Onlayn ictimai-siyasi qəzet
“Qazaxıstan Prezidenti çox təcrübəli diplomatdır. Əgər o, məhz indi Azərbaycan Prezidentinə Astananın sülh danışıqları aparılması üçün yenidən platforma rolu oynayacağını deyirsə, belə görünür ki, birincisi, görüş üçün şərait yarandığı, ikincisi, Ermənistanın da onun məhz Astanada keçirilməsinə razılıq verəcəyi haqda bilgisi var”.
Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a açıqlamasında bildirib.
Məlum olduğu kimi, 9 sentyabrda Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Tokayev Astananın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.
Bu mövzuda fikirlərini davam etdirən S.Alıyevin sözlərinə görə, bu açıqlama növbəti görüşə tərəflərin razı olmasının əlamətidir:
“Mənə elə gəlir ki, Ermənistanın danışıqların Astanada aprılmasına qarşı çıxmayacağı Vladimir Putinin Nikol Paşinyana zəngi zamanı razılaşdırılıb. Artıq çoxlarına sirr deyil ki, Ermənistan rəhbərliyinin antiRusiya ritorikası bir sıra hallarda Moskvanın maraqlarına xidmət edir. Yəni Rusiyaya satışına qadağa qoyulan malların böyük bir hissəsinin ora məhz Ermənistan üzərindən ötürülməsində, yaxud da Qranada və Brüsseldəki reallıqların üzə çıxması səbəbəbindən qərb platformasının danışıqlar üçün cəlbediciliyinin buxarlanmasında bu ritorika az rol oynamır. Və belə bir ritorika ortada ikən, rəsmi İrəvanın Azərbaycanla Ermənistan arasında danışıqların Rusiyada aparılmasına razılıq verməsi, qərbdə təbii ki, soyuq duş effekti yaradacaqdı. Özü də söhbət iki ölkə arasında əlaqələrin normallaşması haqda çərçivə anlaşmasının imzalanması, yaxud da sənədin paraflanması yönündə mühüm addım atılacaq bir görüşdən gedirsə…”.
Azərbaycana gəldikdə, deputat qeyd edib ki, biz ilk zamanlar ikitrəfli format çərçivsində aparılması şərtilə, az öncə xatırladılan Qaranada və Brüssel reallıqları üzə çıxanadək danışıqların istənilən platformada baş tutmasına hazır və razı olmuşuq:
“2023-cü ilin oktyabrında Qranada sammitində Avropa Birliyinin Fransanın yedəyində getməsi və bu ilin aprelində Brüsseldəki üçlü görüşdə ABŞ-nin bunun araxasında əslində özünün durduğunu sərgiləməsi təbii ki, Azərbaycanın haqlı narazılığına səbəb olmaqla yanaşı, sözügedən güclərin sülh danışıqlarının təşkilatçıları rolunda çıxış etmələrinin üstündən də xətt çəkdi. Bu danışıqların bizimlə eyni bir ailənin üzvü olan və mümkündür ki, hətta yaxın pespektivdə əlaqələrimizin müttəfilik səviyyəsinə yüksəldəcəyimiz bir dövlətin paytaxtında keçirilməsinin əslində nə anlam daşıdığını deməyə ehtiyac da yoxdur. Üstəlik, unutmaq lazım deyil ki, bu danışıqlar orta dəhlizin mühüm oyunçularından sayılan bir ölkədə baş tutacaq. Və ola bilsin ki, orada Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması yönündə də irəliləyiş əldə edildi”.
S.Alıyevin fikrincə, hər halda, İrandakı rejimin əndişəsindən belə görünür ki, onlar Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq vernək üzrə olduğunu düşünürlər, yaxud da bu haqda məlumatları var:
“Doğrusu, bilmirəm, Azərbaycanla Qazaxıstanın dövlət başçıları arasında telefon danışığında bu mövzuya toxunulub ya yox, amma rejim təmsilçilərinin Zənzəzur dəhlizi ilə bağlı narazılıqlarının hədəfi olaraq Rusiya göstərilsə də, onların açıqlamalarında türk düşmənçiliyi daha qabarıq görünürdü ki, məncə, Mərkəzi Asiyadakı qardaşlarımızın da diqqətini çəkməyə bilməzdi. Ümid edirəm ki, Mərkəzi Asiya dövlətləri belə bir rejimlə gələcək əlaqələrdə bu reallığı görməzdən gəlməyəcəklər, eyni zamanda öz yüklərinin İran üzərindən ötürülməsinin nə dərəcədə maraqlarına cavab verib-vermədiyi üzərində də düşünəcəklər”.
E.Paşasoy,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ