Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Ordusunun dünyanı heyrətə gətirməyə başladığı günlərin başlanğıcı
Azərbaycanın və regionun taleyini dəyişən 44 günlük Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü yaxınlaşır. 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı 30 ilə yaxın müddətdə dolmaqda olan “bardağın son damcısı” təsirini yaratdı. Azərbaycan dövləti və xalqı “Yetər artıq!” deyib torpaqlarının azad olunması uğrunda savaşa qalxdı. İllərdən bəri bu günə hazırlaşan şanlı Ordumuz dünyanı heyrətə gətirən əməliyyatlara başladı. Prezident İlham Əliyev ötən həftə Qarabağ Universitetində çıxışında bu şanlı döyüş yolunu belə təsvir etdi: “44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi və bildiyimə görə, dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.
Bildiyiniz kimi, bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir! Bu, həqiqətdir.
Təbii ki, biz bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Ancaq əminəm ki, hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir".
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki Prezident İlham Əliyev Azərbaycan Ordusunun və xalqının 44 günlük müharibədə qəhrəmanlığını olduqca mükəmməl təsvir edib: “27 sentyabrda başlanan Vətən müharibəsi 21-ci əsrin müharibəsi idi. Bu müharibə dünya hərb tarixinə düşüb, dünyanın hərbi məktəblərində Azərbaycan Ordusunun hərbi əməliyyatları, taktikası öyrənilir və tədris edilir.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. İlk gündən-sentyabrın 27-dən xalqımızın bu savaşda əzmkarlığı aydın göründü. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi.
Həmçinin bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi. Hər kəs gördü ki, ermənilər yalan iddialarla bəşəriyyətə fəlakət və bəla gətirən faşist ideologiyasını utanıb çəkinmədən həyata keçirirlər. Bir daha dünyaya məlum oldu ki, tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olmuş, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törətmişlər.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müddət ərzində Azərbaycan xalqı ilə yanaşı, bütün dünya ermənilərin nə qədər vandal, vəhşi xislətə malik olduqlarının bir daha şahidi oldu. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətdi. Üstəlik, bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə həyata keçirilməsi düşmənin azğınlığını iki qat artırırdı. Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi".
Ekspert qeyd etdi ki, Azərbaycan Ordusu “sarsılmaz erməni ordusu” mifini 44 günlük müharibənin ilk günündəcə məhv etdi. İlk gündən sonadək ordumuz ancaq irəlilədi. Bu, həqiqətən də dünya hərb tarixində rast gəlinməyən hadisə olaraq tarixə düşüb: “Azərbaycan xalqı və ordusu 27 sentyabrda Ali Baş Komandanın Vətən müharibəsinə başladığımızı elan etməsini sevinclə qarşıladı. Çünki qarşıda işğaldakı torpaqlarımızı azad etmək kimi şərəfli missiya dayanmışdı. Xalqımız, ordumuz bu missiyanı həyata keçirməyə hazır idi və bu anı çoxdan gözləyirdi. O an gəlib çatmışdı və bütün xalqımız hərəsi öz sahəsində vətən uğrunda savaşa atıldı. Bu savaşın qələbə ilə başa çatmaması mümkün deyildi. Çünki Prezidentimizin də dediyi kimi, xalq vətən uğrunda savaşa başlamış və vahid yumruq halında birləşmişdi. Bu vahid yumruq dəmir yumruğa çevrildi və düşmənin başına endirildi.
Müzəffər Azərbaycan Ordusu qarşısında tab gətirməyərək ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistanla aparılan müharibə ərzində əsgər və zabitlərimizin rəşadəti, şəhidlərimizin qanı ilə düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri, məğlubedilməzlik mifləri cəsarətlə dağıdılaraq 2020-ci ilin 3 oktyabr tarixində Suqovuşanın azad edilərək tarixi adına qovuşması, 4 oktyabrda Cəbrayıl rayonu, 9 oktyabrda Hadrut qəsəbəsi, 17 oktyabrda Füzuli rayonu, 20 oktyabrda Zəngilan rayonu, 25 oktyabrda Qubadlı rayonu və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilməklə müharbənin taleyi əsasən həll olundu. Ümumilikdə döyüş əməliyyatları nəticəsində müzəffər Azərbaycan Ordusu tərəfindən 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri hərbi yolla işğaldan azad edilmişdir. Bununla yanaşı, düşmənin məğlubiyyəti ilə Moskvada imzalanan tarixi bəyanata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatlar tam dayandırılmış, 1 dekabradək Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistanın nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilib.
Beləliklə, dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan bu zəfərlə Azərbaycan, faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən belə 2020-ci il noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də isə Laçın rayonunu işğaldan azad edərək dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi".
R.Məhərrəmov vurğuladı ki, 2023-cü ilin 19 sentyabrında ordumuzun 23 saatlıq antiterror əməliyyatlarının qələbə ilə nəticələnməsinin də əsası məhz 27 sentyabrda 44 günlük Vətən müharibəsinin başlandığı gün qoyulmuşdu. 44 günlük müharibədəki qələbəmizin məntiqi davamı bütün ölkə ərazisində suverenliyimizin bərpası olmalı idi və belə də nəticələndi.
Əlbəttə, ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir.
30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ