İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cəmil Həsənli yenə də özü-özünü təkzib edir” –MÜSAHİBƏ + FOTOLAR

Zaman yaranı nə qədər qaysaqla örtməyə qadirdirsə, həm də istənilən məqamda onu amansızcasına qoparmaq gücündədir. Belə ki, uzaq-yaxın keçmişdə baş verən, çox vaxt məqsədli şəkildə üzəri “silinməz toz”la örtülən, müəyyən vaxtdan sonra sirr qatı çəkilən həqiqətlər qətiyyətli və istedadlı tədqiqatçılar tərəfindən ictimailəşir. Bəzən bu həqiqətlər gözlənilməz nəticəyə, heyrətə də səbəb olur.

Dünyanın bir çox məşhur siyasətçilərinin psixoloji portretlətini yaratmaq kimi çox çətin və məsuliyyətli bir işə qol qoyan Adıgözəl Məmmədov belə qələm sahiblərindəndir. Əgər onun bu vaxta qədər oxucular tərəfindən rəğbətlə qarşılanan digər kitablarını da nəzərə alsaq, deyə bilərik ki, o, uzun müddət geniş ictimaiyyətdən gizli saxlanılan məşhur siyasətçilərin həyatının ən incə məqamları haqqında informasiyası, dəlilləri olan azsaylı müəlliflərdəndir.

Medianews.az tədqiqatçı-alim Adıgözəl Məmmədovla müsahibəni təqdim edir.

– Adıgözəl müəllim, Mir Cəfər Bağırov mövzusu yenidən aktuallaşıb. Onun haqqında sənədli filmlər çəkilir, sosial şəbəkələrdə ciddi müzakirələr aparılır. Sizin də M.C.Bağırova dair kitablarınız, araşdırmalarınız var. Bu mənada, son vaxtlar aktuallaşan mövzu ilə bağlı nələri qeyd edə bilərsiniz?

– Əvvəla çox sağ olun ki, müraciət etmişiniz. Sonrası da odur ki, izləyirəm və sözün düzü, heç də təəccüblənmirəm. Şübhəsiz ki, obyektiv ictimai-siyasi, iqtisadi hallarla yanaşı, həm də fərdi psixologiyaya sığınan subyektiv amillər, adətlər, tərbiyə və şəxsiyyətin xarakteri “tarixi yönəldən” amillərdir. Zaman-zaman tarix və şəxsiyyət məsələsi ilə bağlı müxtəlif fikirlər deyilib. Hər halda, burada qarşılıqlı əlaqə var. Güclü şəxsiyyət zamandan üstün olduğu üçün hadisələrə təsir edə bilir. Nəzərdən keçirilən sivilizasiyanın içərisində və ya ondan kənarda yer almasından asılı olmayaraq, hər bir müəllifdə hadisələrə özünəməxsus yanaşma tərzi əmələ gəlir. Bu və ya yekun nəticə ona daxili məntiqin gətirdiyi inandırıcılıq vektorlarının qarşılıqlı təsiri ilə izah olunur. Ona görə də mən kitablarımın süjet xətlərində həmişə bir prinsipial şərtə əməl etmişəm – tarixi hadisələrə bu günün nəzərləri ilə baxmaq olmaz. Hər bir tarixi dövrün öz xüsusiyyətləri var, hər tarixi hadisə öz ilkin şərtlərinə malikdir və bunların birini digərindən ayırmaq olmaz. Əks-təqdirdə tədqiqatçı mütləq subyektivizmə uğrayacaq. Ona görə tədqiqatlarımda mümkün qədər çalışdım ki, Mir Cəfər Bağırov Azərbaycanın fikir gündəmində olduğu kimi görünsün. Təbii ki, M.C.Bağırov mələk deyil, siyasi fəaliyyəti boyunca onun da ciddi səhvləri olub. Əgər Bağırov olduğu kimi görünəndə diktator görkəmi alırsa, qoy onu elə diktator kimi tanısınlar. Yox, əgər belə görkəm almırsa, yenə də olduğu kimi tanısınlar. Çünki, artıq bayağı sözlər keçmir. Əsas budur ki, tədqiqatçı təsir altına düşməsin. Amma görünən odur ki, bəzi tədqiqatçılar yeni nə isə üzə çıxartmaq istəsələr də, təəssüf ki, yenə sovetdən qalma bayağı iddialarla ictimai fikirdə paslanmış Mikoyan təbliğatının alətlərinə çevrilirlər. Bağırov özünə it dedi, nə bilim başqa nələr və sair. Bəli, Bağırov mövzusu və onun xüsusən neqativ təbliğatı sanki son vaxtlar müəyyən insanlar üçün mühüm məsələyə çevrilib. Belə şəxslərdən biri də Cəmil Həsənlidir. Belə ki, o, hələ Qorbaçovun “yenidənqurma” illərində işıq üzü görmüş “Ağ ləkələr” kitabında “əsl kommunist” kimi çıxış edərək M.C.Bağırovu kommunist ideyalarına və kommunist partiyasına xəyanətdə ittiham edirdi. Sonra Elçibəy hakimiyyəti illərində “antikommunist” qiyafəsində onu müsavatçılara qarşı fəaliyyətinə görə ittiham etməyə başladı. Sonrakı illərdə bu ziddiyyətli yanaşma onun qələmə aldığı digər kitablarında da özünü büruzə verməyə başladı. Son günlər bir daha görürəm ki, Cəmil Həsənli yenə də özü-özünü təkzib edir. Hətta özünün yazdıqlarını da unudur, vaxtilə yazdıqlarını təkzib etməyə başlayır.

– Konkret faktlar sadalaya bilərsinizmi?

– Əlbəttə! Misal üçün, Cəmil Həsənli deyir ki, M.C.Bağırov partiyaya daxil olma tarixini saxtalaşdırıb və Hamazaspın dəstəsində müsəlmanlara qarşı vuruşub. 2002- 2003-cü illərdə «Siyasi partiyalar və ictimai hərəkatlar» (o dövrdə adı bu cür idi) dövlət arxivində M.C.Bağırovun şəxsi işi ilə tanış olduqda onun 1923-cü il yanvarın 29-da yazdığı tərcümeyi-halının mətni ilə rastlaşdım. Makina çapı ilə yazılmış tərcümeyi-halın sonunda M.C.Bağırovun şəxsi imzası yox idi. Ziddiyyət təkcə tərcümeyi-halda deyil, M.C.Bağırovun şəxsiyyət vərəqələrində, partiya qeydiyyat kitabçasında, anket və digər şəxsi sənədlərində də özünü büruzə verirdi. Təsəvvür edin, M.C.Bağırov kimi dəqiq bir adam və uzun illər təhlükəsizlik orqanlarına rəhbərlik etmiş bir şəxs necə ola bilər ki, bir tərcümeyi-halında doğum tarixinə 1895-ci il, digərində 1896-cı il göstərsin? Yaxud, şəxsi və ya sənədlərin sonunda onun şəxsi imzası və koliqrafik xətləri bir-birindən fərqlənsin. Bütün bu ziddiyyətlər birmənalı şəkildə onun şəxsi işinin yenidən tərtib olunmasından xəbər verir. Lakin bu tərtibatçılar kifayət qədər naşı olduqlarından, hətta M.C.Bağırovun doğum tarixini ayrı-ayrı sənədlərdə müxtəlif cür yazıblar. Tərcümeyi-halı oxuduqca açıq-aşkar hiss olunur ki, bu mətn M.C.Bağırovun  həbsindən sonra o dövrün siyasi konyukturasına uyğun redaktə edilib. Bağırovun həyatının müəyyən məqamları Xruşşov-Mikoyan cütlüyünün ona qarşı irəli sürülən ittihamlara uyğun təsvir edilməyə çalışılıb. Təəssüf ki, bizim bir çox tədqiqatçılarımız da bu tərcümeyi-halın təsiri altına düşərək M.C.Bağırovun həyat yolu haqqında çox yanlış təhlillər aparıblar.

– M.C.Bağırovun tərcümeyi-halının bu formada təqdim edilməsinə səbəb nə idi?

– Mənə elə gəlir ki, tərcümeyi-halın bu formada verilməsi bir neçə səbəbdən qaynaqlanır. Yadımıza salaq ki, A.Antonov Ovsienko «Beriya» kitabında M.C.Bağırovun doğma qardaşını öldürdüyünü və onun sənədlərini öz adına çıxardığını yazır. Görünür ki, Ovsienko bu fikri Bağırovun istintaqı zamanı müstəntiqlərin ona qarşı irəli sürdüyü ittihamlara əsaslanaraq yazıb. Əslində isə bu, ağ yalan və böhtan idi. M.C.Bağırov barədə rus dilində Moskvada çıxan kitabımda  A.Antonov Ovsienko kimi yazarlara tutarlı cavabı vermişəm. Onların hansı məqsədli oyunun personajları olduğunu sübut etmişəm. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, mərhum tarixçi alimimiz Eldar İsmayılov «Власть и народ» kitabında A.A.Ovsienkonun «Bağırov qardaşını öldürüb» iddiasının əsassız olduğunu göstərərək, ona tutarlı cavabını yazıb. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Eldar müəllim də özü istəmədən mübahisəli anket və tərcümeyi-halların təsiri altına düşüb, həqiqətə yaxın olmayan fikrə, qənaətə gəlib. Tarixçi-alim Bağırovu psixoloji qeyri-stabil və isterik şəxs kimi təhlil etməklə, bir qədər tələskənliyə yol verib. Azərbaycan tədqiqatçılarına təqdim olunan tərcümeyi-hal elə formada tərtib olunub ki, bu forma M.C.Bağırovun istintaqında ona qarşı irəli sürülən qondarma ittihamları əsaslandırmaq üçün zəmin yaratsın və cəmiyyətdə onun ziddiyyətli şəxsiyyət, qatil obrazını formalaşdırsın.

– Bəs əsl həqiqət necə idi?

– Əsl həqiqət budur ki, 10 fevral 1915-ci ildə Mir Cəfər Bağırov Petrovskidə təhsilini başa vurduqdan sonra Quba qəzasının Xudat stansiyasında yeni açılmış ibtidai məktəbə direktor təyin olunub. O, burada yeni məktəbi formalaşdırdıqdan sonra Quba qəzasının ləzgilərin daha çox yaşadığı Nəcəfkənd məktəbinə göndərilib. M.C.Bağırov burada yerli kəndli uşaqlarını təhsilə cəlb edib. Artıq burada onun siyasi xətlərlə, o cümlədən sosialist təşkilatları və onların proqramları barədə ilkin tanışlığı başlayıb. 1916-cı ilin payızından onu Quba qəzasının iki illik Yəhudi ibtidai məktəbinə keçiriblər. Bu andan sonra Bağırovun həyatının kəşməkəşli dövrü başlayıb. 1917-ci il Rusiyada fevral inqilabından sonra onun Quba qəzasının icraiyyə komitəsinə, Qubada yerləşmiş Penza drujinasının əsgərləri tərəfindən namizədliyi irəli sürülüb və o, bu vəzifəyə seçilib. İcraiyyə komitəsində fəaliyyəti zamanı Bağırov burada o dövrün siyasi palitrasını özündə əks etdirən qüvvələrlə ilk dəfə tanış olub. M.C.Bağırov rus dilini yaxşı bildiyi üçün, xüsusən də öz istedadı ilə həmyaşıdlarından fərqlənib. Öz diribaşlığı ilə siyasi hadisələri düzgün qiymətləndirən M.C.Bağırov tezliklə Quba qəzasının sayılıb-seçilən şəxslərindən biri olan Əlibəy Zizinskinin diqqətini çəkib. Bağırov 1917-ci ilin mart ayından Ə.Zizinski ilə yaxından tanış olub. Əli bəy Zizinski Quba qəzasındakı hakimiyyət boşluğunu doldurmaq üçün silahlı qüvvələr formalaşdırıb. Bizə təqdim olunan tərcümeyi-halda isə bu dövrdə Bağırovun «Uçaqan» dəstə yaratdığı göstərilib. Guya M.C.Bağırov Ə.Zizinskinin dağıtdığı rus və yəhudi kəndlərinin gənclərindən ibarət «Uçaqan» dəstəsi yaradıb və bu gənclərin əksəriyyəti rus-alman cəbhə xəttindən fevral inqilabından sonra geri qayıdan əsgərlərdən ibarət olub. Sözügedən tərcümeyi-halda M.C.Bağırovun dili ilə guya deyilir ki, «Uçaqan dəstəsinin üzvləri Quba bəyləri tərəfindən evləri dağıdılmış yəhudi, rus və keçmişi cinayətkar olmuş müsəlmanlardan təşkil olunmuşdu». Özünüz fikir verin, kim belə sadəlövh ola bilər ki, cinayətkarlardan cəmlənmiş bir dəstəyə rəhbərlik etdiyini tərcümeyi-halında qeyd etsin. Sözsüz ki, bu absurddur!

– İndi gəldiyiniz qənaət nədir? Bağırov “Uçaqan” dəstəsi yaradıbmı? Əgər yaradıbsa bu dəstə kimlərə qarşı mübarizə aparıb?

– Bağırovun tərcümeyi-halında göstərilib ki, bu dəstə bəylərə, mülkədarlara qarşı mübarizə aparıb. Ancaq 1956-ci ildə M.C.Bağırov məhkəməsi zamanı qeyd edib ki, mənim rəhbərlik etdiyim silahlı dəstə mövcud olub və bu dəstə soyğunçuluqla məşğul olmayıb, hətta bəylərə qarşı da vuruşmayıb. «M.C.Bağırovun məhkəməsi» kitabında bu barədə ətraflı məlumat var. 1918-ci ilin Bakıdakı mart hadisələri zamanı erməni Hamazaapın Azərbaycanın şimalına doğru hərəkət edən dəstələrindən yerli əhalini qorumaq üçün yaradılmış müdafiə qruplarına Əlibəy Zizinski rəhbərlik edirdi. Tərcümeyi-halda qeyd olunub ki, M.C.Bağırov satqınçılıq nəticəsində Ə.Zizinskinin əlinə keçib və Əbu-Səttar adlı bir şəxsin vasitəsilə əsirlikdən qaçıb. Əslində isə M.C.Bağırovun da daxil olduğu Əlibəy Zizinskinin başçılıq etdiyi silahlı dəstə 1918-ci ildə Milli Hökumət qurulana qədər daşnak liderlərindən olan Hamazaspın müsəlmanlara qarşı törətdiyi soyqırımın qarşısını almaqda böyük rol oynayıb. Artıq mart ayından Əlibəy Zizinski daşnakların Şamaxıda törətdiyi qırğının qarşısını almaq üçün silahlı dəstəsini Şamaxıya istiqamətləndirib. Qubada isə xırda bir dəstə ilə M.C.Bağırov qalıb. Bax elə bu zamandan M.C.Bağırov bolşeviklərlə danışıqlara başlayıb. Bu addım düşünülmüş şəkildə Əli bəylə razılaşdırılaraq atılıb. Belə ki, o, Qırmızı qvardiyanın Bakıdakı nümayəndəsi Georgi Stura ilə danışıqlara girib. Ə.Zizinski Quba qəzasında onlara qarşı çıxacaq qüvvə olmadığını və hakimiyyətin M.C.Bağırovun timsalında bolşeviklərə meylli şəxslərin əlində olduğunu bildirib.

– Ə.Zizinskinin bolşeviklərlə əlaqə yaratmasında başlıca məqsəd və hədəf nə olub?

 

– Əli bəy M.C.Bağırovun timsalında Qırmızı qvardiyanı Qubaya dəvət etməklə, Şamaxıdan Qubaya istiqamət almış Hamazaspın dəstəsinin törədə biləcəyi qırğınların qarşısını almaq istəyib. Bununla da Əli bəy bolşeviklərin Hamazaspla birləşmələrinin qarşısını almağa çalışıb. Bu danışıqlardan sonra Qubada İnqilabi Komissarlığın rəhbəri Gelovani təyin edilib. Gelovaninin gəlişindən bir müddət sonra 1 may 1918-ci ildə Bakıdan Notovas Oqanesovun başçılığı ilə silahlı drujina Qubaya gəlib. Bu ərəfələrdə isə Əlibəy Zizinski və Hacınskinin silahlı qüvvələri yeni qüvvə toplamaq üçün Şamaxıdan geri çəkilərək Dərbənddə keçib. Mayın üçündə Əlibəy Zizinski və Hacınskinin başçılıq etdiyi silahlı dəstələr Qubaya doğru hərəkət edib. Komissarların Petrovskidən (Həştərxandan) köməyə çağırdıqları silahlı dəstələri üç günlük döyüşlərdən sonra məğlub olaraq Qubanı tərk ediblər. Çox güman ki, düşmənin planlarından və mövqeyindən xəbərdar olmaq üçün Əlibəy Mir Cəfərə Qubanı qırmızı dəstələrlə bir yerdə tərk etməyi tapşırıb. Çıxan dəstələr Dərbəndə tərəf istiqamətlənib və bu zaman onlar Şimali Qafqazdan qayıdan qırmızı komissar Naniyşvilinin eşalonu ilə qarşılaşıblar. Qırmızı silahlı qüvvələr belə qərara gəliblər ki, Bakıya hərəkət edib qüvvələri səfərbərliyə alaraq yenidən Qubaya hücum etsinlər. Lakin qırmızı silahlı qüvvələr Bakıya qayıdarkən Dəvəçidə milli qüvvələr tərəfindən gülləbarana məruz qalıblar. Bu vaxt Hamazaspın başçılığı ilə Bakı tərəfdən gələn 4 eşalon silahlı daşnak dəstəsi Dəvəçidə Naniyaşvilinin qüvvələri ilə birləşib. Hamazasp Şaumyanın göstərişi ilə Qubaya hərəkət etdiyini bildirib. Bu vaxt M.C.Bağırov Naniyaşvili tərəfindən bolşeviklərin Hamazaspın silahlı qüvvələrində nümayəndəsi təyin olunub. M.C.Bağırov Hamazaspı yaxşı tanıdığına görə, bolşeviklərin bu dəstədə nümayəndəsi olmaq istəməyib. Yaxşı ki, sovet hökuməti qurulduqdan sonra daşnaklara münasibət mənfi olub. Bu cəhətdən tərcümeyi-halı saxtalaşdıran Moskva emissarları M.C.Bağırov həyatının bu hissəsini olduğu kimi saxlayıblar. Onu da nəzərə almaq lazımdır ki, Vladimir İliç Lenin 29 iyul 1918-ci ildə S.Q.Şaumyana göndərdiyi teleqrama qədər daşnaklarla bolşeviklər siyasi hakimiyyət mübarizəsində çox hallarda eyni mövqedən çıxış ediblər.

– Əgər yanılmıramsa, Azərbaycan SSR xalq ədliyyə və əmək komissarı Əliheydər Qarayevin o dövrün hadisələrindən bəhs edən kitabı var. Orada da həqiqətlər təhrif edilib, yoxsa olduğu kimi təqdim olunub?

– Bəli, düzgün qeyd edirsiniz. 1923-ci ildə Bakıda Əliheydər Qarayevin «Yaxın keçmiş Azərbaycan kommunist partiyasının tarixinə aid materiallar» adlı kitabı nəşr olunub. Fikrimi izah etmək üçün həmin kitabdan bəzi hadisələrin təsvirini çatdırmaq istəyirəm. Ə.Qarayev yazır ki, «1904-cü ilin sonlarında Alyoşa Çaparidzenin rəhbərliyi altında Bakıda müsəlman «Hümmət» təşkilatı yarandı». «Hümmət» təşkilatı RSDP-nın Bakı seksiyasının təşkilatı kimi fəaliyyətə başlayır amma taktiki məqsədlər üçün «Hümmət» təşkilatı bəzən özünü müstəqil təqdim edirdi. Belə ki, «Hümmət» təşkilatı sosialist təşkilatları olan «Qnçak» və «Daşnaksutyun»la eyni blokdan çıxış etdikdə müstəqil görünməyə məcbur idi». 1924-cü ildə Bakıda Ə.Qarayevin «Azərbaycanda Oktyabr inqilabı və Bakı bolşevik təşkilatı haqqında materiallar» adlı yeni kitabı da nəşr olunub. Orada isə Ə.Qarayev yazırdı ki, «1918-ci ilin yayında İngilislər Bakını işğal etdikdə «Hümmət» təşkilatı fəaliyyətini gizli davam etdirməyə məcbur oldu. Yalnız 1919-cu ildə «Hümmət» təşkilatı açıq fəaliyyətə başlayaraq fəhlə və kəndlilər arasında öz təbliğatını davam etdirirdi. 1919-cu ilin yayında «Hümmət» təşkilatında parçalanma baş verdi. Parçalanma nəticəsində az menşevik tərəf bu təşkilatı tərk etdi. 1920-ci ildə «Hümmət» təşkilatı və İran kommunistlərinin cəmləşdiyi «Ədalət» RKP(b) partiyası ilə birləşərək həmin ilin 12 fevralında Azərbaycan Kommunist partiyasının gizli şəkildə I qurultayını keçirdi». Bunları, qeyd etməkdə həm də məqsədim M.C.Bağırovun tərcümeyi-halının bəzi hissələrində onun «Hümmət» təşkilatı ilə əlaqəli olduğu barədə özü tərəfindən dolayası yolla məlumat verməsidir. Sonralar, 1937-ci ilin sonunda  M.C.Bağırov, məhz «Hümmət»çi olduğuna görə həbs olunmaq təhlükəsini yaşayır. Çünki, həmin dövrdə “Hümmət”çilik artıq Nərimanovçuluq kimi, o da öz növbəsində millətçilik kimi qələmə verilirdi.

– M.C.Bağırovun özünün yazdığı, əsl tərcümeyi-halda nələr qeyd olunub?

– M.C.Bağırov Hamazaspın törətdiyi vəhşilikləri və Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı öz tərcümeyi-halının bir qədər əvvəl qeyd etdiyim səbəblərdən saxtalaşdırılmamış hissəsində geniş təsvirini verib. Hətta bu vəhşiliklər zamanı o, əmisi Mir Talıb, əmisi oğlu Mir Haşım və yeznələri Hacı Heybətin daşnaklar tərəfindən qətlə yetirilməsini qələmə alıb. Bu vəhşiliklərə dözə bilməyən Mir Cəfər erməni quldur dəstəsinin soyğunçuluğu və qətliamları barədə Bakıya teleqram göndərib. Dörd gündən sonra Alyoşa Caparidzenin səlahiyyətli nümayəndəsi Leon Qauberidzə Qubaya gəlib. Burada o, Mir Cəfəri təxribatda günahlandıraraq həbs etdirib. Qubaya  yeni inqilab komissarı Çurayev təyin edilib. Nəzarət altında olan Mir Cəfər yenidən Stepan Şaumyanın adına məktub yazıb. Bu məktubun da xeyri olmayıb. Göndərilən teleqramı təhlil etdikdə başa düşmək olur ki, Azərbaycan bolşevikləri Şaumyan haqqında və onun daşnaklara mənəvi liderlik etməsini təsdiq edən əsaslarla dəfələrlə çıxış ediblər. M.C.Bağırovun həbsdə qalmağı o vaxta qədər davam edib ki, Əlibəy Zizinski Həmidulla Əfəndinin silahlı dəstələri ilə birlikdə Qubanı azad edib. Onlar M.C.Bağırovu həbsdən buraxıblar və onu yenidən kəşfiyyat üçün Bakıya bolşeviklərin dəstəsinə göndəriblər. Sözsüz ki, M.C.Bağırov sonralar tərcümeyi-halında bu hadisəni bolşevik mənafeyinə uyğun təsvir edib. Misal üçün, M.C.Bağırov yazırdı ki, «Bakıdan gəlmiş qırmızı qvardiyanın instruktorları R.Rubiridze və Kavtoridze Alyoşa Qusarda yerləşən Ə.Zizinski ilə danışıqlar apararaq Qubanı tərk etmək barədə razılığa gəlirlər. Qubaya yeni təyin olunmuş komissar Qoberidze bu vaxt Bakıda idi. Həbsdə oturan zaman mən bu danışıqlardan xəbərdar olduğum üçün Ə.Zizinskinin və Həmidulla Əfəndinin əlinə düşməmək üçün Qoberidzenin icazəsi olmadan Qubada həbsdən qaçaraq Bakıya getdim».

– Bakıya gələn M.C.Bağırovun fəaliyyəti necə olub?

– Bakıya gələn Mir Cəfər bolşeviklərlə məsləhətləşmələrdən sonra Petrovun dəstəsinə yazılıb. Mayın 28-də şanlı türk ordusunun köməkliyi ilə Gəncədə Azərbaycan Demokratik Respublikası yaranıb. ADR yarandıqdan sonra Ə.Zizinski Bağırovu özünə köməkçi götürmək üçün Müsavat Hökumətinin Daxili İşlər Nazirinə məktub göndərib. Lakin sonradan onun qarşı tərəfdə kəşfiyyatda qalmağı daha vacib sayılıb.  Mir Cəfər Petrovun dəstəsi ilə Bakını tərk edərək Həştərxana gəlib. O, burada Rusiya kommunist bolşeviklər partiyasına qəbul olub. Onu da vurğulamaq yerinə düşər ki, Ə.Zizinskinin Müsavat Hökumətinə ünvanlandığı məktub hətta Bağırovun məhkəməsində də oxunub. 1927-ci ildə M.C.Bağırovun bütün vəzifələri əlindən alınıb və o, Azərbaycanı tərk edib. Bundan sonra onun himayəsi altında yaşayan Əlibəy Zizinski Qarayev-Mirzoyan cütlüyünün canfəşanlığı ilə güllələnib. M.C.Bağırov partiyaya qəbul olunmağını 1956-cı ilin məhkəməsində dövlət ittihamçısı SSRİ baş prokuroru Rudenkoya da izah edib. Prokuror Bağırovdan nə vaxt və harada partiyaya qəbul edildiyini soruşub. Bağırov 1918-ci ildə Həştərxan şəhərində partiyaya qəbul edildiyini bildirib. Prokuror daha dəqiq söyləməyi ondan xahiş edib. Bağırov cavab verib ki, qulluq etdiyi hərbi hissənin siyasi şöbəsində partiya sənədlərini təsdiq ediblər. Arxivdəki anketlərdə isə onun 1917-ci ildən partiyanın üzvü olduğu göstərilib. Ona görə də bu saxta anketlərlə Moskva emissarları 1956-cı il məhkəməsində M.C.Bağırovu sənədlərin saxtalaşdırılmasında ittiham edirdilər. Əslində, sənədləri Moskva özü saxtalaşdırmışdı. Bağırov məhkəmədə şəxsi anketlərində partiya üzvlüyünə 1917-ci ildə qəbul olduğunu yazmadığını bildirib. O, hətta 1918-ci ildən partiya üzvlüyünə qəbul olunduğunu təsdiq etmək üçün Olqa Qriqoryevna Şatunovskayanın şahidliyini tələb edib. 1916-cı ildən partiya üzvü olan Şatunovskaya 17 il sürgündə olduqdan sonra 1956-cı ildə məhkəmədə Xruşşovun əlaltılarının «məsləhəti» ilə ümumiyyətlə Bağırovun partiya üzvü olmadığını deyib. Bütün bu faktları bilmədən, faktları təhlil etmədən necə hökm kəsmək olar ki, M.C.Bağırov Hamazaspın adamı olub? Bu necə tarixçilik və necə alimlikdir?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR