Onlayn ictimai-siyasi qəzet
ABŞ Türkiyənin ən böyük maye qaz (LNG) təchizatçısına çevrilib və Ankara bu sahədə uzunmüddətli müqavilələr imzalamaqda maraqlıdır.
Musavat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türk-Amerika İş Şurasının tədbirində deyib.
O bildirib ki, 2016-cı ildə Türkiyə Amerikadan LNG idxal etməyə başladıqdan sonra bu sahədə əməkdaşlıq inkişaf edir:
“Bu gün Amerika bu sahədə bizim ən böyük tədarükçümüzə çevrilib və biz bu əlaqələri uzunmüddətli müqavilə ilə təsdiqləmək istəyirik. Bu istiqamətdə atılan mühüm addım enerji şirkətimiz Botaş və ExxonMobil arasında anlaşma memorandumunun imzalanması oldu”.
Türkiyə lideri, həmçinin qeyd edib ki, ölkə iqtisadiyyatının maliyyə göstəriciləri müsbət dinamika nümayiş etdirir, inflyasiyanın səviyyəsi aşağı düşür, Türkiyə il ərzində üç reytinq agentliyi tərəfindən eyni anda kredit reytinqi qaldırılan yeganə ölkə olub. Onun sözlərinə görə, Ankara yeni kapital artırılması strategiyası sayəsində 2028-ci ilə qədər ümumi qlobal birbaşa investisiyaların 1,5 faizini alacağını gözləyir.
Ərdoğan ABŞ-ın mövcud ticarət məhdudiyyətlərini xatırladıb:
“Əlavə gömrük rüsumları, dəmir-polad və alüminium sektorlarında CAATSA sanksiyaları kimi birtərəfli tədbirlər və məhdudiyyətlər aradan qaldırılmalıdır. Ümid edirik ki, F-16-nın modernləşdirilməsi layihəsi ilə yeni səhifə açacağıq və müdafiə sənayesindəki artan maneələrin sonsuza qədər aradan qaldırılmasını gözləyirik”.
O, amerikalı investorları və istehsalçıları Türkiyə ilə ticarət fəaliyyətinin aparılması və mövcud maneələrin aradan qaldırılması üçün “müvafiq qurumlardan dəstək almağa” çağırıb. Ərdoğan ABŞ bazarına çıxmaq istəyən türk şirkətlərinə viza və icazələrin verilməsi məsələsində Amerika tərəfinin dəstəyinə ümid etdiyini də bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ