Onlayn ictimai-siyasi qəzet
BBC xəbər verir ki, aprelin 25-də Moskva yaxınlığındakı Balaşixada avtomobilin partlaması nəticəsində həlak olan general-leytenant Yaroslav Moskalik Ukraynadakı müharibədəki vəziyyətin monitorinqinə cavabdeh olub.
Musavat.com xəbər verir ki, bu fakt Rusiya Müdafiə Nazirliyinin orqanı olan “Krasnaya Zvezda” qəzetində dərc olunan nekroloqda da əksini tapıb.
Müharibənin başlanğıcından etibarən Moskalik Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Döyüş İdarəetmə Qrupunun növbətçi heyətinə rəhbərlik edib və döyüş əməliyyatları zonasındakı vəziyyətin izlənilməsini koordinasiya edib. O, həmçinin prezident Vladimir Putin və Müdafiə naziri üçün analitik materialların hazırlanması ilə də məşğul olub. Nekroloqu imzalayanlar arasında yeni müdafiə naziri Andrey Belousov və Baş Qərargah rəisi Valeri Gerasimov da var.
FTX-nin məlumatına görə, partlayışı 42 yaşlı İqnat Kuzin törədib. Onun Ukraynada yaşamaq icazəsinin olduğu bildirilir. İddiaya görə, o, əvvəlcədən avtomobil alıb və içinə əl işi partlayıcı qurğu yerləşdirib. Həmin qurğunun komponentləri isə Ukraynanın xüsusi xidmət orqanları tərəfindən Moskva ətrafında yaradılmış gizli anbarlardan əldə edilib. 27 aprel tarixində Moskva Basman Məhkəməsi Kuzini terror aktı ittihamı ilə həbs edib.
Ertəsi gün isə Ukrayna prezidenti Volodimir Zelenski Moskalikin adını çəkmədən Ukrayna kəşfiyyatını Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələrinin məhv edilməsi ilə bağlı tərifləyib. “Ədalət mütləq zəfər çalacaq”, — deyə o bəyan edib.
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ