İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva tanınmış şair-tərcüməçi, filoloq Anna Barkutaşvilini 70 illik yubileyi münasibətilə təbrik edib

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış şair-tərcüməçi, filoloq Anna Barkutaşvilini 70 illik yubileyi münasibətilə təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış şair-tərcüməçi, filoloq Anna Barkutaşvili ilə görüşüb, onu 70 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Hörmətli Anna xanım”,

Sizi qarşıdan gələn 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyir, ən xoş arzularımı yetirirəm!

Siz qonşu və dost Gürcüstanda doğulmusuz, gənclik illərindən həyatınızı Azərbaycanla bağlamısız. Ali təhsilinizi Bakıda almış, hələ I kursda oxuyarkən sizinlə eyni universitetdə oxuyan Azərbaycan vətəndaşı ilə ailə həyatı qurmusuz. Beləliklə, gənclik illərindən başlayaraq, Azərbaycan dilini, mədəniyyətini öyrənməyə, iki qonşu və dost xalq arasında mədəni əlaqələrin inkişafına töhfə verməyə başlamısız.

Siz yaradıclıqla davamlı məşğul olmuş, özəlliklə bədii tərcümə işində peşəkar olaraq ün qazanmısız. Siz doğma gürcü, eləcə də Azərbaycan və rus dillərində şeirlər, esselər, elmi-publisistik məqalələr, aforizmlər yazır, tərcümələr edirsiz. Hər üç dildən bir-birinə çevirmələriniz xalqlar arasında ədəbi-mədəni əlaqələrin inkişafına təkan verir. XV-XVI yüzil klassik Azərbaycan aşığı, ustadlar ustadı Dirili Qurbani, habelə çağdaş dövrümüzün şair və yazıçılarının yaradıcılığından örnəkləri rus və gürcü dillərinə, habelə görkəmli gürcü yazıçısı İlya Çavçavadze, Merab Eliozişvili, rus yazıçısı Stanislav Savelev və başqalarının yaradıcılıq örnəklərini Azərbaycan və gürcü dillərinə tərcümə etmisiz.

Siz ictimai fəal xanım olaraq da tanınmış, Azərbaycan həqiqətlərinin gürcü və rus dillərində yayılması işinə töhfələr vermisiz.

Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvüsüz. Şair, tərcüməçi və jurnalist olaraq müxtəlif ictimai mükafatlarla təltif edilmisiz. O cümlədən, Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafında xidmətlərinizə görə Azərbaycan-Gürcüstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən diplom və mükafatla, “Dədə Qorqud” Fondu tərəfindən ordenlə, Misirin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən “Xalqlar arasında mədəniyyətin inkişafında fəaliyyətə görə” medalla, 2008-ci ildə Azərbaycan Qadın Jurnalistləri Assosiasıyası tərəfindən “İlin jurnalisti” adı ilə təltif olunmusuz.

Siz eyni zamanda pedoqoq kimi bir sıra universitetlərdə, o sıradan BDU-da, MDU-nun Dağıstan filalında, “Azərbaycan” Universitetində, “Xəzər” Universitetində çalışmısız.

Sizi bütün uğurlarınız və qarşıdan gələn 70 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!
MM Mədəniyyət Komitəsi sədri tanınmış şair-tərcüməçi, filoloq Anna Barkutaşviliyə Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Tanınmış şair-tərcüməçi, filoloq Anna Barkutaşvili səmimi sözlərə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR