Onlayn ictimai-siyasi qəzet
“Bu həm də Moskvanın Vaşinqton qarşısında incə gedişidir”
Rusiya ABŞ-da keçirilən prezident seçkilərində Kamala Harrisi dəstəkləyəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadi Forumunun plenar iclasında çıxışında bildirib (APA).
Onun sözlərinə görə, ABŞ-da prezidentlik yarışında Rusiyanın favoriti Co Bayden olub: “Demişdim ki, bizim favoritimiz belə demək mümkünsə, indiki prezident cənab Bayden idi. O, yarışdan kənarlaşdırıldı, lakin bütün tərəfdarlarını xanım Harrisi dəstəkləməyə təşviq etdi. Ona görə də biz də bunu edəcəyik, ona dəstək olacağıq”.
Putin qeyd edib ki, Tramp Rusiyaya qarşı indiyədək heç bir prezidentin tətbiq etmədiyi qədər məhdudiyyət və sanksiyalar tətbiq edib.
“Əgər xanım Harris üçün hər şey yaxşı gedirsə, bəlkə o, bu cür hərəkətlərdən çəkinər”, - deyə Rusiya prezidenti vurğulayıb.
Putinin bu açıqlaması Harrisin ziyanına, yoxsa xeyrinə işləyəcək? Onun qələbə şansına necə təsir edəcək? Rusiyaya gerçəkdənmi Baydenin namizədinin qələbəsi sərfəlidir?
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Kreml sahibinin Amerika ilə məzələndiyini bildirdi: “Fikrimcə, bu, sol göstərib sağ vurmaqdır. Guya Putin bununla amerikalı seçicilərlə manipulə edir. Həm də yalan danışır. Ən çox sanksiya Baydenin vaxtında Rusiyaya qarşı tətbiq olunub. Yəni demokratların vaxtında. Putin isə əksini söyləyir. Məhz Baydenin vaxtında Rusiyaya qarşı təcrid siyasəti irəli sürüldü. Düzdür, bunu təkcə Baydenin Rusiyaya qarşı prinsipal mövqeyinə görə bağlamaq olmaz. Rusiyanın Ukraynaya hücumu Qərbin Moskvaya qarşı təcrid sanksiya siyasətini şərtləndirdi. Doğrudur, həmin dövrdə prezident Tramp olsaydı eyni davranardırmı, bu artıq başqa bir məsələdir. Rus federal kanalları illərdir ki, demokratlara qarşı təbliğat aparır. Əgər doğurdan da Putinin söylədiyi kimi olsaydı, bunun əksini görərdik. Həm də bu çıxışı ilə Putin amerikalılar ilə məzələnmiş olur. Kəşfiyyatçı kimi onlara tapmaca deyir. Həm də bununla amerikalılara deyir ki, baxın mən də sizin kimi başqa dövlətin daxili işlərinə, seçki prosesinə qatılıb və təsir edə bilərəm. Onsuz da Trampın ilk dəfə seçilməsini həm də rus xakerlərin seçkiyə müdaxiləsi ilə bağlayırlar. Putinin bu açıqlaması, düşünmürəm ki, Harrisin ciddi ziyanına işləyəcək. Əksinə, onun tərəfdarları bununla göstərməyə çalışacaqlar ki, görürsünüz bu hiylə ilə əslində Putin Trampın üstündən təhlükəni götürmək istəyir. İstənilən halda Harrisi Tramp qarşısında daha şanslı hesab edirəm. Tramp bir qadına qalib gələrək prezident oldu, o biri qadına da məğlub olaraq bu cür tarixə düşəcək. Və bununla da Amerika tarixində qadın prezident seçiləcək və bu bir ilk olacaq. Harrisi prezidentliyə namizəd verməklə amerikan dərin dövləti Trampın üstündən bir xətt çəkdi”.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva bu açıqlamanın xanım namizədin əleyhinə işləcəyini qeyd etdi: “Rusiya prezidenti Vladimir Putinin ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlaması təkcə Kremlin mövqeyi kimi başa düşülməməlidir. Bu həm də Moskvanın Vaşinqton qarşısında incə gedişidir. Vladimir Putin əslində hər zaman Donald Trampla işləməkdə maraqlı olub. Çünki Tramp administrasiyası qarşılıqlı mənfəət dialoqlarında hər zaman daha peşəkar davranış sərgiləyib. Kreml sahibinin Kamala Harrisi dəstəkləməsi onun seçkilərdəki reytinqinə mənfi təsir göstərəcək addımdır. Düşünürəm ki, Kreml bununla yenə də ABŞ-dakı seçkilərə müdaxilə edəcəyinin anonsunu verib. Moskva sanksiyalar məsələsini açıq kart kimi ortaya atıb. Rusiya rəhbərliyi Ukrayna savaşına onu sürükləyənin və Kremli bu çıxılmaz bataqlığa çəkənin məhz Bayden administrasiyası olduğunu yaxşı dərk edir. Ona görə də Kreml vəziyyətin çıxış yolunu Trampda, daha doğrusu, onunla baş tutacaq mənfəət dialoqlarında görür. Tramp dövründə Rusiyaya qarşı sanksiyalar qüvvəyə minsə də, sonrakı danışıqların nəticəsində asqıya alınmışdı. Amma Co Bayden dönəmində Rusiya iqtisadiyyatı tarixinin ən amansız durumuna düşdü. Sanksiyalar halqası daha da daraldıldı. Bütün bunların fonunda düşünürəm ki, Putinin son açıqlaması Kamala Harrisin Tramp qarşısındakı mövqeyinə ciddi təsir göstərəcək. Hətta Putinin bu bəyanatı oktyabr debatında xanım Harrisin üzünə şillə kimi vurulacaq”.
Rusif Məmmədsoy
Politoloq Rusif Məmmədsoy Putinin açıqlamasının Trampın mövqelərini daha da gücləndirəcəyini düşünür: “Hazırda bütün dünyanın gündəmini zəbt edən məsələ Rusiya-Ukrayna savaşıdır. Bu bölgədə müharibə daha da şiddətlənib və perspektivdə nələrin olacağını proqnozlaşdırmaq qeyri-mümkün hala çevrilib. Savaşın ilk iki ilində qarşıdurma Ukrayna ərazisində gedirdisə, bu gün artıq Rusiya içərisinə sıçrayıb. Təbii ki, bu hal Putin Rusiyasını çıxılmaz duruma salıb. 3 günə Kiyevə çatacağıq deyən rus generallar hazırda Ukrayna ordusunu Kurskdan, Sudjadan çıxarmağın yollarını axtarır. Yəni, vəziyyət getdikcə Rusiyanın əleyhinə getməyə başlayır. Bundan çıxış yolu Ukraynanın mövcud şərtlər daxilində danışıqlar masasına oturmasıdır ki, bu da inandırıcı görünmür. Ukraynanın şərti bəllidir, Rusiya tutduğu bütün ərazilərdən çıxmalıdır. Bu isə Putinin sonunu gətirəcək ssenaridir. Bu məqamda ABŞ-da Tramp ”Mən bu müharibəni durduracam" deyir. Doğrudur, bu pafosdur. Yəni, Trampın və ya digərlərinin bu savaşı bir gündə dayandırmaq kimi imkanı ola bilməz. Rusiyanın üzləşdiyi əsas problemlərdən biri də qarşılaşdığı sanksiyalardır. Logistik xətlər bağlı, qərbə çıxış məhdud. Belə bir şəraitdə düşünürəm ki, Putin əksinə, daha çox biznes haqqında düşünən Trampın gəlişində maraqlı olmalıdır. Təsadüfi deyil ki, Trampla Putinin münasibətlərinin yaxşı olması ilə bağlı ciddi iddialar mövcud idi. Putinin bu açıqlaması isə heç bir halda Kamala Harrisin timsalında demokratların xeyrinə işləyəcək amil deyil. Tamamilə əksinə, bu açıqlama Trampın mövqelərini daha da gücləndirir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ