Onlayn ictimai-siyasi qəzet
Tural Abbaslı: “Bu günə qədər Ədliyyə Nazirliyi heç bir partiyanın qapadılması iddiası ilə çıxış etməyib”
Xəbər verildiyi kimi, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyi siyasi partiyaların fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu öyrənmək səlahiyyətini itirir.
Bununla belə, əsasnaməyə edilən əlavəyə görə nazirliyə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsi verilir. Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyi həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda siyasi partiyaya münasibətdə məlumatları nəzərdən keçirmək, araşdırma aparmaq, izahat almaq, yazılı xəbərdarlıq etmək və digər tədbirlər görmək kimi hüquqlara malikdir.
Qanundakı yeniliyin sadə dildə “açması” nədir? Siyasi partiyalar öz fəaliyyətlərində bundan sonra daha nələri nəzərə almalıdır?
AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a deyib ki, qeyd olunan dəyişikliklər daha çox texniki xarakter daşıyır: “Ədliyyə Nazirliyinin siyasi partiyalarla bağlı yoxlamalar aparmaq səlahiyyəti var idi. Sadəcə olaraq, həmin səlahiyyətlər nazirliyə partiyaların bağlanmasına birbaşa qərar verməyə imkan vermirdi. Nazirlik bunun üçün məhkəməyə müraciət etməli idi”.
Tural Abbaslı
Partiya sədri texniki xarakterli dəyişikliklərin Venesiya Komissiyası və ya Avropa Şurasının tələbləri sırasında olduğu qənaətindədir: “Bu tələblər əvvəl də var idi. Ədliyyə Nazirliyinin partiyalara müdaxilələrinin azaldılması tələb olunurdu. İstənilən halda partiyalara nəzarət var. İldə 1 dəfə reyestr məlumatlarının Ədliyyə Nazirliyinə təqdim olunması tələbi var. Dövlət partiyaların fəaliyyətini Ədliyyə Nazirliyi vasitəsilə tənzimləyir. Ona görə də partiyalarla bağlı sənədlərdə bir sözün çıxarılıb digərinin əlavə edilməsinin elə də ciddi önəmi yoxdur”.
Partiya sədri bildirib ki, 1990-cı ildən bu yana Ədliyyə Nazirliyi Azərbaycanda hər hansı bir partiyanın işinə müdaxilə etməyib: “Bu günə qədər Ədliyyə Nazirliyi heç bir partiyanın qapadılması iddiası ilə çıxış etməyib. Bu baxımdan Ədliyyə Nazirliyinin partiyalara müdaxiləsi minimaldır”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ