İnsanlara hürriyət, millətlərə istiqlal!

Peşə təhsilinin inkişafı üçün edə biləcəklərimiz - hər şey dövlətdən asılıdır? 

Dünyada peşə təhsilinə maraq ali təhsil almaq arzusundan heç də geridə qalmır. Müxtəlif dövlətlərdə bir çox vacib, texniki sahələr üzrə, ümumiyyətlə, ali təhsil anlayışı yoxdur. Bu sahələr, məsələn, elektrik mühəndisi, avtomobil mühəndisi və s. üzrə mütəxəssislər 2-3 illik peşə təhsil müəssisələrində təcrübəyə daha çox üstünlük verilməklə hazırlanır.

Sirr deyil ki, bu gün əmək bazarında peşə sahiblərinə tələbat daha çoxdur, nəinki ali təhsil almış şəxslərə. Son illərdə Azərbaycanda da bu sahənin inkişafı üçün dövlət tərəfindən addımlar atılır. Yeri gəlmişkən, Nazirlər Kabinetinin bir neçə gün əvvəl verdiyi qərara əsasən, peşə təhsili pilləsinin texniki peşə təhsil səviyyəsində təhsil alanlar da təhsil tələbə kreditləri ala biləcəklər.

Kamran Əsədov: 4 minə yaxın şəxs universitetə imtahansız qəbul olub –  Mektebgushesi

Kamran Əsədov: “Peşə təhsilinə marağı artırmaqla xarici ölkələrə üz tutan gənclərin sayını azalda bilərik”

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda orta ixtisas təhsil müəssisələri və peşə məktəblərinə maraq o qədər də yüksək deyil. O bunu infrastrukturun düzgün qurulmaması, kadr potensialındakı ciddi problemlərlə əlaqələndirdi: “Müstəqillikdən öncəki illərdə əmək bazarına daha çevik daxil olmaq istəyi ilə əlaqədar peşə təhsilinə daha çox maraq var idi. ”Təhsil haqqında" qanuna edilən dəyişiklikdən sonra  orta ixtisas təhsili müəssisələrini bitirənlər imtahansız ali məktəblərə qəbul olmaq imkanı qazandılar. Bundan sonra gənclər peşə təhsilinə maraq göstərməyə başladılar. Növbəti dəyişiklik ilə yüksək texniki peşə təhsilini bitirənlər subbakalavr statusu alacaqlar. Onların da ali məktəblərə qəbulu mümkün olacaq. Ölkə Prezidenti peşə təhsili ilə bağlı sərəncamlar imzalayır. Bununla bağlı müvafiq strukturlar da yaradılıb. Məlumdur ki, 2016-cı ildən texniki peşə təhsilinin inkişafında yeni mərhələ başlayıb. Təcrübə göstərir ki, peşə təhsili təhsil sisteminin aparıcı istiqaməti olmalıdır. İnsanlar qısa müddətdə mütəxəssisə çevrilib əmək bazarına daxil ola bilərlər. Peşə təhsilini bitirənlərə subbakalavr statusunun verilməsi və yeni qaydalarla ödənişli əsaslarla təhsil alanlara kreditlərin verilməsi gənclərin bu sahəyə marağını artıracaq. Bu, çox yaxşı haldır. Hesab edirəm ki, biz peşə təhsilinə və orta ixtisas təhsilinə daha çox diqqət ayırmalıyıq. Təhsil Tələbə Kredit Fondu tərəfindən peşə təhsilini bitirənlərə kreditin verilməsi əlçatanlığı, o cümlədən peşə təhsilinə marağı artıracaq".

K.Əsədov peşə təhsili alanların təhsil müddətində hərbi xidmətdən azad olunmasını təklif edir: “Biz müvafiq addımlarla peşə təhsilinə marağı artırmaqla xarici ölkələrə üz tutan gənclərin sayını azalda bilərik. Bu da öz növbəsində ölkədən gedən maliyyə axınının azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, peşə təhsili alanlara 50 AZN təqaüd verilir. Hesab edirəm ki, təqaüdlərin və yataqxanaların artırılmasına da çalışmalıyıq”.

Cütlüklər niyə qeyri-rəsmi münasibətə üstünlük verir? "Ailə institutu"  ciddi təhlükə ilə üz-üzədir - Mediapost.az - Azərbaycan Xəbərləri

Üzeyir Şəfiyev: “Bir qisim gənc sırf maddi çətinlik ucbatından təhsil ala bilmir”

Sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev isə mövzu ilə bağlı bildirdi ki, hər il əmək bazarına 100 min insan daxil olur. Onun sözlərinə görə, rəqabətlilik səviyyəsi isə gənclərin müvafiq təhsilindən asılıdır: “Hər il orta təhsil pilləsini təxminən 90 min insan bitirir. Ali təhsil üçün plan yerləri isə təxminən 51 mindən çoxdur. Kolleclər, peşə məktəblərinin plan yerləri isə 20 mindən yuxarıdır. Belə olan halda ali təhsil müəssisələrinə qəbul oluna bilməyənlərin taleyi necə olur? Bu baxımdan təhsilin əlçatanlığı təmin olunmalıdır. Bir qisim gənc sırf maddi çətinlik ucbatından təhsil ala bilmir. Bunu təmin etmək üçün təhsil kreditlərinə müraciət imkanı yaradılmalıdır ki, artıq Azərbaycanda bu məsələ həll olunub”.

Ü.Şəfiyev hesab edir ki,  əmək bazarının tələblərini nəzərə almaq lazımdır: “Azərbaycanda 5-10 ildən hansı peşələrin prioritet olacağını müəyyənləşdirmək lazımdır. Təhsil imkanları məhdud olan gəncləri o istiqamətlərə yönəltmək olar. Bunun üçün sosial dəstək paketlərinə ehtiyac var. Pulsuz yataqxanalarla təminat, o cümlədən motivasiyaedici təqaüd barədə düşünmək olar. Digər tərəfdən, sahibkarlar, şirkətlər təhsil kredit fondları yaratmaqla özlərinə lazım olan peşə sahələri üzrə gənclərin təhsilinə dəstək verə bilərlər. Həmin gəncləri təhsili bitirdikdən sonra kadr kimi işə cəlb edə bilərlər. Yəni təkcə dövlət proqramları ilə deyil, özəl sektor vasitəsilə də əmək bazarını mütəxəssislə təmin etmək olar”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR