İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyanı nə Qərb, nə də Rusiya devirə bilir, ona görə ki..." - ŞOK DETALLAR

"Ermənistanın baş naziri Nikol Paşinyanın küçə hərəkatları ilə devrilməsi ehtimalları indi üçün real görünmür. Əgər belə bir ehtimal varsa, bu məsələ daha çox Qərblə Nikol Paşinyan münasibətlərinin dinamikası ilə izah olunmalıdır".

Musavat.com xəbər verir ki, bu barədə politoloq Aqşin Kərimov sosial media hesabında bildirib.

Politoloq qeyd edib ki, Nikol Paşinyan Qərbin ona qoyduğu tələb və şərtlər əsasında siyasət yürüdə bilmir:

"Ermənistan artıq Azərbaycanın sülh gündəmindəki tələblərin əsirinə çevrilib ki, bu da regionda Azərbaycan-Türkiyə strateji ittifaqının dinamikasını gücləndirir.

AQSİN.jpeg (208 KB)

Nikol Paşinyanın sülh gündəliyindəki mövqeyi isə Rusiyanın maraqları ilə dərin ziddiyyət təşkil etmir. Bununla belə, Rusiya üçün də Paşinyana yanaşmada ehtiyatlılıq dərəcələri qalmaqdadır. Deməli, Paşinyanın devrilməsi son nəticədə Rusiya-Qərb sövdələşməsi ilə müəyyənləşə bilər.

Hələlik isə Ermənistanda Rusiyameyilli qüvvələrlə Qərbə inteqrasiya tərəfdarları arasında rəqabət qızışır. Lakin Rusiyanın Ermənistandakı siyasi təsir rıçaqları zəifləyib, Moskva Paşinyana müxalif qüvvələrin mərkəzləşdirilməsini və onun böyük elektorat qazanmasını təşkil edə bilmir. Üstəlik, Rusiya ilə yanaşı, Robert Koçaryan və Serj Sarkisyanı Qərb də gizli dəstəkləyir.

Nikol Paşinyanın necə devrilməsi ilə bağlı Koçaryanla Sarkisyan arasında böyüyən fikir ayrılıqları məncə, daha çox Rusiya-Qərb mübarizəsinin əlamətləri ilə əlaqədardır.

Üstəlik, Nikol Paşinyanın Koçaryan-Sarkisyan mümkün müttəfiqliyi ilə devrilməsi ehtimalları yoxdur, çünki erməni ictimaiyyətində həmin iki keçmiş prezidentə dərin bir nifrət var.

Burada digər keçmiş prezident Levon Ter-Petrosyanın da elektorat cəhətdən ciddi problemləri var. Buna görə də Paşinyanın hakimiyyətdən getməsi sabiqlərə ediləcək yatırımlar hesabına baş tutmayacaq. Ehtimal ki, belə bir variant varsa, yeni kadr elə Ermənistan hakimiyyətinin öz daxilində hazırlanır.

Ancaq Paşinyanın iqtidardan uzaqlaşdırılması ehtimalları zəif olaraq qalmaqdadır.

Səbəblərindən asılı olmayaraq, siyasi qüvvələr nisbətində Rusiyanın Qərbə uduzduğu görünməkdədir. Lakin Moskvanın Ermənistanda hərbi və iqtisadi portfeli doludur, bu da İrəvana təzyiq aləti kimi tətbiq olunur".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR