İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin blefi, yoxsa... - Qərb “qızıl orta” axtarışında, Ukraynanın ilginc uğuru

Siyasi şərhçi: “Qərb tərəfdaşlarının biganəliyi və məkrli siyasəti nəticəsində Ukraynanın da tükənmə ehtimalı var”

“Rusiya Ukraynada apardığından daha geniş müharibə aparmağa qadir deyil. Qərbə yönəlik təhdidlərlə Kreml, sadəcə, blef edir və Co Bayden də bu blefə aldanır”.

Bunu ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton Kiyevə Rusiyanın dərinliyinə zərbələr endirməyə icazə məsələsində Baydenin tərəddüd etməsini şərh edərkən  deyib.

Bolton Vaşinqtonun Rusiya ərazisində ABŞ silahları ilə zərbələr endirmək qadağasını ləğv etmək istəməməsini qeyri-strateji yanaşma hesab edir. “Rusiyanın aparmağa qadir olmadığı daha genişmiqyaslı müharibə təhlükəsinə görə daim bunu məhdudlaşdırırlar. 2022-ci ilin fevralında Rusiyanın hücumunun qarşısını ala bilməməklə yanaşı, ruslar bizi Ukraynaya kömək etməkdən və bu müharibəni indi olduğundan çox fərqli nöqtəyə apara biləcək ehtiyatlı sistematik strategiyadan çəkindirdi”, - keçmiş müşavir bildirib.

Bolton qeyd edib ki, Rusiyanın NATO-ya qarşı müharibə üçün ordu hissələri yoxdur, olsaydı, Rusiyanın iki ildir qarışqa yerişi ilə irəlilədiyi Ukraynada cəbhəyə atardılar.

Nüvə silahından istifadə təhlükəsinə gəlincə, Boltonun sözlərinə görə, Amerika kəşfiyyatı sübut edib ki, Putin dünyanı nüvə qiyaməti ilə qorxutsa da, Rusiya heç vaxt nüvə qüvvələrini döyüş hazırlığına gətirməyib: “Düşünürəm ki, Putin blef etdi, biz də buna aldandıq”.

ABŞ prezidentinin keçmiş müşaviri hesab edir ki, ABŞ Ukraynada nüvə silahından istifadənin yolverilməzliyi barədə Kremlə aydın siqnal göndərməlidir: “Nüvə silahı ilə bağlı ona xüsusi və açıq şəkildə bildirilməlidir ki, Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, Vladimir Putin öz ölüm hökmünü imzalayacaq”.

Bolton haqlımı? Putin blef etməklə doğrudanmı Qərbi Ukraynaya daha güclü dəstək verməkdən çəkindirir? Gerçəklə bağlı “qızıl orta” haradan keçir?

Bu arada “Ukroboronprom”un keçmiş rəhbəri, keçmiş strateji sənaye naziri Aleksandr Kamışin bildirib ki, ölkə özünün 155 mm-lik artilleriya mərmilərinin istehsalına başlayıb. “Mən çox şeyi açıqlaya bilmərəm, lakin biz 155 mm-lik artilleriya mərmilərinin yerli istehsalına başlamışıq”, - Kamışin qeyd edib.

155 mm-lik sursat NATO standartıdır və dünyanın bir çox ölkəsində artilleriya qurğularında istifadə olunur.

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Con Bolton kifayət qədər təcrübəli diplomat və təhlükəsizlik əməkdaşıdır: “O, ABŞ-ın BMT-dəki səfirindən tutmuş, ABŞ prezidentinin Milli Təhlükəsizlik Müşaviri vəzifələrinə qədər ən müxtəlif yüksək vəzifələrdə çalışmış, ciddi məlumat bazasına malik olan şəxsdir. Zaman-zaman siyasi prosesləri analiz edən məqalələr də qələmə alır. Belə bir profilə malik olan şəxs ciddi dəlillərə söykənməyən iddialar irəli sürməz. Bununla belə, mən Boltonun indiki ABŞ hakimiyyətinin Rusiyadan qorxduğu və ya Putinin blefini yediyi üçün Ukraynanın uzaqmənzilli silahlardan istifadə etməsindən çəkindiyi fikri ilə razılaşmıram. Co Bayden nə qədər qocalsa da, mühakimə qabiliyyətini itirmək səviyyəsinə gəlsə də, hər halda, siyasi qərarları onun təkbaşına almadığına inanmıram. Bu qərarlara ABŞ-ın "dərin dövləti" deyilən qurumlar imza atır, Bayden kimi dövlət başçıları da həmin qərarları həyata keçirir. Məsələyə bu aspektdən nəzər salanda Bayden hakimiyyətinin tərəddüdünün əsl səbəbini başqa faktorlarda axtarmaq zərurəti ortaya çıxır. Şəxsən mənim fikrimcə, Baydenin tərəddüdləri qorxu ilə yox, ABŞ-ın tükəndirmə savaşı taktikası ilə əlaqədardır. Bayden əgər Rusiyanın nüvə savaşı təhdidindən qorxsa idi, Zelenski və Putinlə vaxtında danışıb gərginlik əndazəsindən çıxmamışdan əvvəl onları sülh masasına oturdardı. Biz isə tamamilə başqa mənzərə ilə qarşı-qarşıyayıq. Bayden hakimiyyəti nəinki ekskalasiyanın azaldılması istiqamətində hansısa addım atmır, əksinə, digər vasitəçilərin də bu təşəbbüsünü pozmaqla gərginliyin daha da böyüməsinə yol açır. Biz bunu 2022-ci ilin mart ayında Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında başlayan sülh danışıqlarının iflasa uğradılması zamanı da gördük. Sirr deyil ki, tərəflər yekun fikrə gəldikləri zamanda biz ABŞ liderlərinin razılığı ilə Kiyevdə peyda olan Britaniyanın baş naziri Boris Conson bu planın təxirə salınmasında mühüm rol oynadı".

Siyasi şərhçinin fikrincə, ABŞ və İngiltərənin bu sülh danışıqlarını iflasa uğratmasının əsas səbəbi Ukrayna və Rusiya üzərində aparılan tükəndirmə savaşından irəli gəlir: “ABŞ Ukraynaya uzaqmənzilli silahlardan istifadə edərək Rusiyanın dərinliklərini hədəfə alsalar müharibənin bitəcəyini anlayır. Çünki rus ordusunun NATO silahları qarşısında şansı yox kimidir. Ukrayna o silahlarla Rusiyanın dərinliklərini vurmağa başlasa, qısa zaman ərzində Moskva bir bəhanəsini tapıb geri çəkilər və beləcə, səhvin yarısından qayıtmış olar. Bu isə ABŞ-a bir neçə səbəbdən sərf etmir.

Əvvəla, o zaman Rusiya öz potensial təhlükəliliyini qoruyub saxlayar, toparlanıb yenidən ABŞ hegemoniyası qarşısında gücə çevrilər.

İkincisi, Rusiya ilə Avropa arasında da gərginliyə son qoyular və yenidən iqtisadi əməkdaşlıqlar dövrü başlayar. Rusiyanın təbii sərvətləri ilə Avropanın sənaye imkanları birləşincə, ABŞ dünya hegemoniyasında böyük zərbə alar. Beləcə, getdikcə güclənən Avropa ABŞ-ın təsir dairəsindən çıxmağa cana atar. Fransa prezidenti Emmanuel Makron da 2019-cu ildə “NATO-nun beyin ölümü reallaşıb” deyərkən məhz bunu nəzərdə tuturdu. Sözsüz ki, ABŞ asanlıqla öz avantajını nə Qərbə, nə də Rusiyaya vermək istəyər. Əksinə, Ukrayna savaşı ilə Avropa ölkələri “könüllü” şəkildə ABŞ-ın hegemonluğu altına girib və Vaşinqton bacardığı qədər bu avantajını qorumaq niyyətindədir.

Üçüncüsü, Ukrayna-Rusiya savaşının regionda meydana gətirdiyi status-kvo Çinin də Avropayla kommunikasiya əlaqələrini ciddi ölçüdə zəiflədib. Müharibə bitərsə, bu əlaqələr yenidən qurular və nəticədə ABŞ müasir çağımızda ən böyük rəqibinin önünü açmış olar. Zira məlumdur ki, Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin şimal marşrutu Rusiyadan keçərək şimali Avropya uzanır. Müharibə isə bu əlaqələri tamamilə dayandırıb.

Digər amil, fikrimcə, Ukrayna və Rusiyanın təbii sərvətlərinin istismarı ilə bağlıdır. ABŞ senatorlarından birinin “Ukrayna qızıl üzərində oturub, onun 15 trilyon dollarlıq nadir torpaq nümunələri var və biz bu zəngin məmləkəti Rusiyaya buraxmarıq” anlamına gələn sözləri də bu təxminlər doğrular mahiyyətdədir. Rusiya və Ukraynanın təbii sərvətlərini mənimsəmək üçün onlar tükənənə qədər savaşmalı, hər ikisi əldən düşdükdən sonra yenidənbərpa prosesi xətrinə Vaşinqtonun insafına bel bağlamalıdır. Artıq əksər politoloqlar müharibənin seyrinin bu istiqamətdə irəliləməsi barədə bədbin proqnozlar verirlər".

O ki qaldı Ukraynanın 155 mm-lik artilleriya mərmilərinin istehsalına, Heydər Oğuz məsələnin texniki tərəflərini analiz etməyi hərbi ekspertlərin ixtiyarına buraxdığını, özünün isə sadəcə, mövzunun digər tərəflərinə nəzər salmaq istədiyini bildirdi. Siyasi şərhçinin fikrincə, ABŞ-ın tükəndirmə savaşı çərçivəsində Ukraynaya göndərilmiş mərmilərindən Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verilməməsi Kiyevi bu addımı atmağa məcbur edir: “Məsələ burasındadır ki, üç ilə yaxındır davam edən müharibə həm Rusiyanın, həm də Ukraynanın hərbi ehtiyatlarını tükəndirib. Rusiya silahı özü istehsal etdiyindən bu qıtlığı asanlıqla aradan qaldırır. Cəbhədən gələn məlumatlara inansaq, artilleriya atışları sahəsində Rusiya ilə Ukrayna arasındakı fərq 4-ün 1-ə nisbətində Rusiyanın xeyrinədir. Üstəlik, Ukraynanın əlindəki artilleriya qurğuları NATO tərəfindən verilib. Onların mərmilərinin ölçüləri isə fərqlidir. Bu qurğuların aktiv işləməsi üçün NATO ölkələri Ukraynaya davamlı olaraq mərmi göndərməlidirlər. Amma bunu belə zamanında göndərmək istəmirlər. Çünki müharibənin ağrılarını öz dərilərində hiss etmirlər. Xeyli müddət əvvəl Çexiya prezidenti Ukraynanın bu kəsirlərinin qarşısını almaq üçün 1 milyon mərmi toplama kampaniyasına başlamışdı. Sonradan məlum oldu ki, Qərb ölkələri bu daşın altına belə əl qoymaq istəmədilər. Ən pisi isə odur kİ, Qərb dövlətləri Rusiyanın təhdidlərini bəhanə edib Ukraynaya ya silah, ya da həmin silahdan istifadə icazəsi vermir. Bu durumda Ukraynanın qarşısında bir yol qalır: öz silahlarını özünün istehsal etməsi. Amma Ukraynanın bu istiqamətdə də ciddi problemləri yaşanacaq. Çünki bu silahları istehsal etmək üçün texniki avadanlıqlara, barıta ehtiyacı yaranacaq. Onları yenə Qərb dövlətlərindən almalıdır. Qərb isə öz keyfindədir. "Mənə toxunmayan ilan min il yaşasın" fəlsəfəsi ilə hərəkət edir, Rusiyanın ona hücum etməyəcəyini düşünür. Məntiqlərində haqlı olduqları məqam var. Həqiqətən də bu savaşdan Rusiya tükənərək çıxacaq. Amma nə yazıq ki, bu tükənmə birtərəfli olmayacaq. Böyük ehtimalla Qərb tərəfdaşlarının biganəliyi və məkrli siyasəti nəticəsində Ukraynanın da tükənmə ehtimalı var".

E.MƏMMƏDƏLIYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR