İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı sülhməramlılara niyə “uzaqvuran” komandan gətirilir?

General Lentsovun gəlişi separatçılarda nikbinliyə səbəb olmuşdu, lakin o, Azərbaycanın müqaviməti ilə üzləşdi; general-mayor Kirill Kulakova gəlincə...

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı, general-polkovnik Aleksandr Lentsov da getdi. Onun da bölgədə fəaliyyəti uzun çəkmədi. General Lentsov elə bir ciddi fəaliyyətlə yadda qalmadı.

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Lentsov artıq Rusiya Müdafiə Nazirliyinin sərəncamına əsasən geri çağırılıb və onun yerinə yaxın vaxtlarda general-mayor Kirill Kulakov keçəcək. Hələ ki Rusiya Müdafiə Nazirliyi erməni mediasının bu xəbərini şərh etmir. Amma nəzərə alsaq ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandirlərinin qarşıdakı rotasiyası adətən Ermənistan mətbuatında birinci xəbər olur və bir neçə gündən sonra bu məlumat rəsmi təsdiqini alır. Xatırladaq ki, döyüş zabiti olan, arxasında Əfqanıstan, Çeçenistan, Gürcüstan və Suriyada döyüş əməliyyatlarında iştirak etmiş general-polkovnik Aleksandr Lentsov Qarabağda Rusiya sülhməramlılarının komandanı kimi cəmi dörd ay əvvəl- aprelin 26-da təyin edilib. Bundan əvvəl Lentsov RF Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müavini vəzifəsində çalışıb.

Lentsovun Qarabağa gəlişi erməni separatçıları arasında müəyyən nikbinliyə səbəb olmuşdu, onlar “sərt və mübariz” rus generalının azərbaycanlılarla “sərt danışa” və sonda dövləti bərpa edə biləcəyinə ümidini gizlətmirdilər. Bu ümidlər özünü doğrultmadı. Laçın sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması ilə ermənilərin Lentsovdan narazılığı daha da artdı. General-polkovnik isə ona ünvanlanmış ittihamları Ermənistanın baş naziri Nikol Paşinyana yönləndirdi. Təxminən bu cür: “Paşinyan Praqada Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, "Laçın dəhlizi"ndən söhbət gedə bilməzdi".

Nəticədə Xankəndidə Lentsovun “passivliyindən” narazılıq daha da artmağa başladı, ermənilər onun qərargahı qarşısında dəfələrlə etiraz aksiyaları keçirdi, hətta bir neçə gün əvvəl sülhməramlıların qərargahının binasının girişini bağlamağa cəhd belə etdilər. Lentsovun Qarabağdakı fəaliyyətindən Azərbaycan da razı deyildi. Əsasən ona görə ki, bölgədə sülhü və sabitliyi qorumalı olan sülhməramlılar Laçın yolundan şimala keçən Xankəndi-Xəlfəli-Turşsu yolu ilə silahların daşınmasını müşayiət edirdilər. Müşahidəçilərin fikrincə, Lentsovun Qarabağdan belə tələsik geri çağırılması təsdiqlənərsə, bu təbii ki, hər iki tərəfdən general-polkovnikin fəaliyyətindən narazılığın artması ilə əlaqələndirilə bilər.

Lentsovu əvəzləyəcəyi gözlənilən general-mayor Kirill Kulakova gəlincə, 2017-ci ildən Kulakov Kazan Ali Komandanlıq Məktəbinin rəisi, bundan əvvəl isə RF Silahlı Qüvvələrinin Suvorov Tank Briqadasının 7-ci korpusunun komandiri olub. 20 iyul 1969-cu ildə Tatarıstanda anadan olan Kulakov 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. 1995-2014-cü illərdə - Kazan Ali Hərbi Komandanlıq Məktəbində müəllim işləyib. 2014-2017-ci illərdə - Orenburq kazak briqadasının Suvorov, Kutuzov və Aleksandr Nevskinin Qırmızı Bayraq ordenli 7-ci Ayrı-ayrı Mühafizə Tankının (Çebarkul), 2017-ci ilin martından isə Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiridir. Kulakov haqqında ötən ilin noyabrında Qərb mətbuatında xoşagəlməz xəbərlər yayılıb. 53 yaşlı general-mayor Kazandakı təlim bazasında əsgərlərin etiraz aksiyası zamanı açıq şəkildə təhqir olunub. Əsgərlər onun ünvanına “buradan get, "ar olsun sənə" kimi şüarlar səsləndiriblər. Buna qədər yolu Qarabağa düşən Rusiya generalları bunlar olub - Rüstəm Muradov, Mixail Kosobokov, Gennadi Anaşkin, Andrey Volkov və Aleksandr Lentsov olub. Baxaq görək yeni komandan - Kulakov özünü necə aparacaq?

Şair Ramaldanov: “Əmr gəlsə ki, döyüşləri davam etdirmək lazımdır davam  edəcək”

 Şair Ramaldanov

Polkovnik Şair Ramaldanov “Yeni Müsavat” dedi ki, adi bir rotasiyadır və Rusiyanın daxili işidir. Polkovnik bildirdi ki, Ukraynada gedən müharibə səbəbindən hərbçilərin rotasiyası tez-tez həyata keçirilə bilər: “Lentsov təcrübəli generaldır, qaynar nöqtələrdə olub, hava-desantçı olub. Onun Qarabağda yox, başqa ərazidə imkanlarından faydalanması məsləhət görülə bilər. Bəlkə də başqa səbəblər var, biz şəxsi keyfiyyətlərini bilmirik. Onun Qarabağdakı xidmətlərinin rəhbərlik tərəfindən necə qiymətləndirilməsindən də məlumatımız yoxdur. Ancaq prinsipcə bu dəyişikliklər Ukraynada gedən müharibə fonunda baş verir”. Ş.Ramaldanov vurğuladı ki, kim gəlir-gəlsin, onlar icraçılardır: “Rusiya dövlətinin Qarabağda müvəqqəti yerləşmiş sülhməramlılarına komandanlıq edirlər. Onlar Rusiya dövlətinin marağını icra edəcəklər. Biz istərdik ki, bu hərbi kontingent hansı məqsədlə bölgəyə yerləşdirilmişdisə, o işləri görsünlər, onlara aid məsələlərlə məşğul olsunlar. Hələ ki iradlarımız çoxdur, gözləntilərimizi görə bilmirik. Onlar sülhməramlı missiyadan başqa hər bir iş görürlər. Ona görə də bu ada layiq deyillər. Digər tərəfdən isə Azərbaycan özü Xankəndinə humanitar yardım göndərib. Qırmızı Aypara bu işə peşəkarlıqla yanaşdı, müsbət və humanist addımdır. Bunun böyük əhəmiyyəti var. İndi nə ilə rastlaşacağıq, bunu görəcəyik. Bütün hallarda ermənilərin içüzü bəlli olacaq və dünya da şahid olacaq. Onda bizi ittiham edənlərin cavabını gözləyəcəyik.

Akif Nağı: “Partiya quruculuğu üçün vacib addım oldu” | Eurasia Diary

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd etdi ki, komandanın kim olmasının bizim üçün ciddi fərqi yoxdur: “O hərbçidir və tapşırıqları yerinə yetirir. Komandan Kremlin siyasətini həyata keçirir. Ukrayna müharibəsi ilə də bağlamazdım, orada əməliyyatları davam etdirirlər. Sadəcə, vaxtaşırı komandanlar dəyişir, uzun müddət saxlanmır ki, ələ alına bilər, başqa fikrə düşə bilər. Ona görə tez-tez rəhbər şəxs dəyişir. Hazırda orada mürəkkəb vəziyyət yaranıb, dünya bu prosesi izləyir, o baxımdan Rusiya rotasiya edir”,- deyə A.Nağı bildirdi. Partiya sədri hesab edir ki, Lentsov böyük iddia ilə gəlmişdi, amma Azərbaycanın müqaviməti ilə rastlaşdı, istədiklərini həll edə bilmədi: “Ekofəallar aksiya keçirdilər, "Laçın" postu quruldu, Lentsov bu hadisələrin heç birinin qarşısını ala bilmədi. Ermənilər də ondan narazı idi. Bir neçə dəfə rusların qərargahı önündə aksiya keçirmişdilər. Yeni gələn şəxs haqda isə indidən fikir söyləmək çətindir. Kazanda təhsil alıb, Tatarıstandan gəlib. Onun ilk addımlarından sonra bəlli olacaq ki, ermənilərin sifarişi ilə təyin olunub, yoxsa Rusiyanın tapşırıqlarını icra edəcək..."

Alman şirkətinə qarşı da ən sərt addımlar atılmalıdır” – Turab Rzayev

Turab Rzayev

Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə, yeni komandan haqda heç nə deyilməməsi bəzi suallar yaradır: “Bu, bizə bəzi ipucları verə bilər. Ola bilsin, yeni komandan Ukrayna cəbhəsində də olub, Priqojinin üsyanını dəstəkləyən və üsyançı hərbçilərin tərəfdarıdır və ya onların içərisindədir. Biz Priqojinin üsyanından sonra Putinə qarşı çıxan üsyançıların aradan götürülməsini gördük. Həbs olunur, yaxud da uzaqlaşdırılırlar. Ola bilsin, sülhməramlıların komandanının səssiz gedişi bununla bağlıdır. Təbii ki, bu, bir ehtimaldır. Onların rəhbərinin kim olması bizim üçün önəm daşımır. Çünki həmin şəxslərin hər hansı müstəsna səlahiyyəti yoxdur. Onsuz da çoxu ora Ukrayna müharibəsindən qaçıb, rahat həyat yaşamağa gəlib. Kremldən gələn əmrləri icra edirlər. Bizə də rəsmi Moskvanın verdiyi vədləri yerinə yetirməsi lazımdır”.

“Sülhməramlıların rəhbərliyinin tez-tez dəyişməsi onların hərbi-texniki heyət olaraq qalması və siyasi fiqura çevirilməməsi üçün edilir. Yəni məsələlərdən uzaq olmalıdırlar”. Bu sözləri isə politoloq Sergey Markov deyib. O, sülhməramlı qüvvələrin rəhbərliyinin tez-tez dəyişdirilməsini adi yerdəyişmə adlandırıb: “Bu XİN-in əməkdaşlarının işinə bənzəyir. Bütün dünyada elə edirlər. Məntiqlə götürsək, bu cür olmalıdır: XİN-in əməkdaşı Fransa ilə məşğul olursa, qoy elə Fransa elə məşğul olsun. Lakin belə deyil, onları tez-tez dəyişirlər. O, təkcə bir ölkə ilə məşğul olmamalıdır. Bu ölkənin təsiri altına düşməsin və onun çoxlu əlaqələri yaranmasın deyə, yerdəyişmə edilir. Bu prinsiplə zabit və serjant korpusunda da dəyişiklik olmalıdır. Lakin bu, çox baha başa gəlir”.

Markov Gümrüdən gələn sülhməramlıların heyətində də dəyişiklik edilməsinin vacibliyini bildirib: “Orada ən böyük problemlərdən biri də kifayət qədər rotasiya olunmamasıdır. Rotasiya Ermənistandakı Gümrü bazasının heyəti ilə olunur. Gümrüdəki əsgərlərin çoxunun ermənilərlə əlaqələri var. Kimsə özü ermənidir, kiminsə həyat yoldaşı, dostu erməni millətindəndir. Bu isə onların neytral olmasına mane olur. Ona görə də Gümrü bazasından olan sülhməramlıları Mərkəzi Rusiyadan olan sülhməramlılarla əvəz etmək lazımdır”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR