Onlayn ictimai-siyasi qəzet
Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən 1986-cı il təvəllüdlü Xalid Hüseynovun cinayət işinin təfərrüatı məlum olub. İstintaqla müəyyən edilib ki, Xalid arvadını öldürdüyünü düşündüyü üçün polisə təslim olub. Sonra isə zərərçəkmiş Təhminə Hüseynova polislər tərəfindən xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Musavat.com xəbər verir ki, Xalid Hüseynovun özündən 10 yaş kiçik olan iki uşaq anasını öldürmək istəməsinin səbəbi aralarında yaranmış mübahisə olub.
Xalid həmin gün Təhminənin Rusiyaya getmək istəməsinə və ondan ayrılmaqla bağlı qərar verməsinə etiraz edib. Buna görə də onu öldürmək istəyib.
Xalid ifadəsində deyib ki, arvadı Rusiyaya atasının yanına getmək istəyib:
“Bizim nikahdan 2018-ci il və 2020-ci il təvəllüdlü övladlarımız var. Təhminə uşaqlarla Rusiyaya köçüb orada yaşamaq istəyirdi. Bu, atasının təklifi idi. Qayınatam Rusiyaya getmək üçün onlara bilet də almışdı. Həmin gün “Heydər Əliyev” məscidinin yanında gəzirdik. Təhminəni oraya dəvət edib gələcək həyatımız barədə danışmaq istəyirdim. Təhminə yenə uşaqlarla birlikdə Rusiyaya getmək istədiyini dedi. Amma mənim onlarla birlikdə getməyimi istəmirdi. Məndən ümumiyyətlə ayrılmaq istədiyini dedi”.
Xalid bildirib ki, bu sözlərdən sonra arvadının ona xəyanət etdiyini düşünüb: “Buna görə Təhminənin başqa kişi ilə görüşdüyünü düşündüm. Son vaxtlarda mənə qarşı çox soyuq davranırdı. Ər-arvad münasibətlərimiz pisləşdiyi üçün qəzəbləndim. Onu qəsdən öldürmək qərarına gəldim”.
Xalid əvvəlcə iki əli Təhminəni boğmağa çalışıb. Təhminə huşunu itirərək yerə yıxılıb. Onun özünə gəlib ayağa qalxdığını gördükdə üzərində olan mətbəx bıçağını çıxararaq Təhminənin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Təhminə özünü qorumaq istəyərkən əllərinə və qollarına da zərbələr alıb.
Təhminənin öldüyünü düşünən Xalid yaxınlıqdakı “Heydər Əliyev” məscidinin mərasim evinin mühafizə postunda olan Mühafizə İdarəsinin əməkdaşına yaxınlaşıb. Arvadını öldürdüyünü deyərək təslim olub.
Hadisə yerinə gələn polis əməkdaşları Təhminəni xəstəxanaya çatdırıb. Onun həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb.
X.Hüseynov bu hökmdən narazı qalıb. Deyib ki, arvadını öldürmək niyyəti olmayıb. O, əməlinin qəsdən sağlamlığa ağır zərər vurma məddəsinə tövsif edilməsini istəyib.
Buna görə də Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini və 3 il müddətə azadlıqdan məhrum edilməsini, həmçinin cəzasının şərti hesab edilməsini istəyib. Onun apellyasiya şikayəti təmin edilməyib. Eyni müraciətlə Ali Məhkəməyə üz tutan Xalid Hüseynovun şikayəti yenə təmin edilməyib və hökm qüvvədə qalıb.
İlkin Muradov
Musavat.com
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ