İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdəki partiyaların sayı artdı

43 mandat partiyasız şəxslərə qismət olub - Milli Məclis seçkilərinə reaksiyalar

1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün növbədənkənar parlament seçkiləri keçirilib. “Yeni Müsavat” xəbər verir ki, majoritar seçki sistemi ilə keçirilən səsvermədə 125 yer uğrundə 990 nəfər mübarizə aparıb.

Azərbaycandakı seçki məntəqələrinin hamısı protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bu barədə MSK-nın rəsmi saytında sentyabrın 2-də məlumat yerləşdirilib. MSK-nın saytında respublika üzrə məntəqələrin 100 faizinin (6478 məntəqə) hesabat verdiyi qeyd olunub. Parlament seçkilərində seçici fəallığı 37,24 faiz təşkil edib.

MSK-nın saytında qalib gələn namizədlərin siyahısı da yer alıb. Beləliklə, sentyabrın 1-də keçirilmiş parlament seçkilərinin ilkin nəticələrinə görə, prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası 125 yerlik Milli Məclisdə 69 mandat qazanıb.

Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Hüquq, Demokratiya Partiyası 2 deputat yeri əldə edib. Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası isə hərəsi 1 mandat olmaqla parlament partiyası olmaq imkanı əldə edib.

43 mandat isə partiyasız şəxslərə qismət olub.

Açıqlanan nəticələrə görə, parlamentin ən yaşlı deputatı Ziyad Səmədzadə olacaq. Onun hazırda 84 yaşı var. 3, 4, 5, 6 və indi də 7-ci çağırış deputat olacaq. Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri olub.

Ən gənc deputat isə 31 yaşlı Səbinə Xasayevadır. Onun namizədliyi 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən irəli sürülüb. 68.4 faiz səs toplayıb. Səbinə Xasayeva 6-cı çağırış Milli Məclisə deputat seçilib. YAP Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.

İlkin nəticələrə görə, dairələr üzrə ən yüksək səs toplayan namizəd 112 saylı Zaqatala seçki dairəsindən YAP-ın namizədi Asəgərov Asif Yunis oğlu olub. Belə ki, o, seçicilərin 79,7 faiz səsini toplaya bilib.

Qeyd edək ki, Asif Əsgərov 2015-ci ildən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır.

Seçkilərin ilkin nəticələrinə görə, 28 nəfər ilk dəfə millət vəkili adı qazanıb.

11 siyasi partiya parlamentdə təmsil olunmaq hüququ qazanıb.

Budəfəki seçkidən sonra Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) və Böyük Azərbaycan Partiyası (BAP) da parlament partiyası statusu əldə edib.  AMİP sədri Arzuxan Əlizadə və BAP sədri Elşad Musayev də deputat seçilib.

“Cebheinfo.az” parlamentə yeni seçilən deputatların təəssüratlarını öyrənib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə seçkilərə qatılarkən özünə inamının olduğunu deyib: “Mən doğulub boya-başa çatdığım və bu illər ərzində yaşadığım ərazidən namizədliyimi irəli sürdüm. Həmin ərazidə çox sayda tərəfdarlarımız, dostlarımız, qohumlarımız, yaxınlarımız, məktəb, tələbə və əsgərlik yoldaşlarımız var.

Ona görə də əvvəlcədən nəticənin uğurlu olacağına inanırdım. Hesab edirəm ki, çox uğurlu təşviqat-təbliğat kampaniyası apardıq. Demək olar ki, hər gün seçicilərlə həm geniş tərkibli, həm də məhəllədaxili görüşlərimiz oldu. Lakin bir dəfə də olsun hər hansısa narahatlıq doğura biləcək hadisə ilə qarşılaşmadıq. Bizə qarşı heç bir problem və ya əngəl olmadı. Seçki günü də çox böyük qələbəlik var idi.

Seçicilər çox aktiv şəkildə iştirak etdilər. Mənim namizədliyimi irəli sürdüyüm dairənin məntəqələrində də gün ərzində heç bir qanun pozuntusu qeydə alınmadı. Şükürlər olsun ki, nəticə uğurludur". Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə deyib ki, seçkilər demokratik şəkildə keçirildi:  “Seçki zamanı hansısa ciddi qanun pozuntusu olmadı. Böyük Azərbaycan Partiyasının əvvəl 25 namizədi var idi. Sonra isə reallıqlar və partiyanın gücü nəzərə alınaraq 6 namizədlə seçkidə mübarizə apardıq.

Əsas güc verdiyimiz dairə isə mənim namizədliyimi irəli sürdüyüm 10 saylı Binəqədi üçüncü seçki dairəsi idi. Orada çox yüksək səviyyədə seçki keçirildi və deputat seçildim. Tam məsuliyyətlə deyirəm ki, Azərbaycanda ən güclü və ən mütəşəkkil seçki kampaniyasını biz keçirdik. Nəticədə 12 minə yaxın (57 faizə yaxın) səs toplayaraq seçkinin qalibi oldum. Bu, müxalifət partiyası üçün böyük uğurdur. Bizimlə olan, bizə dəstək verən tərəfdarlarımıza, dostlarımıza, eləcə də media nümayəndələrinə təşəkkür edirəm".

Seçkilərdə Mətbuat Şurasının İdarə Heyətinin iki üzvü- Elçin Mirzəbəyli və Vüqar Rəhimzadə də deputat seçilib. 6 Saylı Ordubad-Culfa Seçki Dairəsindən namizədliyi irəli sürülən Vüqar Rəhimzadə 67.1 faiz səslə öndədir. 90 Saylı Ağsu Seçki Dairəsindən namizədliyi irəli sürülən Elçin Mirzəbəylinin isə 51.5 faiz səsi var.

Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Siyasi elmlər doktoru, professor, Bakı Slavyan Universitetinin “Jurnalistika” kafedrasının müdiridir. O, Milli Məclisin 2-ci çağırış deputatı olub.

Elçin Mirzəbəyli Azərbaycan Respublikasının Əməkdar jurnalisti, şair, siyasi ekspert, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavinidir.

Modern.az-ın məlumatına görə, seçilənlər arasında VI çağırışda olmasa da, əvvəlki çağırışlarda deputat mandatı qazanan şəxslər var.

Onlardan biri Əli Əhmədovdur. Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini olan siyasətçi 2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

Əli Əhmədov 2005-ci il noyabrın 6-da 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü olub. 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belarus, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. 2013-cü ildə baş nazirin müavini təyin edildiyi üçün deputat mandatından imtina edib.

10 il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədrlik edən Mübariz Qurbanlı 101 saylı Samux - Şəmkir seçki dairəsindən deputat seçilib. O, daha əvvəl Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı olub.

Səyyad Aran isə Milli Məclisə I çağırış seçkilərində Yeni Azərbaycan Partiyasını təmsil edib və bu seçkidə Salahov soyadı ilə iştirak edib. O, 67 saylı Zərdab-İmişli-Ucar seçki dairəsindən deputat seçilib. O, 2000-ci ildə də 67 saylı Zərdab-İmişli seçki dairəsindən deputatlığa namizəd olub və deputat seçilib.

Səyyad Aran daha sonra Türkiyədə baş konsul təyin edilib. O, 2012-2024-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.

Budəfəki seçkidə 98 saylı Bərdə-Tərtər seçki dairəsindən mandat qazanan Xanlar Fətiyev daha əvvəl 7 noyabr 2010-cu ildə Gəncə seçki dairəsindən deputat seçilib. O, 5 il sonra yenidən 39 saylı dairədən mandat əldə edə bilib.

Azər Əmiraslanov 2005-ci ildə 98 saylı Şəmkir şəhər seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib, parlamentin İqtisadi siyasət daimi komissiyasının sədr müavini olub.

2008-ci ildə Prezident Administrasiyasının şöbə müdiri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının qərarı ilə deputat səlahiyyətlərinə xitam verilib.

Seçilənlər arasında 7-ci dəfə deputat mandatı qazananlar da var.

7-ci dəfə deputat seçilən şəxslər aşağıdakılardır:

İmamverdi İsmayılov ilk dəfə 1995-ci ildə seçilib. Zəngilan rayonundan olan siyasətçi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat mandatı qazanıb.

Eldar İbrahimli 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin ilk çağırışından deputatdır.

Mixail Zabelin birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış deputat seçilib. O, bu dəfə 34 saylı Xətai ikinci seçki dairəsindən mandat qazanıb.

Ziyafət Əsgərov da 1995-ci ildən deputat seçilib. O, bu dəfə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yerinə mandat qazanıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, quruma müraciətlər daxil olub, amma informativ xarakter daşıyır: “Nə qədər müraciət daxil olsa, araşdırılacaq. Pozuntu kimi bizə təqdim edilən faktlar ətraflı araşdırılacaq. Missiyasını başa çatdırmamış beynəlxalq müşahidəçiləri və qurumları da araşdırma prosesinə dəvət edəcəyik.

İki gün müddətində bütün 125 seçki dairəsindən DSK-nın protokolları MSK-ya daxil olduqdan sonra MSK-nın üzvləri, işçi və ekspert qrupları bu sənədləri araşdıracaq. MSK-ya əgər hansısa müraciət, şikayət daxil olubsa, onların hamısı araşdırılacaq. MSK bu proseslərə ən geci 20 gün müddətində yekun vuracaq. Araşdırmalar başa çatdıqdan sonra MSK qərar qəbul edəcək və daxil olmuş bütün sənədlər MSK-nın və DSK-ların protokolları ilə birlikdə Konstitusiya Məhkəməsinə təqdim olunacaq".

Seçkilərdə exit-poll keçirən təşkilatların açıqladığı nəticələrlə MSK-nın açıqladığı nəticələr demək olar ki, üst-üstə düşüb. İtaliyanın aparıcı sosial analitik “SWG SPA” agentliyi 2024-cü ilin 1 sentyabr tarixində keçirilən Milli Məclisə seçkilərin “exit poll” nəticələrini açıqlayıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə “exit-poll” keçirən ABŞ-ın “Oracle Advısory Group” şirkəti, həmçinin Sosioloji Tədqiqatlar Mərkəzi (STM) də növbədənkənar parlament seçkiləri ilə bağlı keçirdikləri “exit-poll”ların nəticələrini açıqlayıblar.

Seçkilərlə bağlı beynəlxalq müşahidəçilər də rəylərini açıqlayıblar. Seçkilərin şəffaf keçirildiyini həm yerli, həm də xarici müşahidəçilər təsdiqləyib.

Bu seçkilər Azərbaycanda seçki prosesində çox böyük irəliləyiş olduğunu nümayiş etdirdi. Bunu Asiya Parlament Assambleyasının (APA) Baş katibi Məhəmməd Rza Məcidi sentyabrın 2-də növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, səsvermə prosesinin tam şəkildə həyata keçirilməsi üçün bütün şərait var idi. Azərbaycanda keçirilən bu parlament seçkiləri seçki prosesində çox böyük irəliləyiş olduğunu nümayiş etdirdi.

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Ömer Kocaman isə müşahidələrinə əsasən deyib ki, müşahidə aparılan məntəqələr standartlara uyğun olaraq vaxtında açılıb. İnsanların azad iradələrini ortaya qoymaları üçün bütün şərait yaradılmışdı. Hansısa neqativ hal qeydə alınmadı.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqının baş katibinin müavini Məhəmməd Sicani Əli Əsgər deyib ki, səsvermə çox gizli və səliqəli şəkildə baş verdi.

Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyətinin rəhbəri, baş katibin müavini Nuran Niyazəliyev isə bildirib ki, beynəlxalq müşahidəçilərin dəvət olunması seçkilərin açıq və şəffaf şəkildə keçirildiyinin göstəricisidir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR