İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil" - deputat belə deyir

"Hakim şəxsiyyəti, hakimin fəaliyyəti kimi məsələlərdə çox ehtiyatlı davranılmalıdır. Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli yolu ictimai müzakirə, yaxud sosial media deyil, bunun üçün daha yuxarı instansiyalar var".

Bu sözləri Musavat.com-a deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, məhkəmə qətnaməsi, məhkəmə hökmü yalnız yuxarı instansiyalarda yoxlana, qiymətləndirilə bilər. Məhkəmə qərarlarına digər heç kim qiymət verə bilməz.

"Amma çox təəssüflər olsun ki, biz davam edən məhkəmə prosesi, yaxud prosesi aparan hakimlər barədə ayrı-ayrı qərəzli media orqanlarında, xüsusən Qərbin uzantıları funksiyasını yerinə yetirən media orqanlarında hakimə və məhkəmə prosesinə təzyiq xarakterli yazıların adi hal almasına şahidlik edirik.  Xüsusən süni qaydada siyasiləşdirilən məhkəmə proseslərindən sonra məhkəmə, hakim haqqında ağlasığmaz iddia və ifadələr səslənir. Proses sonrası antimilli şouya çevrilir. Bu yolverilməzidir. Bilirsiniz, bu söz azadlığı ola bilməz, bu gün özünü demokratiyanın beşiyi hesab edən ölkələrdə, məsələn həımin media orqanların daim nümunə gətirdiyi ABŞ-də hər hansı jurnalist sərbəst formada məhkəmə prosesindən adi bir foto çəkə bilirmi? Yaxud bu özünə media deyən agentlərin ABŞ-də məhkəmə binası qarşısında Azərbaycanda yaratdıqları şounu təkrarlamağa imkanları olarmı?", - deyə deputat qeyd edib.

B.Məhərrəmov hesab edir ki, hakimlərin bu istiqamətdə müdafiəsinin güclənməsinə ehtiyac var: "Hakimin şəxsiyyətinin linç olunmasına imkan vermək olmaz. Məhkəmə prosesi və hakim hər cür hücumlardan  təzyiqlərdən təsirlərdən kənar, rahat daxili inamını formalaşdırmaq imkanında olmalıdır".

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR