İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan KTMT-dən Türkiyəyə görə çıxmaq istəyir - ilginc iddia

Ermənistanı KTMT-dən çıxmağa həvəsləndirən Qərb “daha Türkiyədən qorxma” vədi verə bilərmi?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında baş verən proseslər getdikcə daha çox diqqət cəlb edir. Bir sıra ekspertlər hesab edir ki, indiki gedişlə  KTMT dağıla və ya ən azı bəzi üzvlər qurumu tərk edə bilər.

Birliyin tezliklə üzvlərini itirəcəyi haqda söhbətlərdə əsasən Ermənistan və Qazaxıstanın  adları çəkilir. Bəzi  rusiyalı siyasətçilərin səsləndirdiyi hədələr Rusiya ilə 7644 kilometrlik sərhədi olan bu ölkənin təhlükəsizliklə bağlı əndişəsini daha da artırıb. Ancaq Qazaxıstan rəsmiləri də  KTMT-dən çıxmaq kimi niyyətlərinin olmadığını  təsdiqləyiblər. O zaman KTMT-də əsas narazı qalan ölkənin  Ermənistan olduğu üzə çıxır. Erməni ekspertlər xəbərdarlıq edir ki, İrəvan KTMT-ni tərk edərsə, Rusiya ona çox ziyan vura bilər. Ermənistanın “Qraparak” nəşri yazır ki, KTMT indi İrəvanı özünün ən zəif halqası hesab edir: “Ermənistan KTMT-nin qəbirqazanı rolunu öz üzərinə götürüb, onun əsas benefisiarı olan Rusiya Federasiyasına Ermənistanın özü üçün fərqli təhlükəsizlik sistemi seçdiyini deyir. Əvvəlcə Təhlükəsizlik Şurasının katibi, sonra Paşinyan, indi isə parlamentin sədri Alen Simonyan Ermənistanın KTMT-dən dərin məyus olmasından danışırlar. Simonyan Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə bəyan edib ki, KTMT son toqquşmaya qeyri-operativ və səmərəsiz reaksiya verib. Simonyan əlavə edib ki, Ermənistanın uzunmüddətli təhlükəsizlik həlləri üçün vaxtı yoxdur, çünki KTMT onların təhlükəsizliyini təmin edə bilmir. Lakin belə təhdidlər təkcə gülməli deyil, həm də komikdir. Ukrayna 8 ildən artıqdır ki, NATO-ya üzv olmaq istəyir, deyəsən, o ittifaqda hamı Ukraynanın üzvlüyünün tərəfdarıdır, amma bunu qəbul etmirlər. İndi Ermənistan rəsmiləri Moskvaya gedib, Rusiya hakimiyyətini hədələyir ki, vaxtımız yoxdur, tez qərar verməliyik.

Ermənistanın Türkiyədən qorunmaq üçün KTMT-yə ehtiyacı var. Alen Simonyan Moskvada deyəndə ki, "bizim başqa təhlükəsizlik həll yollarımız var, əslində deyir ki, bizim Qərbdən zəmanətlərimiz var, Türkiyə artıq bizim üçün təhlükə deyil, siz bizi Türkiyədən qoruya bilməzsiniz".

Yada salaq ki, Astana sammitində Paşinyan KTMT-də MDB-yə müşahidəçi statusu verilməsi təklifinə qarşı çıxıb. Paşinyan deyib ki, bəzi vacib suallara cavab tapılmayınca bu təklif barədə qərar vermək olmaz. Təbii ki, Paşinyan ilk növbədə Azərbaycanın KTMT ilə hər hansı təşkilati bağlılığının yaranmasından çəkinir. Hələ Astanaya qədər Azərbaycanın KTMT-yə müşahidəçi statusla daxil olma dedi-qodularına Ermənistan dəfələrlə ağrılı reaksiya verib. Azərbaycan MDB üzvü olduğuna görə, MDB-nin müşahidəçilik statusundan Azərbaycanın bəhrələnə biləcəyi Ermənistanı qorxudur. Azərbaycanın MDB-nin üzvü olaraq bu təşkilatın KTMT-də təmsilçiliyinə hansı şərt daxilində məqbul yanaşdığına reaksiyası yoxdur.

Ermənistanı KTMT-dən çıxmağa həvəsləndirən Qərb “daha Türkiyədən qorxma” vədi verə bilərmi? Azərbaycanın da daxil olduğu MDB-nin KTMT-də müşahidəçi statusu alması Bakıya nə verə bilər?

Moldova-Azərbaycan münasibətlərində maraqlı detal:“Rusiyanın planlarına  qarşı..."

Əziz Əlibəyli 

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bunu real görmür: “KTMT-nin dağılması ilə bağlı hansısa bir yanaşmanın olması real görünmür. Ermənistanın da bu qurumdan çıxması Paşinyan komandasının hakimiyyəti itirməsinə gətirib çıxara bilər. Bizim nöqteyi-nəzərimizdən də çox maraqlı proseslər gedir. Rusiyanın nüfuzunun olduğu bir hərbi qruplaşma olsa belə, 12-14 sentyabrdakı erməni təxribatlarında Azərbaycanın mövqeyini ifadə edən konfiqurasiya meydana çıxdı. Bu, Qazaxıstan və Qırğızıstanın timsalında baş verdi. Bu istiqamətdən proseslərə daha çox yanaşmalıyıq. Paşinyan Türkiyəyə görə "rus-NATO-su"ndan çıxırsa çıxsın. Qərblə İranın münasibətləri çox kəskindir. Azərbaycan və Türkiyəni hələ bir kənara qoyuram, Ermənistanın addımlarından narazı qalan Rusiya onu necə cəzalandıra bilər? Ortada bu sual da mövcuddur. Bu cür yanaşanda görməliyik ki, Ermənistanla KTMT münasibətlərindəki problem Paşinyan-KTMT problemidir, yəni Ermənistanın problemi deyil. Bu baxımdan Paşinyanın iqtidarını itirməsi daha real görünür, nəinki Ermənistanın KTMT-dən çıxması..."

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Putinlə hər bir halda zarafat etməyin çox təhlükəli olduğunu qeyd etdi: “Bu gün Putinin iradəsi olmadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr həmin qurumu tərk edə bilməz. Əks halda, Putin həmin ölkə rəhbərini ağır şəkildə cəzalandırar. Amerika o arzudadır ki, KTMT dağılsın və Putinə ağır zərbə vursunlar. Nə Ermənistan, nə də Qazaxıstan indiki vəziyyətdə qurumu tərk edə bilməz. Qazaxstanda bir necə ay öncə baş vermiş hadisələri xatırlayın. Nazarbayevin hansı vəziyyətə gətirildiyini hamı gördü. KTMT öz ordusunu ora yerləşdirdi. Qan bahasına baş vermiş etirazlar yatırıldı. Yüzlərlə insan qətlə yetirildi. Minlərlə aktivist həbs olundu. Eyni vəziyyət Ermənistanda da baş verə bilər, əgər Paşinyan KTMT-dən çıxmaq istəsə. Paşinyan KTMT-dən Türkiyəyə görə çıxmaq istəyir kimi ilginc iddiaların əsası ola bilməz. Ermənistanın siyasi rəhbərliyinə daxil olan şəxslərin açıq və ya dolayı yolla KTMT-dən narazılığı dilə gətirməsi, Təhlükəsizlik Şurasının katibinin, sonra Paşinyanın, indi isə parlamentin sədri Alen Simonyanın Ermənistanın KTMT-dən dərin məyus olmasından danışması Kremlə qarşı yönəlmiş açıqlamalardı. Bir sözlə, Putini şantaj edirlər. Narazı qaldıqlarını göstərmək istəyirlər. Hətta Simonyan Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə bəyan edib ki, KTMT son toqquşmaya qeyri-operativ və səmərəsiz reaksiya verib. 13 sentyabrda Azərbaycanla baş vermiş hadisəni nəzərdə tuturlar. Ermənilər öyrəşib ki, Azərbaycanla rus əsgəri savaşmalıdır və əvəzində bunlar Azərbaycanın torpağını mənimsəməlidirlər. Tarix boyu bunu görüblər. İndi baş vermir deyə, bu cür münasibət ortaya qoyurlar. Ermənistanın rəhbərliyi çox yaxşı bilir ki, Putinlə çox ciddi zarafat etmək hansı aqibətlə qarşılaşmaq deməkdir. Bunu Ukrayna nümunəsində də Putin hər kəsə göstərib. Azərbaycanın KTMT ilə hər hansı təşkilat bağlılığının yaranmasından Ermənistan narahat ola bilər. Ancaq bu gün Azərbaycanın və onun siyasi rəhbəri, cənab Prezident İlham Əliyevin KTMT-yə daxil olmaq niyyəti, arzusu dilə gətirilməyib. Görün neçə ildir KTMT yaranıb. İlham Əliyev məsləhət bilsəydi, ilk illərdən həmin quruma daxil olardı”.

Daha sonra N.Orduxanlı bunları dedi: “Azərbaycanın da daxil olduğu MDB-nin KTMT-də müşahidəçi statusu alması Bakıya nə verə bilər sualınıza gəldikdə isə, Azərbaycan bu günə qədər müstəqil dövlət olduğunu hər kəsə sübut edib. Azərbaycanın həm Avropanın ən güclü beynəlxalq təşkilatları ilə, həm Qərblə, həm də bır sıra qurumlarla əməkdaşlıq etməsində ciddi bir problem görmürəm. O cümlədən də dediyiniz KTMT-də müşahidəçi statusla iştirak etməsində. Bu Azərbaycanın müstəqil dövlət kimi fəaliyyət göstərməsinə heç bir mane törədə bilməz. Onsuz da Azərbaycan 1993-cü ildən Müstəqil Dövlətlər Birliyinin üzvlüyünə daxil olub. Nə dəyişib ki?! Heç nə! Ermənistanı KTMT-dən çıxmağa həvəsləndirən Qərb "daha Türkiyədən qorxma" vədi verə bilərmi yanaşmasına gəldiksə isə, Qərb bu gün Türkiyədə hörmətli Ərdoğan kimi bir siyasi rəhbərin olduğunu arzulamır. Amerika Türkiyədə Süleyman Dəmirəl kimi bir rəhbərin olması arzusundadır. Yəni ABŞ-ın bütün tapşırıqlarını can-başla yerinə yetirən şəxs istəyir. Bu gün ABŞ bütün gücü ilə çalışır ki, Rusiya hər tərəfdən zəif duruma düşsün..."

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR