İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın bu səhvi Ermənistana baha oturacaq – Sələflərinin yoluna qayıdır?

Ermənistan rəhbərliyi dünyanın gözündən pərdə asmaq üçün sülh oyunbazlığına davam edir. Artıq şəkk-şübhə qalmayıb ki, rəsmi İrəvan rəsmi Bakı ilə bölgədə uzunmüddətli sülhə və əməkdaşlığa xidmət edəcək sülh müqaviləsi imzalamaqda maraqlı deyil.

Nədəni bəlli: çünki hələ də revanşist planlardan tam əl çəkməyib. Yoxsa kapitulyant tərəf ölkəmizə qarşı açıq-aşkar ərazi iddiasının yer aldığı konstitusiyanı dəyişməyə tələsər, üzdəniraq Minsk Qrupunun rəsmən ləğvinə razılıq verərdi. Bölgədə daimi sülhün təməl şərti olan konstitusiya dəyişikliyini 2027-ci ilə (!) saxlamazdı. Hansı vaxtadək ki, Ermənistan adlı simvolik dövlət dünya xəritəsindən silinə də bilər.

Guya dünəndən konstitusiya islahatlarına start veriblər. Əlbəttə, yenə beynəlxalq birliyi çaşdırmaq üçündür. Bu minvalla “konstitusiya islahatı” on illərlə sürə bilər. Məsələn, 2027-ci ildə bəyan edərlər ki, xalq konstitusiya dəyişikliyinə qarşıdır. Təbliğatı da məhz referendumda “inkar” yönündə qurarlar...

Bunun adı “dəvəquşu siyasəti”dir. 26 illik (1994-2020) danışıqlar dövründə də Ermənistan bu cür sülh imitasiyası ilə məşğul idi. Göylə gedirdi. Azərbaycanın Qarabağda erməni varlığına zəmanət verən son dərəcə əlverişli barışıq təkliflərini qulaqardı edirdi. Bir də ayıldılar ki, qiymətli zamanı, unikal şansı qaçırıblar.

Nəticə məlumdur – 44 günlük müharibədə haqq edilən acınacaqlı məğlubiyyət, Qarabağda separatizmin kökünün kəsilməsi. Deyəsən indi baş nazir Nikol Paşinyan da sülh sənədi məsələsində görünməmiş astagəlliklə sələflərinin fəlakət vəd edən yoluna qayıtmaq istəyir. Bunu Bakı ilə İrəvan arasında diplomatik məktublaşma şəklində neçə aydır davam edən sülh sənədi müzakirələri başqa yandan təsdiqləyir.

Xəbər verildiyi kimi, az öncə Ermənistan sənəd layihəsinin redaktə olunmuş 10-cu mətnini Azərbaycana qaytarıb. Həm də özünə sərf edən 4 prinsipial maddəni oradan çıxarmaqla. Ardınca isə görün nə təklif edirlər?

“Biz mühüm bir addım atdıq: sənədin bütün razılaşdırılmış və ya faktiki razılaşdırılmış maddələri əsasında Azərbaycanı onu imzalamağa çağırırıq”.

Bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Sarkis Xandanyan Azərbaycanın Ermənistanın sülh sənədi layihəsindən bəzi maddələri çıxarması ilə bağlı bəyanatına şərh edərkən deyib.

“Düşünürəm ki, sülh müqaviləsinin əsas hissəsi razılaşdırılıb. Məzmun baxımından bu çox vacibdir. Yəni bu yolla sülh müqaviləsinə çıxıb onu imzalamaq mümkün olacaq. Top Azərbaycanın meydanındadır”, - Xandanyan bildirib.

Yəni ki, Bakıya minnət qoymaq, onu borclu çıxarmaq məsələsi.

Xeyr, “top” Ermənistan tərəfdədir. Özü də çoxdan – ta Azərbaycan beynəlxalq hüququn 5 baza prinsipi əsasında sülh müqaviləsi təklif etdiyi 2022-ci ilin martından!..

Ötən həftə keçirdiyi mətbuat konfransında Nikol Paşinyan sülh sənədindəki 17 bəndin 13-nün artıq Bakı ilə razılaşdırıldığını və sənədi imzalamağln mümkün olduğunu bildirmişdi. Yəni 4 bənd olmadan. Rəsmi Bakı isə bunu qeyri-ciddilik kimi qiymətləndirdi. Bu da o anlama gəlir ki, İrəvanın çıxdaş etdiyi bəndlər kifayət qədər prinsipial xarakterlidir.

Görəsən sülhə töhfə verməyən, müharibə riskini azaltmayan formal sənədi imzalamağa dəyərmi? Ermənistan tərəfi bununla nəyə nail olmaq istəyir? Ümumiyyətlə, sələfləri kimi vaxt udmaq taktikası seçmiş Paşinyanın “sülh proqramı” və ya “sülh formulu” radikal-revanşistlərin “sülh formulu”ndan nə ilə fərqlənir? Fərqlənirmi?..

Və sonda. Azərbaycan Minsk Qrupunun 26 ilik səmərəsiz “vasitəçiliyi”nə səbirlə dözdü. Ancaq onda torpaqlarımız işğal altında idi. Hərgah Qərbi Azərbaycan indi də işğaldadır. İrəvanda bunu da unutmasınlar. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın vaxtilə öz xalqını xəbərdar etdiyi kimi, “bu gün bizə təklif edəni götürməsək, sabah yalvaracağıq”.

Ermənistan yenə ona təklif olunanı götürmək istəmir. 3 ildir. O zaman bədəlinə də gərək hazır olsun. Tarix onunla hesablaşmayanlarla amansız davranır, cənab haylar...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR