İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağa kütləvi qayıdış tezləşməlidir”

Akif Nağı: “İnsanlara məzarlıqların ziyarət edilməsinə, ölülərini dədə-baba qəbiristanlıqlarında dəfn etmələrinə şərait yaradılmalıdır”

“Əsas perspektiv planlarımıza gəldikdə, əlbəttə ki, təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib”.

Bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. “Biz ”Böyük Qayıdış" adlanan dövlət proqramına artıq start vermişik. Proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb", - dövlət başçısı qeyd edib.

“Zəngilan rayonunun Ağalı kəndi ilə yanaşı azad edilmiş ərazilərdə digər kəndlər də layihələndirilir və tezliklə onların da tikintisi ilə əlaqədar işlər həyata keçiriləcək”. Bu fikirləri isə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov Zəngilanda keçirilən İdarələrarası “Mərkəzi Enerji Təminatı” üzrə İşçi Qrupunun 62-ci iclasında səsləndirib. N.Süleymanovun sözlərinə görə, Ağalı kəndində əldə edilən təcrübə digər kəndlərdə də tətbiq ediləcək: "Ağalı kəndi pilot layihədir. İstər dayanıqlı məşğulluğun təmin olunması, istər dayanıqlı inkişaf, istərsə də sahibkarlığın stimullaşdırılması və təşviqi kontekstində bütün bu məsələlərin nəzərdən keçirilməsində, növbəti planların icrasında buradakı təcrübə bizim üçün çox əhəmiyyətlidir. Düşünürəm ki, həm enerji işçi qrupunda, həm də digər işçi qrupları çərçivəsində bu təcrübədən faydalanmalıyıq".

O bildirib ki, bu vaxta qədər işçi qrupu çərçivəsində 60-dan artıq iclas keçirilib: “Amma iclaslardan kənar görüşlərdə də bu istiqamətdə aidiyyəti dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə məsələlər müzakirə edilib. Onlar tərəfindən gündəlik əsasda yaranan suallar daimi kontekstdə nəzərdən keçirilir və effektiv şəkildə öz həllini tapır”.

2023-cü il ərzində Qubadlı və Zəngilanda bir neçə kəndin inşa olunması planlaşdırılır. Bu barədə isə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. Onun sözlərinə görə, bu rayonlarda prioritet məsələlər ilk növbədə sosial infrastrukturun tikintisindən ibarətdir. "Söhbət məktəb, xəstəxana və yollardan gedir", - V.Hacıyev qeyd edib.

O daha sonra Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 38 faiz tamamlandığını, Zəngilan aeroportunun istismara verildiyini, həmçinin digər avtomobil yollarının inşasının davam etdiyini bildirib. Bundan başqa, onun sözlərinə görə, Cəbrayılda 240 meqavat gücündə yarımstansiyanın tikintisi üzrə danışıqlar davam edir. “Bir sıra digər kiçik su elektrik stansiyaları inşa edilib və təmir olunub”, - V.Hacıyev deyib.

O, Zəngilanda artıq 420 nəfərin (86 ailənin) yaşadığını və əlavə köçürülmə tədbirlərinin davam etdiyini bildirib.

Əslən Ağdamdan olan Azad Vətən Partiyasının sədri Akif Nağı proseslərin gedişindən bir qədər narahatdır: “Əlbəttə, insanların daha tez öz yurdlarına qayıtmasını istəyərdik. Qayıdış prosesində əsas diqqət xaricilərin oraya gətirilməsinə, erməni vəhşiliklərinin izlərinin onlara nümayiş etdirilməsinə, irihəcmli müəssisələrin tikintisinə, müxtəlif təsərrüfat sahələrinin yaradılmasına yönəlib. Bunun da müsbət tərəfləri var. Amma çatışmayan cəhət odur ki, insan faktoru arxa plana keçirilib. Azad olunmuş ərazilərə daha çox geri dönən insan selini görməliyik. Bu hələ ki müşahidə olunmur”.

A.Nağı minatəmizləmə prosesindən də danışdı: “Ərazilərin minalardan təmizlənmə prosesi də çox ləng gedir. Maksimum tez bir vaxtda bu təmizləmə prosesi başa çatdırılmalıdır. Bundan sonra Qarabağa insanların kütləvi qayıdışı təmin edilməlidir. Bunun bir yolu da insanlara öz evlərini tikmələri üçün şərait yaradılmalı, digəri isə məzarlıqların ziyarət edilməsinə, ölülərini dədə-baba qəbiristanlıqlarında dəfn etmələrinə şərait yaradılmalıdır. Bu, düşmənin də görə biləcəyi insan izdihamını yaradacaq, yurdun sahiblərinin turist kimi deyil, o yerlərin sahibi kimi qayıtdıqlarını göstərəcək”.

Yazını hazırladı: Cavanşir ABBASLI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR