Onlayn ictimai-siyasi qəzet
Bakı Məhkəmə Kompleksində Ermənistan vətəndaşı Ruben Vardanyanın çoxcildli cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.
Musavat.com xəbər verir ki, Vardanyan Azərbaycan və azərbaycanlılara qarşı işgəncə, muzdluluq, müharibə qanunlarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə ittiham olunur.
Cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə araşdırılır.
Hazırda prosesdə zərərçəkmiş şəxslərin dindirilməsi mərhələsidir. Həmçinin prosesdə iş üzrə keçən çoxsaylı sənədlər, sübutalar, faktlar araşdırılır. Ruben Vardanyan məhkəmədə sərbəst ifadə verməkdən imtina edir.
Ötən prosesdə işğaldan azad edilən əzəli Azərbaycan torpaqlarında ermənilərin basdırdıqları minalara düşmüş zərərçəkənlər ifadə verib.
Onlar danışdıqca Ruben Vardanyanın gözləri az qala hədəqəsindən çıxır. O, Qarabağ işğal altında olduğu müddətdə mina əkinçiliyinə milyonlar xərcləyib. Ağlına da gətirməyib ki, gün gələcək, cinayətkar əməllərinin qurbanları ilə üz-üzə, göz-gözə qalacaq.
Vardanyanın puluna alınan minalardan zərər çəkənlər məhkəmə zalına qoltuqağacları, protezləri, bəzən də arabaları ilə gəlirlər. Məhkəmə zalına gətirdikləri tək şey bədənlərindəki izlər deyil – Ruben Vardanyanın şəcərəsinə qanla yazılan taleləridir. Hər biri bir hekayədir, hər biri bir cinayətin canlı sübutudur. Əllərində sənəd yoxdur, çıxış üçün kağız da. Amma hər birinin gözlərində bir faciənin izi, ürəyində bir ailənin ağrısı var. Müttəhimlər kürsüsünə çıxarılan Ruben Vardanyan, kürsü önündə mina qurbanlarıdır – həyatlarının bir hissəsi torpağın altına gömülüb, amma haqları yerin dərinliyində itib-batmayıb.
Zərərçəkmiş Həsənəli Əliyev 2024-cü il fevralın 4-də Tərtərin Qızıloba kəndində heyvan otararkən mina partlayışı nəticəsində sol ayağının aşağı hissəsini itirib. Bu, bir bədən hissəsinin yox, bir həyat tərzinin, bir gələcəyin itkisidir.
Digər zərərçəkmiş Elnur Əsgərov da 2023-cü il aprelin 18-də Borsunlu kəndində oxşar aqibətlə üzləşib. Onların səssiz gəlişləri, kədərli baxışları məhkəmə zalında səsləndirdikləri faktları daha da ağırlaşdırır. Ən sarsıdıcı ifadələrdən biri Akif Hüseynova aiddir.
O, iki oğlunu – Razi və Bayramı mina partlayışında itirib. Özü, oğlu Anar və nəvəsi Hüseyn isə yaralanıblar. “Bir gündə iki oğlumu itirdim”, – deyə Akif Hüseynov məhkəmədə sarsılmış halda söyləyib.
Onların yaşadıqları faciə bir ailənin deyil, bütöv bir millətin yaddaşına həkk olunan yaradır.
ANAMA əməkdaşları – Yadigar Şükürov, Ələsgər Quliyev və digərləri isə peşə borcunu yerinə yetirərkən minaya düşüblər. Ələsgər Quliyev deyib:
“OZM-72 minalarını da çox görmüşəm. O, havada qəlpələrə bölünür, ən təhlükəlisidir”.
Bu ifadələr təkcə texniki izahat deyil, bizə düşmən kəsilənləri torpaqlarımızda mina əkinçiliyinin, bundan dolayı ölümün və qorxunun gündəlik həyat tərzinə çevrildiyinin sübutudur. Zərərçəkmiş İlham Salmanovun, İlknur Əliyevin, Nicat Cabbarovun, Rafael Bayramovun və digərlərinin ifadələri isə göstərir ki, Ermənistan tərəfindən basdırılmış minalar yalnız bir bölgənin deyil, bütöv Azərbaycanın bədəninə vurulmuş yaradır. Məhkəmə zalında Ruben Vardanyan isə sanki başqa bir reallıqda oturur. Baş verənləri başa düşmürmüş kimi davranır.
Sanki Azərbaycanın işğal olunmuş ərazilərində min bir cinayət törətmiş yan-yörəsinə milyonlar xərcləməsi də bir yuxu olub. Halbuki, həmin milyonlara heç bir günahı olmayan insanları öldürməkçün silah-sursat, mina alınmasından xəbəri olub. Bu isə terroru, soyqırımı maliyyələşdirməkdir.
Ruben Vardanyan bir sistemin, bir dağıdıcı maşının, müharibə cinayətlərinin simvolu kimi bu gün müttəhimlər kürsüsündədir. Bakı Məhkəmə Kompleksində onun üzərində keçirilən proses sadəcə bir hüquqi prosedur deyil – bu, yaddaşın dirçəlişi, ədalətin ayaqsız, amma dik dayanan şahidlərinin hayqırtısıdır. Hər amputasiya olunmuş ayaq bir sübutdur. Hər qoltuqağacı – bir şahiddir. Ruben Vardanyan bu gün təkcə minalara görə deyil –illərlə əzəli torpaqlarımızda törədilən müharibə cinayətlərinə görə mühakimə olunur. Onun qarşısında duranlar – ayaqları yoxdur, amma haqları var. Onlar bu haqları almaq üçün ayaqdadırlar.
Bu gün, aprelin 29-da keçirilən prosesdə zərərçəkmiş şəxslər dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıracaqlar. İfadə verən zərərçəkmişlər necə yaralandıqlarını, onlara hansı zərərin dəydiyini, onlara necə ziyanın vurulması barədə danışırlar. İş üzrə məhkəmə prosesi açıq keçirilir. Ruben Vardanyan həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə özünün seçdiyi vəkillə təmin olunub. Eyni zamanda prosesdə tərcüməçilər iştirak edir.
Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.
Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub. İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə, dil və digər prosessual hüquqları təmin edilib.
Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib. Təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın başa çatması barədə məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.
Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ