Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) Rusiya Federasiyasına qarşı “hibrid hərəkətlərə” görə yeni sanksiyaları təsdiqləyib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının qətnaməsində deyilir.
Bildirilib ki, Avropa İttifaqı Rusiyaya qarşı iddia edilən “hibrid hərəkətlər” və xaricdəki seçkilərə müdaxiləyə görə yeni sanksiyalar mexanizmini təsdiqləyib. Qeyd edilib ki, sanksiyalar Aİ-nin, onun üzvlərinin, digər beynəlxalq təşkilatların və üçüncü ölkələrin fundamental dəyərlərinə, habelə onların bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə xələl gətirən “seçkilərə müdaxilə” və “hibrid hərəkətlər”ə görə tətbiq olunacaq.
Sanksiyalar Avropa yurisdiksiyalarında aktivləri bloklanmaya məruz qalan fiziki və hüquqi şəxslərin daha bir qara siyahısının yaradılmasından ibarətdir. Beləliklə, təşkilati baxımdan bu sanksiyalar Avropanın Rusiyaya qarşı əvvəllər tətbiq etdiyi sanksiyalardan heç də fərqlənmir.
“Hibrid hərəkətlər” və “müdaxilə”nin nədən ibarət olduğuna dair qərarlar yalnız Avropa İttifaqı üzvlərinin və ya onun xarici siyasət xidmətinin təklifi əsasında Aİ Şurası tərəfindən qəbul ediləcək.
Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Josep Borrell yeni sanksiyalar mexanizminin təsdiqi ilə bağlı ayrıca bəyanat yayıb və burada Brüsselin bu gün Aİ və NATO ölkələri ilə bağlı Rusiyanı ittiham etdiyi “hibrid hərəkətlərin” siyahısını təqdim edib: “kiberhücumlar, informasiyanın manipulyasiyası, seçkilərə müdaxilə, yandırma, vandalizm və təxribat, o cümlədən kritik infrastruktura, təxribat fəaliyyətləri məqsədilə miqrasiyanın alət edilməsi”.
Borrell həmçinin hesab edir ki, Rusiya NATO ölkələrinin “peyk rabitəsini pozur”, “hava məkanını pozur” və “Aİ ərazisində ayrı-ayrı şəxslərə hücumlar edir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ