İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin ŞOK planı - Bakıda XAOS yaratmaq alınmadı, Gürcüstanda isə...

Politoloq: “Gürcüstan cəmiyyəti kənar qüvvələrin təsiri altında hərəkət etməsə...”

Azərbaycanda 1 sentyabr parlament seçkiləri əvvəldən axıra kifayət qədər sakit keçdi. Seçkilərdən hansısa xarici qüvvələrin istifadə edib aranı qarışdırmaq niyyəti olsa belə, bu planların gerçəkləşdirilməsi mümkün olmadı.  Seçki günü Meydan TV, “AzadlıqRadiosu”, “Azad söz” və digər platformaların fəaliyyəti əslində Qərbin Azərbaycandakı proseslərə müdaxilə cəhdləri kimi də qiymətləndirilə bilər.  

İndi isə ABŞ-ın oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi qonşu  ölkədə “rəngli inqilab” hazırlaması barədə iddialar narahatlıq doğurur.

Bir neçə gün əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, “Tiflis Maydanı”nda səsvermə zamanı “saxtakarlıq sübutları”nın dərc edilməsi, seçkilərin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır. “Etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları təhrik ediləcək”, - deyə məlumatda bildirilirdi.

Bundan əvvəl Serbiyada seçkilərə müdaxilə cəhdləri olmuşdu. Azərbaycanda seçkilərə müdaxilə edə bilməsə də, indi Gürcüstanı müəyyən risklər gözləyir.

ABŞ-ın son ilyarımda Cənubi Qafqazda  fəallaşan siyasəti daha çox Rusiyaya qarşı “ikinci cəbhə” açmaq niyyəti daşıyır. Vaşinqton gizlətmir ki, onlar Cənubi Qafqaza Rusiyaya qarşı “ikinci cəbhə” açmaq üçün tramplin kimi baxırlar. Bu sırada Ermənistan ABŞ-ın “ayağının altında donuz kəsməyə” hazır olsa da, Rusiyadan çəkinəcəkləri çoxdur, o səbəbdən Amerika hələ ki Qafqazda yerini “isidə” bilmir. Gürcüstan əvvəlki kimi Qərb dairələrinin vədlərinə aldanmaqdan uzaq olsa da, Qərbə inteqrasiyaya özlərinin bildiyi yolla getməyə üstünlük verirlər, kənar fətvalara qulaq vermirlər. Azərbaycanın mövqeyi bəllidir, Qarabağda suverenliyin tam bərpasında sonra indi Bakıya əsas təzyiqlər sülh sazişi üzərindən və “insan haqları” üzərindən edilir. Bu “dəyərləndirmələr” isə ölkə daxilində heç bir dəstək qazanmır. Qərb qərəzli və basqıçı mövqe tutduqca, Bakı da eyni sərtliklə reaksiya verir. 

Qərbin Cənubi Qafqazda daxili gərginliklərin yaşanmasında marağı nədir? İstədiklərinə nail ola biləcəklərmi?

Yusif Bağırzadə prezidentliyə namizəd oldu

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, 1 sentyabr növbədənkənar parlament seçkiləri artıq arxada qaldı və proqnozlaşdırıldığı kimi hakim Yeni Azərbaycan Partiyasının qələbəsi ilə yekunlaşdı: “Parlament seçkilərinin seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirildiyinə dair də heç bir şübhə yoxdur. Düzdür, bir sıra məntəqələrdə hansısa qanun pozuntuları olub və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun da dediyi kimi, həmin faktlar ciddi şəkildə araşdırılmaqdadır. Amma ümumrespublika səviyyəsində keçirilən bir seçkidə cüzi pozuntuların olması da əslində təbiidir. Belə hallar istənilən Avropa ölkəsində də qeydə alınır. Bütövlükdə götürdükdə isə belə xırda pozuntular təbii olaraq seçkilərin ümumi nəticəsinə hər hansı təsir göstərmir. Azərbaycanda keçirilən bu parlament seçkiləri təkcə hakim partiyanın deyil, ümumilikdə dövlətimizin qələbəsidir. Çünki seçkilərin sakit keçməsi, hər hansı qarşıdurmanın olmaması ilə xalqımız əslində həm də ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının, güc mərkəzlərinin ölkəmizdə həyata keçirmək istədikləri oyunları da pozmuş oldular.

Qərb külli miqdarda qrantlar yolu ilə maliyyələşdirdiyi Meydan TV, “AzadlıqRadiosu”, “Azad söz” və digər platformalar vasitəsilə hər nə qədər ölkəmizdə keçirilən seçki prosesinə müdaxilə etməyə cəhdlər etsə də, buna nail ola bilmədi. Çünki Azərbaycan cəmiyyəti ayıq cəmiyyətdir və onun üçün ölkənin maraqları öndə gəlir".

Politoloq qeyd etdi ki, Cənubi Qafqazın ən zəif bəndi rolunda çıxış edən Ermənistanda istədiyi kimi “at oynadan” Qərb dövlətlərinin ölkələrdə daxili gərginlik yaratmaqla hakimiyyətləri təzyiq altında saxlamaq və bununla da Cənubi Qafqazın digər ölkələrində də öz maraqlarını təmin etməyə cəhd etmələri ortadadır: “Azərbaycanda buna nail olmadıqları üçün indi bütün güclərini Gürcüstana yönəldəcəklər. Ona görə də qonşu Gürcüstanı qarşıda təlatümlər gözləyə bilər. Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri ərəfəsində rəsmi Tiflisi təzyiq altında saxlamaq üçün bütün imkanları səfərbər edəcəkləri gün kimi ortadadır. Təbii ki, buna nə qədər nail olacaqlarını zaman göstərəcək. Gürcüstan cəmiyyəti kənar qüvvələrin təsiri altında hərəkət etməsə, Azərbaycan cəmiyyəti kimi davransa, ölkəni qarışdırmaq və təsir altında saxlamaq planları baş tutmayacaq”. 

Y.Bağırzadənin sözlərinə görə, bütün cəhdlər onu göstərir ki, ABŞ başda olmaqla, Qərb bütün imkanları ilə Cənubi Qafqazı öz təsiri altına almaq və Rusiyanı regiondan sıxışdırıb çıxarmaqda iddialıdır: “Cənubi Qafqaza hakim olmaq təbii olaraq həm də bu ərazidən keçən dəhlizlərə nəzarət imkanı əldə etmək və bununla da növbəti mərhələdə Orta Asiya ölkələrinə də təsir imkanları əldə etmək deməkdir. Buna nə qədər nail olacaqlarını isə zaman göstərəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR