İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin ən böyük qaz yatağında işlənmə fəaliyyətləri dayandırıldı

İsrail sahillərində Leviafan dəniz qaz layihəsinin operatoru “Chevron Mediterranean Limited” hərbi əməliyyatların genişlənməsi fonunda regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar işlənmənin üçüncü mərhələsi çərçivəsində dənizaltı boru kəmərində işləri 2025-ci ilin aprel ayına qədər dayandırmaq qərarına gəlib.

Musavat.com şirkətin açıqlamasına əsasən xəbər verir ki, nəticədə bu mərhələnin həyata keçirilməsində ən azı 6 ay gecikmə gözlənilir.

Dəyəri təqribən 568 milyon dollar olan üçüncü qaz kəmərinin tikintisi ilə bağlı yekun investisiya qərarı (FID) 2023-cü ilin iyulunda qəbul edilib.

Kəmərin çəkilməsi nəticəsində 2025-ci ilin ortalarından etibarən qaz təchizatı gündəlik 1,2 milyard kubfutdan (ildə 12,4 milyard kubmetrdən) təxminən 1,4 milyard kubfuta (ildə 14,5 milyard kubmetrə) qədər artmalı idi.

İsrailin layihənin icraçısı olan “NewMed Energy” şirkəti xatırladır ki, son hadisələrlə əlaqədar operator təhlükəsizlik səbəbi ilə vaxtaşırı Leviafan yatağında hasilatı dayandırır. Eyni zamanda, hazırda “bu hasilat dayanacaqlarının ümumi zərəri illik istehsal həcmi ilə müqayisədə o qədər də böyük deyil”.

Leviafan yatağı 2010-cu ildə kəşf edilib və 605 milyard kubmetr təbii qaz ehtiyatına malikdir. Aralıq dənizində indiyədək aşkarlanmış ən böyük qaz yatağıdır Xammal İsrail, İordaniya və Misir bazarlarına çatdırılır. Layihə iştirakçıları, “NewMed Energy” (45,34 faiz) ilə yanaşı, “Chevron Mediterranean Limited” (39,66 faiz) və “Ratio Energies” (15 faiz) şirkətləridir.

BP və ADNOC hər biri 2023-cü ilin mart ayında “NewMed Energy”nin 25 faizini alıb.

Leviafan texnologiya platforması onun tutumunu 12 milyard kubmetrdən 21 milyard kubmetrə qədər artıracaq avadanlığın yerləşdirilməsi üçün nəzərdə tutulub. Layihənin növbəti mərhələsinə əhəmiyyətli mayeləşdirmə komponentinin daxil olacağı gözlənilir ki, bu da Leviafan-ın müştəri bazasını Şərqi Aralıq dənizindən kənara - Avropa və Uzaq Şərqə genişləndirəcək. Bu məqsədlə Misirdə mövcud olan iki qaz mayeləşdirmə zavodu ilə kommersiya danışıqları davam etdirilir və İsrailin müstəsna iqtisadi zonasında lövbər salmış üzən qurğuda mayeləşdirmə variantı araşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR