İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bayquşun da dar olmasın qəfəsi” - bir şeirdən artıq+

Rəisi-Cümhur Məsud Pezeşkianın istər Tehranda, istər Təbrizdə, istərsə də Bakıda – səfərlərinin, rəsmi nitqlərinin, hətta rəsmi susqunluqlarının arasında Şəhriyara müraciət etməsi – əslində bir poetik səslənişdən daha artıq hadisədir. Bu, sözə deyilmiş söz deyil, necə deyərlər, düşüncəyə toxunmuş baxışdır... Bu, keçmişin kökündə, bu günün nəfəsində, sabahın vicdanında yaşamaq istəyən poeziyanın ruhi gücünə bəslənən ümiddir.

O, “Heydər Baba”ya salam verəndə, əslində bir dağa yox, yaddaşa səslənmiş olur. Şəhriyarı yada saldıqca, ulusun könlünə, ruhuna və bir də dərin irfani qatlara toxunur, məncə. Bu müraciətlər təkcə poetik seçimi deyil, bir yolun, bir qatda toplanmış - deyilməmiş sözlərin, kürsülərdə danışılmamış dilin sükutunun dilə gəlməsidir. Məncə, Pezeşkianın belə şairanə - Şəhriyarə müraciətləri ariflərin mərifət qatında çağırışı kimidir...

 

İrfanın dörd qatını xatırlayaq:
şəriət – dış/dışarı,
təriqət – yol/niyyət,
mərifət – iç/bəsirət,
həqiqət – sirr/gizlinlər xəzinəsi… Şəhriyar mərifəti nümayiş etdirən Rəisi-Cümhur, siyasətçiyə çevrilmiş şairdən, şairə çevrilmiş siyasətçidən üstün çıxış edir hər halda. Elə bilirəm, o, irfanla siyasətin kəsişdiyi o nadir nöqtəni - nöqtə deməyək - nidanı bula bilir.

İlham Əliyev və Məsud Pezeşkian Azərbaycan-İran biznes forumunda iştirak  edirlər - Editor.az

Şəhriyarın “Heydər Babaya salam”ı bir yaddaş sığınacağıdır. Bu məqamı duyanlar üçün Pezeşkianın söz seçimi – əslində hayqırtıdır. Ona görə də Şəhriyara müraciət, gələcəyə tutulan bir ayna misalındadır...

Rəisi-Cümhuru tənqid edənlər, qınayanlar da oldu… Olsun. Sufiyanə dərinlik “hər söz öz qatında deyilsə, ya sus, ya gözlə” söyləməzmi ola?.. Pezeşkianı bu ardıcıl poetik müraciətlərinə görə qınayanlar, bəlkə də gələcəkdə öz qınaqlarına görə peşman olacaq. Çünki Rəisi-Cümhur bu sözlərlə qafiyə düzəltməyə yox, könül düzəltməyə çalışır...
Şəhriyar Pezeşkianın ən səmimi, “Heydər Babaya salam” ən kövrək müraciətidir…

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham  Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər | TURAN

Ümummilli lider Heydər Əliyev illər öncə jurnalistin “Ən çox sevdiyiniz şair?” sualına “Şəhriyar”, “Ən çox sevdiyiniz şeir?” sualına isə “Səməd Vurğunun “Azərbaycan” şeiri” deyə cavab vermişdi. O cavablar bir fəlsəfi düşüncənin xalq içindəki inikasından doğmuşdu... Budur - dünən, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan mərkəzdə azərbaycanlı Rəisi-Cümhur Şəhriyarə danışdı:

“Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən;
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?..

Mən sənintək dağa saldım nəfəsi,
Sən də qaytar, göylərə sal bu səsi;
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır"…

- Bəli, Pezeşkianın Heydər Əliyev Mərkəzində “Heydər Baba”dan seçimi məhz bu bəndlər oldu…

Bakı səfərində, yenidən “Heydər Baba”ya dönən Pezeşkian – əslində bir dağa yox, yaddaşa, sükuta yox, fəhmə üz tuturdu; o, bir şeirdən yox, poetik vicdandan - bəlkə gələcəyin vicdanından danışırdı… Və yaxşı bilir ki, nə sussa sa, vicdan susmamalıdır! (Görkəmli yazıçımız Vidadi Babanlının uzun illər öncə qələmə aldığı “Vicdan susanda” formulu sanki burada yenidən xatırlanmış oldu)…

Şəhriyarın “Heydər Baba”sı ilə danışan Pezeşkian – həm də Qərbin yox, qəlbin diplomatiyasını nümayiş etdirir.

Bəzən bir şeirin oxunuşu əslində bir yeni çağın bələdçisi olur... Bəzən bir Rəisi-Cümhur danışınca əslində tarix özü dilə gəlmiş olur...

“Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək”. - Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin 28 aprel tarixli birgə mətbuat konfransındakı bəyanatındandır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR