Onlayn ictimai-siyasi qəzet
“Sülhə hazır olduğunu” bəyan edən Ermənistan hakimiyyəti destruktiv qüvvələrə meydan verirsə, görüşlərin mənası qalmır
STM-in icraçı direktoru: “Rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarında vasitəçi, moderator və ya sadəcə, məkan təqdim edən tərəf olması ABŞ-ın sülh proseslərinin uğurla başa çatmasında maraqlı olması demək deyil”
Son həftələr Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mümkün görüş ehtimalı haqda iddialar vardı. ABŞ dövlət katibi Entoni Blinkenin hər iki ölkə rəhbərinə zəngləri bu ehtimalı qismən gücləndirmişdi.
Ehtimal edilirdi ki, Nyu-Yorkda, BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində belə bir görüş ola bilər. Məlum olduğu kimi, Paşinyan Nyu-Yorka getsə də, Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Artıq Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfər edib. Paşinyanı bu səfərdə həyat yoldaşı Anna Akopyan müşayiət edir. Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edəcək. Onun toplantıda çıxışı, həmçinin ikitərəfli görüşlər keçirəcəyi bildirilir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Nyu-Yorka gedib-getmədiyi bilinmir, amma onun nümayəndə heyətində olacağı gözləniləndir. Son günlər sülh müqaviləsi danışıqlarında moderator olmağa daha həvəsli görünən rəsmi Vaşinqtonun belə bir görüşü gerçəkləşdirmək niyyəti başadüşüləndir. Amma Ermənistan XİN-in 19-20 sentyabr antiterror əməliyyatlarına dair bəyanatında Azərbaycanı ittiham etməsi bu görüşün də baş tuta biləcəyini şübhə altına alır. Bəllidir ki, rəsmi Bakı İrəvandan fərqli olaraq, sülh müqaviləsinin imzalanmasında səmimidir və belə görüş təklifini geri çevirməyə də bilər. Amma Ermənistan hakimiyyətinin sülhməramlı donuna bürünməsi fonunda ölkə XİN-in anormal bəyanatı və bu anormallığa Bakıdan sərt reaksiya görüş ehtimalını aradan götürmək üçün əsas sayıla bilər. Üstəlik, N.Paşinyanın yay aylarında Londonda Azərbaycan Prezidenti ilə görüş şansını əldən verməsini də unutmamalıyıq. Xatırladaq ki, iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyi 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Böyük Britaniyanın paytaxtı Londona səfər etmişdi. Görüşdə Böyük Britaniya tərəfinin Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmaması Paşinyanın sülhə necə “hazır olduğunu” göstərdi. Bu mənada Ermənistanın baş nazirinin Azərbaycan XİN rəhbəri ilə bir araya gələcəyini gözləmək olmaz. Üstəlik, “sülhə hazır olduğunu” bəyan edən Ermənistan hakimiyyəti destruktiv qüvvələrə meydan verirsə, silahlanmanı sürətləndirirsə, revanşist, separatçı qüvvələrin İrəvanda aktivləşməsinə şərait yaradırsa, görüşlərin də bir mənası qalmır. Həm də Azərbaycan Prezidenti sülh üçün şərtini elan edib: konstitusiyadan Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalı, Minsk Qrupundan rəsmən imtina edilməlidir!
Bu arada, məlum olub ki, Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində Zelenski, Paşinyan, Pezeşkian, eləcə də İraqın baş naziri Məhəmməd Şia Əl Sudani, BMT-nin baş katibi Antonio Quterreş, Almaniya kansleri Olafla danışıqlar aparacaq. Musavat.com xəbər verir ki, bu barədə məlumat xarici mətbuatda yayılıb. Qeyd olunub ki, görüşlərin əksəriyyətinin Nyu-Yorkdakı türk diplomatiyasının simvolu olan Türk Evində baş tutacağı planlaşdırılır.
Son zamanlar həm Türkiyə, həm də Ermənistan tərəfdən müəyyən mesajlar verilir, bölgədə barışın təmin olunması zərurətindən danışılır. Ermənistan öz tərəfindən sülhü yaxınlaşdıracaq addımlar atmağa tələsmir, məsələn, Türkiyə və Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu konstitusiyasını dəyişdirmək üçün. Amma buna baxmayaraq, Marqara buraxılış məntəqəsini təmir edib, Türkiyənin qapılarını açacağı günü gözləyir.
"Azərbaycan və Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün mühüm fürsət əldə edib". APA-nın xəbərinə görə, bunu bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türkiyə Evində ABŞ-dakı bir sıra analitik mərkəzlərin rəhbərləri ilə görüşü zamanı bildirib. “Region ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılması, eləcə də sülh və qonşuluq münasibətlərinin qurulması bizim təməl prinsiplərimizdəndir. Ölkəmiz bütün dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünə, eləcə də beynəlxalq hüquqa hörmətini vacib hesab edir. Bu gün müasir dünyanın sadaladığım prinsiplərə olduqca böyük ehtiyacı var”, - o deyib.
Son zamanlar Zəngəzur dəhlizi ilə bağlı müzakirələr intensiv şəkildə aparılır və İranın bu mövzuya həssaslığı göz onündədir. Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gedən İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək. Görüşün BMT binasının qarşısındakı Türk Evində keçiriləcəyi gözlənilir. Qeyd edək ki, bu, Pezeşkian prezident seçildikdən sonra Türkiyə lideri ilə ilk üz-üzə görüşü olacaq. Bəs Nyu-Yorkda Ərdoğan-Paşinyan görüşündə sərhədlərin açılması, Zəngəzur dəhlizi və Ərdoğan-Pezeşkian görüşündə Zəngəzur anlaşması əldə oluna bilərmi? Yeri gəlmişkən, qarşıda 3+3 formatında Ankara görüşünün keçirilməsi də gözlənilir. Nyu-Yorkda bu görüş ərəfəsi hansısa anlaşmalar ola bilərmi?
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarında vasitəçi, moderator və ya sadəcə, məkan təqdim edən tərəf olması ABŞ-ın sülh proseslərinin uğurla başa çatmasında maraqlı olması demək deyil: “ABŞ Cənub Qafqazda sülhün bərqərar olunmasında maraqlı olsaydı, birtərəfli mövqe nümayiş etdirməzdi. Bu yaxınlarda USAİD Ermənistana edəcəyi yardımı iki dəfə artırıb. ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatın üzvləri arasında anti-Azərbaycan ritorikası artmaqda davam edir. Dövlət Departamenti ilin əvvəlində Azərbaycanı dini baxımdan narahatlıq doğuran ölkə hesab edərək, Azərbaycanı Xüsusi Nəzarət Siyahısına” (Special Watch List -SWL) daxil edib və bunu guya Azərbaycan tərəfinin erməni dini obyeklərinin dağıdılması ilə “əsaslandırıb”. BMT Baş Assambleyasının illik sessiyaları dövründə keçirlən görüşlərin çoxu protokol xarakterlidir. Bu baxımdan istənilən səviyyədə görüşün nəticəvi olacağına güman azdır".
S.Məmmədov əlavə etdi ki, bu arada Ermənistanın məlum bəyanatı da sülh danışıqlarının nəticə verəcəyi gözləntilərini azaldır: “Həmçinin Ermənistanın daxilində qısa müddətdə mövcud olan stabillik də aradan qalxmadadır. Türkiyə prezidenti cənab Ərdoğanın təşəbbüsləri təqdirəlayiqdir. Ərdoğanın görüşlərindən müsbət nəticələr gözləmək olar. Amma İranın mövqeyinin tezliklə dəyişəcəyinə ümidlər azdır. İran Zəngəzur nəqliyyat dəhlizini özü üçün "qırmızı xətt" elan edib. Gürcüstan isə parlament seçkiləri ərəfəsindədir. Ermənistan da öz destruktiv mövqeyində qalır. Nyu-Yorkda region üçün müsbət müzakirələrin olması yaxşıdır, amma yuxarıda göstərdiyimiz səbəblərə görə ciddi nəticə olacağına da ümidlər azdır".
Tural İsmayılov
Politoloq Tural İsmayılov Nyu-Yorkda Azərbaycan və Ermənistan arasında hansısa görüşə ümid etmədiyini bildirdi: “Belə bir görüş indiki halda gözlənilmir, rəsmi məlumat da yoxdur”. Türkiyə-Ermənistan təmaslarına gəldikdə, T.İsmayılov qeyd etdi ki, Ərdoğan-Paşinyan görüşünün gerçəkləşməsi böyük bir siyasi hadisə kimi dəyərləndirilə bilər: “Amma məsələ odur ki, Nikol Paşinyan əsla güvəniləcək bir siyasətçi deyil, onun müstəqil qərar qəbul etmək gücü yoxdur. Yəni Ərdoğanla Paşinyanın görüşündən hansısa müsbət qərarlar çıxsa belə bunun praktiki reallaşması düşündürücüdür. Paşinyanın ipi öz əlində yox, xarici güc faktorlarındadır. O baxımdan da heç bir halda Paşinyanın hansısa görüşdə səsləndirdiyi fikirlərə güvənmək olmaz”. Politoloq qeyd etdi ki, Ərdoğanın Pezeşkianla görüşündə isti atmosfer müşahidə ediləcək: “Amma hamı bilir ki, İranda siyasi qərarların alınmasında prezident müstəqil qərar vermir. Zəngəzur dəhlizini ideolojik baxımdan əngəlləyən dini rəhbərliyin Pezeşkianın Ərdoğanla görüşdən sonra hətta ala biləcəyi hansı qərarı təsdiqləmək ehtimalları zəifdir. Amma istənilən halda qlobal siyasi güc kimi Türkiyə rəhbərinin həm Paşinyan, həm də Pezeşkianla görüşləri müsbət siyasi fon yaradır. Regional inteqrasiyanın dərinləşdirilməsi, ölkələrarası münasibətləri dərinləşdirmək BMT çərçivəsindəki görüşlərdənsə, 3+3 formatlı görüş daha təsirlidir. Nəzərə almaq lazımdır ki, 3+3 ideyası tarixi bir ideyadır. Ermənistan, İran burada səmimi formada aktiv olarsa, doğrudan da ciddi irəliləyişlər əldə edilə bilər. Ankarada gerçəkləşəcək görüşün bu baxımdan ciddi əhəmiyyəti olacaq”.
İrəvanın yaydığı məlumata görə, N.Paşinyan 27 sentyabradək ABŞ-da qalacaq. Hər halda, görüşüb, şəkil çəkdirmək istəyəcəyi şəxslər çox olacaq.
E.PAŞASOY,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ