunlara müqavimət göstərməyin, yem olmaq istəməməyin nə demək olduğunu başa salaq.

1815-ci ildə Napoleon yenidən Avropanı işğal etmək istəyəndə bu cür düşünürdü ki, İngiltərə, Rusiya qarışmasalar, Avropanın kiçik dövlətlərini ard-arda məhv edəcək.

Adolf Hitler də 1941-45-ci illərdə eyni fikirdəydi, ABŞ və Böyük Britaniyaya qəzəblənirdi ki, nədən SSRİ-yə yardım edirlər, onun bu bolşevik dövlətini darmadağın etməsinə imkan vermirlər.

19-cu əsrin əvvəllərində Avropanın qüdrətli dövlətləri ona görə birləşərək Napoleonun yenidən güclənməsinə, Avropada terror əsdirməsinə imkan vermədilər ki, onun canındakını bilirdilər, cəmi bircə il boş buraxsaydılar, Napoleon bütün Avropanı Fransa müstəmləkəsi edəcəkdi.

Elə II dünya müharibəsinin gedişində də anqlosakson ittifaqı ideoloji düşməni SSRİ-yə nasist Almaniyasının qarşısında dayanması, effektiv müqavimət göstərməsi üçün hərtərəfli yardımı ona görə etdi ki, Hitlerin dünya ağası olmaq iddiasından, qəddarlığından xəbərdar idi, bəşəriyyətə böyük təhlükə oduğunu, daha da betər olacağını bilirdi.

İndi bütün Avropa müasir Rusiyanın cəmi 50-100 il öncə necə bir amansız satraplıq olduğunu, milyonlarla günahsız insanı qırıb-çatdığını, böyük-böyük xalqları qula, köləyə döndərdiyini bilir və əmindir ki, bu dövlət yenidən XX əsrin ortalarındakı qüdrətini, sərhədini, nüfuz dairəsini bərpa etsə, dünyanın başına oyun gətirəcək.

Zatən, SSRİ, yəni qırmızı rus imperiyası 1991-ci ildə dağıldığı günə qədər bir tərəfi Kuba, Nikaraqua, o biri tərəfi Vyetnam, Kamboca olmaqla dünyanın hər tərəfinə barmaq uzadır, Avropanın ortasında belə kompartiyalar saxlamaqla, geniş casus şəbəkəsi formalaşdırmaqla dünyada və Avropada “sosialist inqilabları” törətməyə çalışırdı.

Kreml həmin Kremldir, niyyət həmin niyyətdir. Rusiya dünya ağası olmaq iddiasından əl çəkməyib. Sadəcə, indi Rusiyanın gücü həmin güc deyil. Söhbət heç də Rusiyanın hərbi gücündən və var-dövlətindən getmir. İndiki Rusiya müstəqillik qazanmış sovet respublikalarını, eləcə də keçmiş sosialist düşərgəsi ölkələrini (Şimali Koreya, Monqolustan, Macarıstan, Bolqarıstan, Çexoslavakiya, Polşa, Rumıniya, Yuqoslvaviya, Almaniya Demokratik Respublikası, Kuba, Əfqanıstan) öz ətrafında birləşdirmək üçün ideoloji gücü yoxdur.

O zamanlar kommunizm-sosializm ideologiyası Moskvanı sosialist düşərgəsinin paytaxtı etmiş, Rusiyanı dünyanın ən böyük imperiyasına çevirmişdisə, indi Rusiya qonşularını yalnız təhdid-təzyiq dili ilə öz ətrafında saxlamağa çalışır, tabe olmaq istəməyənləri isə açıq işğalla hədələyir.

Obyektiv gerçəklik budur. Daha “xalqların əbədi dostluğu”ndan, “qarşılıqlı, faydalı əməkdaşlıq”dan danışan yoxdur, tələb açıq-aydındır: “Biz güclüyük, siz zəifsiniz, ona görə də bizə tabe olmalısınız, vassalımıza çevrilməlisiniz, xərac ödəməlisiniz”.

Bu niyyətini həyata keçirmək üçün Rusiyaya bəzi böyük dövlətlərin onun qarşısında durmaması lazımdır. Dünənə qədər ABŞ Rusiyanın imperialist niyyətlərinin qarşısında əsas maneə idi. Trampın hakimiyyətə qayıdışından sonra isə ABŞ yönünü dəyişib. İndi o boyda ABŞ-nin lideri özünü Rusiyanın səfiri kimi aparır, hətta Avropa ölkələrindən Moskvanın xahişini edir ki, ona qarşı sanksiyaları götürsünlər.

Medvedyev Trampın şəxsində Rusiyanın müttəfiqini görür, ona görə Avropanı Tramp Amerikasından nümunə götürməyə çağırır.

2008-ci ildə İtaliyanın baş naziri Silvio Berluskoni və Fransa prezidenti Nikolya Sarkozinin Romada G-8 sammitində içirdib anlaqsız vəziyyətə saldığı Medvedyevin indi Avropaya ağıl öyrətməsi həm dünyada tarazlığın nə qədər pozulduğunu, həm də Rusiyanın əlacının nə qədər kəsildiyini göstərir.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR