İnsanlara hürriyət, millətlərə istiqlal!

Pulun musiqisi

“Yetim əlində qoğal əcaib görünər”

(Azərbaycan ata sözü)

Dırnaq ustası manıslığa başlayaraq üç ayda 70 min manat qazandığını bəyan edib, verilişdə qalmaqal düşüb. Başqa bir manıs rəqəmə inanmadığını söyləyib. Deyib sənin heç səsin də yoxdur.

Amma bizdə oxumaq üçün səs vacib deyil ki. Ən gülünc söhbət isə “sənə bu pulu kim verər” iradıdır. Niyə vermirlər? Bizim millət daldada söydüyü adamı uşağının əziz toy məclisinə dəvət edib lap 100 min də sayar. Bu tip məsələlərdə bizim riyakarlığımıza qədim yunanların ikiüzlü tanrısı Yanus həsəd aparardı, hərçənd adını yanvar ayında yaşadan tanrı o qədər neqativ kadr deyildi, bütün başlanğıcların Allahı sayılırdı.

Başlanğıc, start önəmlidir. Təsadüfə bax ki, dırnaq ustasının haqsız tənqidə məruz qaldığı gün qəzetdə başqa manıs nostalji ilə xatırlanmışdı. Sən demə, bu yoldaş 80-90-cı illərdə populyar müğənnilərimizdən olmuşdur (üzrlü sayın, şəxsən mən ilk dəfə tanıdım), ancaq 30 il sənətdən ayrı düşüb, indi geri qayıdıbdır. Bəs bu müddətdə harada olub? Bax, anekdot elə buradadır: hörmətli yoldaş gömrükdə çalışıb. Hətta gömrük polkovniki rütbəsinəcən yüksəlibmiş!

İntervüdə bu barədə səmimi açıqlaması var idi, deyir, müstəqilliyə başlayanda iqtisadi çətinliklər vardı, gördüm ailəni dolandırmaq olmur, getdim tamojnaya. Vacib olan ailədir. Belə söylədi. Deyir, maşallah, indi hər şeyim var, pensiyaya çıxmışam, qərara gəldim təzədən oxuyum.

Belə baxanda gömrük məmuru maaşı, xüsusilə 90-cı illərdə, orta statistik manısın alababat mağar toyunda qazandığının heç onda biri qədər deyildi. Həmin adam isə incəsənət sahəsində işləyirmiş, hətta hansısa ali məktəbdə dekan olub. Deməli, uyğun sahə təhsili də yoxmuş. (Bu yerdə 90-cı illər gömrüyümüzün unikal zırramalarından olan Tahir müəllimin “Aldığımız rüşvətin içində rüsum da var idi” afyorizmini xatırlamamaq mümkün deyil). Ancaq yoldaş, belə çıxır, işləyə-işləyə, zümzümə edə-edə təhsilini də alıb, polkovnik də olub. Maşallah. Pis gözlər çıxsın.

Nə deyə bilərik, yuxarıda yazdım, uca millətimiz üçün insanın düzgünlüyü, halallığı ucuz dekorasiyadan başqa şey deyildir. Biz həmişə qulduru, oğrunu “bacarana baş qurban” deyərək öymüşük. İstənilən orta statistik yaşayış məntəqəmizi götürün və orada yaşayan namuslu, vicdanlı, düzgün insanların adlarını xatırlamağa çalışın. Heç uzağa getməyin, elə öz məhəllə, kənd, küçə, binanızı fikirləşin. Neçə nəfər yadınıza düşəcək, düzünü deyin. İnanmıram bir əlin barmağı qədər ola. Ancaq yaramaz və əliəyri yada salmağa başlasanız gərək kalkulyatoru açasınız.

Əlbəttə, bizim manıs ola bilsin oğrular kateqoriyasında məşhur oliqarxlarımızın əlinə su tökməyə də yaramaz, bəlkə lap balaca bir cücüdür. Ona görə haqqında anonim yazıram, adını çəkməyə dəyməz. Sadəcə, prinsiplərimizi, həyata, dünyaya baxışımızı izah etmək üçün uyğun örnək olması marağımı oyatdı. Heç jurnalist zalım balası da sual vermir ki, ay müəllim, ailəni saxlamaq üçün gömrüyə niyə keçdiniz, bəyəm başqa işlər yox idimi?

O cümlədən dırnaq ustalığı kimi halal, sadə bir peşədən gələrək manıs olmaq millətə çöçün gəlir, söz atırlar, dolayırar, amma manıs tamojnaya baş vuranda heç kimdə sual yaranmır. Fərqi gördünüzmü? Bunun bizim folklorda, necə deyərlər, qısa özəti də var. Bax: epiqrafa. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR