İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin qızlar tapıldı, acı hekayə isə bitmədi - yeni detallar

Bu insidentdə ən böyük günahkar kimdir: valideyn, sürücü, yoxsa? - sosioloqdan çağırış

Ötən həftə ictimaiyyəti narahat edən Maştağadakı itkin düşmüş iki yeniyetmə qızın - 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızının və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızının tapılması xəbəri rəsmən təsdiqləndi. Onlar artıq “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib və ilkin tibbi və psixoloji yardımla təmin olunublar. Bu barədə birliyin sədri Kəmalə Ağazadə məlumat verib.

İlkin araşdırmalara əsasən, qızların bir taksi sürücüsü tərəfindən evində gizlədildiyi məlum olub. 10 gün sonra tapılan Aygünün anası Aksana Hüseynova qızların bir qadının evində qaldığını deyib: “Reyhanın istədiyi oğlan olub. Birlikdə onların evinə gediblər. Həmin oğlanın anası da evdə olub. Evdə başqa bir oğlan və qız da var imiş. Bu müddət ərzində həmin evdə yaşayıblar. Onlar işə gedəndə qızlar evdə tək qalıb. Həmin qadın qızların axtarıldığını bilib. Bunu televiziya kanallarından da izləyiblər. Amma məlumat verməyiblər.

Son günlər məlumatlar sosial şəbəkələrdə geniş yayıldıqdan sonra qadın qorxub və polisə məlumat verib. Amma indi bir nəfər taksi sürücüsü məsuliyyətə cəlb edilib. Bu qadın da, oğlu da günahkardır. Bizə bunları yaşadanlar cəzalandırılmalıdır. Saxlanıldığı deyilən taksi sürücüsünün nə etdiyini bilmirəm. Onun bu işdə iştirakından məlumatsızam. Amma qadın özü bizə dedi ki, qızlar onun evində olub. Biz həmin qadının şəklini də çəkmişik. İşin ədalətli araşdırılmasını tələb edirik. Hələ ki qızlarımızı görə bilməmişik".

Bəs kimi hansı cəza gözləyir? Sürücünün taleyi necə olacaq? Ümumiyyətlə, bu insidentdə ən böyük günah yiyəsi kimdir - valideyn, sürücü, yoxsa?

Hazırkı vəziyyətdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, bir neçə hüquqi məsuliyyət forması mövcuddur:

Cinayət Məcəlləsinin 145.1-ci maddəsi - Azadlıq hüququnun pozulması: Yetkinlik yaşına çatmayanların iradəsi xaricində onları müəyyən bir yerdə saxlamaq, azad hərəkətlərinə mane olmaq cinayət məsuliyyəti yaradır. Təqsirli şəxs 2 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər.

Qızların ailələri bildirir ki, onlar bir qadının evində, qadının oğlunun təşviqi ilə qalıb. Həmin qadın və oğlu onların axtarışda olduğunu bilmələrinə baxmayaraq, hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. Yalnız məsələ sosial şəbəkələrdə geniş yayıldıqdan sonra qadın qorxuya düşərək polisə məlumat verib.

Beləliklə, taksi sürücüsü qızları gizlətməkdə və onların tapılması üçün aparılan əməliyyata mane olmaqda şübhəli bilinir. Əgər sübut olunsa, o, 2 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər.

Qadın və onun oğlu da azyaşlıların qanunsuz saxlanılması, məlumat verməmək və azyaşlıların rifahını təhlükəyə atmaq ittihamları ilə üzləşə bilərlər. Valideynlərə gəldikdə isə, Ailə Məcəlləsinə əsasən, valideynlər övladlarının həyat və təhlükəsizliyini qorumağa borcludurlar. Bəs belə hadisələrin qarşısını necə almaq olar?

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir  Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

Üzeyir Şəfiyev

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Doğrudan da, bu çox ciddi hadisədir. Gördüyünüz kimi, bir hadisə digər oxşar, analoji hadisələrə təsir göstərir və artıq presedent səciyyəsi daşımağa başlayır. Yəni bu kimi hadisələr sonrakı analoji davranışların nümunəsinə çevrilir. Bir neçə həftə əvvəl də bu cür bir hadisə baş vermişdi. Hadisənin "qəhrəmanı" açıqlamasında bildirmişdi ki, onun evdən qaçmasının əsas səbəbi hansısa seriala baxaraq ondan təsirlənməsi olub və bu təsir nəticəsində emosional qərar verib.

Son hadisədə də müşahidə edirik ki, bu cür davranış sosial şəbəkə üzərindən formalaşıb. Hər iki yeniyetmə qız onlayn platformalarda tanış olduqları şəxslərlə ünsiyyət qurduqdan sonra evdən qaçıblar. Daha narahatedici məqam isə budur ki, hadisə iştirakçılarının bəziləri utanmadan açıqlamalar verərək guya ailə qurmaq məqsədilə bu addımı atdıqlarını bildiriblər. Halbuki 2008-ci il təvəllüdlü bir qızın ailə qurmaq üçün evdən qaçması cəmiyyət üçün həm sosial, həm hüquqi, həm də mənəvi baxımdan böyük suallar doğurur. Burada artıq bir neçə hüquq pozuntusu və cinayət tərkibli məsələ ortaya çıxır".

Onun fikrincə, hadisənin kökündə duran əsas səbəblərdən biri sosial şəbəkələrdə nəzarətsizliyin hökm sürməsidir: “Uşaq və yeniyetmələr üçün bu platformalara çıxış çox rahat və maneəsizdir. Bəzən məhz bu asanlıq və açıq sərbəstlik müxtəlif təhlükəli davranış formalarının yayılmasına zəmin yaradır. Uşaqlar və yeniyetmələr sosial mediada müxtəlif təsirlərə məruz qalır, doğru və yanlış informasiya arasında fərq qoymaqda çətinlik çəkirlər. Bu isə onların psixoloji və sosial inkişafına mənfi təsir göstərir.

Digər bir mühüm məqam isə valideyn nəzarətinin zəif olmasıdır. Burada söhbət sərt nəzarətdən yox, maarifləndirici və yönləndirici “yumşaq nəzarət” mexanizmindən gedir. Doğrudur, bəzi valideynlər həyat şəraitinin çətinliklərini, güzəran qayğılarını əsas gətirərək uşaqlarına kifayət qədər vaxt ayıra bilmədiklərini bildirirlər. Lakin bu, onların valideynlik məsuliyyətindən imtina etməsinə əsas vermir. Valideynlər anlamalıdırlar ki, onlar uşaqlarına diqqət göstərmədikdə, bu boşluğu sosial şəbəkələr və qeyri-rəsmi təsir mənbələri doldurur. Bu isə uşaqların yanlış təsirlərə məruz qalmasına və daha böyük problemlərlə üz-üzə gəlməsinə səbəb olur.

Valideyn-uşaq münasibətlərində təzyiq və sərt münasibət də ciddi səhv yanaşmadır. Valideyn bir tərəfdən, uşağa azadlıq, digər tərəfdən isə etibarlı bir nəzarət mexanizmi təmin etməlidir. “Valideyn” sözü ərəb mənşəlidir və “etibar” və “göz” anlamına gəlir. Yəni valideyn həm etibar edən, həm də diqqətlə izləyən bir varlıq olmalıdır. Uşaq ən azı 18 yaşına qədər valideyn nəzarəti altında olmalı, amma bu nəzarət sərt deyil, anlayışlı, dəstəkverici və müsbət istiqamətləndirici olmalıdır.

Təəssüf ki, son hadisələrdən də görünür ki, bəzi hallarda valideyn nəzarətsizliyi açıq şəkildə özünü göstərir. Bu da nəticə etibarilə belə ağır sosial fəsadlara yol açır. Uşaqların davranış trayektoriyasının izlənməməsi, onların emosional vəziyyətlərinə və sosial çevrəsinə laqeyd yanaşılması sonda ailə və cəmiyyət üçün ciddi problemlərə səbəb olur".

Şəfiyevin sözlərinə görə, hadisə bir daha aktual bir məsələyə işarə edir: “Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca bir qanunun qəbul edilməsinə ciddi ehtiyac var. Hazırda Türkiyədə bu istiqamətdə tətbiq olunan qanun modeli mövcuddur. Əgər bu cür qanun Azərbaycanda da qəbul olunarsa, sosial şəbəkə istifadəçilərinə qarşı daha effektiv süzgəc mexanizmi tətbiq ediləcək. Bu isə hüquqazidd informasiyaların, etik normalara zidd paylaşımların, uşaqların və yeniyetmələrin mənəviyyatına zərər verən məzmunların yayılmasının qarşısını alacaq. Belə tənzimləmə həmçinin sosial şəbəkə mühitinin daha sağlam və təhlükəsiz bir formaya salınmasına kömək edəcək.

Bundan əlavə, orta məktəblərdə də uşaqlara nəzarət mexanizmləri gücləndirilməlidir. Məktəblər təkcə təhsil verməklə kifayətlənməməli, həm də şagirdlərin sosial davranışlarını, onların maraq dairələrini izləməli və erkən xəbərdarlıq mexanizmləri tətbiq etməlidirlər. Uşaqların hərəkət trayektoriyası barədə məlumatlı olmaq və bu istiqamətdə valideynlərlə sıx əməkdaşlıq etmək potensial risklərin qarşısını vaxtında almaq üçün vacibdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR