Onlayn ictimai-siyasi qəzet
Tehran hələ ki rəsmi ittiham irəli sürmür, lakin ölənlərin sayı durmadan artır - təhlil
İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib. Bu barədə İRNA məlumat yayıb.
Nazirlik Bəndər Abbas şəhərində havanın çirklənməsinin əhəmiyyətli dərəcədə artması və ammonyak, kükürd dioksid və azot dioksidi kimi çirkləndiricilərin buraxılması ehtimalını əsas gətirərək fövqəladə vəziyyət elan edib. Bununla bağlı Hörmüzqan Tibb Elmləri Universitetinə insanların evdə qalmaları, açıq havada olmamaları və açıq havada fiziki fəaliyyətdən çəkinmələri barədə geniş məlumat verməsi barədə tapşırıq verilib.
Səhiyyə Nazirliyi vətəndaşlara, xüsusilə həssas qruplara evdən çıxarkən maska taxmağı tövsiyə edib. Bəndər Abbas valiliyi də bütün təhsil müəssisələrinin sabahdan bağlanılacağını açıqlayıb. Bu barədə Hörmüzqan Əyalət İdarə Şurası qərar qəbul edib.
Bu bir terror hadisəsidir, ya texnogen qəza? Çünki ötən həftəsonu ABŞ-la İran arasında danışıqların üçüncü raundu keçirildi. Əlavə olaraq prezident Məsud Peşeşkianın Bakıya səfəri (28 aprel) gözlənilirdi. Belə vaxtda limanda baş verən hadisə ilə bağlı mülahizələr nədən ibarətdir?
“Bəndər Abbas partlayışında İsrailin əli var və bunu dəlillər göstərir”. Tehranın İran parlamentindəki nümayəndəsi Məhəmməd Sərac belə deyib. “Bu, təsadüfi deyildi, aydın dəlillər İsrailin iştirakını göstərir. Dörd fərqli nöqtədə partlayışlar baş verdikdə, bu, artıq konteynerlərə partlayıcıların yerləşdirildiyini sübut edir. Partlayıcı maddələrin konteynerlərə yerləşdirilməsində daxili mənbələrin iştirakını istisna etmirik”, - Sərac bildirib.
“Bəndər Abbas limanında baş vermiş partlayış təkcə İrana zərbə deyil. Dünya mediası qurbanların sayı, dağıntılar və kimyəvi maddələrə diqqət yetirərkən, daha mühüm bir məqam kölgədə qalır: faktiki olaraq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas qovşağı iflic vəziyyətinə düşüb”. Bu fikirləri isə erməni ekspert Vahe Davtyan səsləndirib. “Söhbət Süveyş kanalına real alternativ kimi təqdim olunan və Rusiyanın fəal şəkildə inkişaf etdirdiyi marşrutdan gedir. Bu dəhliz Sankt-Peterburqu Hindistanın Mumbay şəhəri ilə İranın limanları vasitəsilə birləşdirməlidir.
Bəndər Abbas limanı sadəcə anbar sahəsi və ya bir körpü deyil. Bu, illik on milyonlarla ton yük dövriyyəsinə malik qlobal strateji əhəmiyyətli bir obyektir. Buradan neft məhsulları, taxıl, sənaye avadanlıqları və minlərlə konteyner daşınır. Bu liman Rusiyadan Hindistana yüklərin sürətli və əlçatan daşınmasını təmin etməli, Qərbi və onun nəzarət yollarını kənarda qoymalı idi. Baş vermiş partlayış təkcə bu marşrutu deyil, bütövlükdə təşəbbüsün gələcəyini təhlükə altına atır", - Davtyan bildirib.
Ekspert qeyd edir ki, iqtisadi əhəmiyyətli limanın partlaması təsadüf olmaya da bilər: “Beləliklə, partlayış təsadüfi qəza idimi, səhlənkarlıq, yoxsa xəbərdarlıq siqnalı? Rəsmi Tehran bəyan edib ki, hadisəyə ammonium perxloratın - raket yanacağı komponentinin saxlanması qaydalarının pozulması səbəb olub. Bu izah xüsusilə son vaxtlar İsraillə artan hərbi gərginlik fonunda uyğun versiya kimi görünür. Lakin pərdə arxasında başqa ehtimallar da dolaşır. Əslində partlayış İranı müvəqqəti olaraq beynəlxalq ticarətdən təcrid etdi. Limanın fəaliyyətinin dayanması artıq həm ixraca, həm də neft-kimya sənayesinə ciddi zərbə vurub. Bundan əlavə, limanda hərbi məqsədli komponentlərin də saxlanıldığı məlumdur ki, bu da hadisənin qəsdən törədilməsi ehtimalını gücləndirir.
Bu şəraitdə Moskvanın mövqeyi daha da önəm qazanır. Rusiya Şimal-Cənub dəhlizinə dünya ticarət dövriyyəsinin gələcək əsas arteriyası kimi baxır. Bu yol Rusiyadan Hindistana malların, əvəzində isə Hindistandan ədviyyat, çay, dərman məhsulları və avadanlıqların idxalını Qərbin və Çinin təsiri olmadan təmin etməlidir. İran bu təşəbbüsün açarıdır. Bəndər Abbas isə həmin açarın qıfılı. Bəs görəsən, bu qıfıl təsadüfən partladı, yoxsa kimsə onun nə qədər kövrək olduğunu xatırlatmaq istədi?
Bu, sadəcə, texniki bir hadisə deyil, bir sınaqdır. Əgər partlayışdan sonra sistemli islahatlar, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, beynəlxalq nəzarət və ciddi investisiyalar həyata keçirilməzsə, Şimal-Cənub dəhlizi daimi təhlükə altında qalacaq".
Qeyd edək ki, İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 46 nəfər ölüb. Bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, 138 nəfər xəstəxanadadır və onlara tibbi yardım göstərilir. Bundan əvvəl yayılan məlumatda 40 nəfərin öldüyü, 1240-dan çox insanın isə xəsarət aldığı qeyd olunmuşdu.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında cənub qonşumuzun bu partlayışdan sonra İsrailə qarşı rəsmi ittiham irəli sürməməsini bir sıra amillərlə izah etdi: “İranın Hörmüzqan vilayətində baş verən faciəvi hadisənin terakt olduğu istisna edilmir. Amma bu məsələdə texnogen qəzanın olması ehtimalı da az deyil. Əslində məsələyə bir çox baxış bucağından baxmaq lazımdır. Birincisi, baş verən ərazidə İsrail kəşfiyyatı həmişə fəallığı ilə seçilib. İranın bir çox nüvə alimi məhz həmin areallarda məhv edilib. İkincisi, Bəndər Abbasdakı bu hadisəni etnik bəlucların və ya intiqamçı kürd qruplarının törətmə ehtimalı da az deyil. Üçüncüsü, partlayışın qurğuların köhnə olması səbəbindən baş verməsi ehtimalı da yüksəkdir. Çünki uzun illərdir ki, İran Qərbin sanksiyalar məngənəsində çırpınır”.
S.Əliyevanın sözlərinə görə, texniki-strateji obyektlərin infrastrukturunun yenilənməməsi də təbii fəlakətə yol aça bilər: “Amma İsrail kəşfiyyatının burada əlinin olması daha çox inandırıcı nüansdır. Çünki Mossad bu cür əməliyyatla İran dövlətinin zəif nöqtələrini üzə çıxarmaq istəyə bilərdi. Əgər belədirsə, yəhudilər bu istəyinə nail ola bildilər. Çünki İran yanğınları təkbaşına söndürmək iqtidarında olmadığını göstərdi. Rusiya öz amfibiya təyyarəsini İrana göndərdi. İran İsrailə qarşı rəsmi ittiham irəli sürmür ki, bu, Tehranın Tel-Əviv qarşısında açıq-aşkar zəif düşməsi deməkdir. Söhbət İran mediasında, xüsusən də "News 24" media platformasında İsrailə yönəlik ittihamlardan gedir. İranın bəzi kəşfiyyat mərkəzli xəbər platformaları analitik yazılarda Bəndər Abbasdakı hadisədə İsrailin əlinin olduğunu düşünürlər. Ancaq rəsmi Tehran susur. Bu susqunluq həm də Omanda baş tutan İran-ABŞ danışıqları fonunda baş verir. Bir sözlə, molla rejimi partlayışı İsrailin üzərinə atmaqla suyu daha da bulandırmaq istəmir. Əksinə, Tehran indi soyuq suyu da üfürə-üfürə içir ki, ABŞ-ın hücum planından mümkün qədər yayına bilsin".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ