İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı bu XAİN PLAN DE-ŞİFRƏ EDİLDİ - Prezident SİRLƏRİ AÇDI!

İlham Əliyevdən xəbərdarlıq:  “Ermənistanı silahlandıranlar bilməlidir ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar”

23 sentyabrda VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

“Yeni Müsavat” AZƏRTAC-a istinadən xəbər verir ki, iclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Sonra Ziyad Səmədzadə iclasın gündəliyini təqdim edib.

Gündəliyə əsasən Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.

Sonra səsvermə olub və Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

Dövlətimizin başçısı ilk iclasda nitq söyləyib. Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb. Dövlətimizin başçısı deyib: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.

Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd edib: “Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.

Prezident qeyd edib ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Otuz ilin işğalının arxada qaldığını bildirən dövlətimizin başçısı indi ölkəmizin genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyduğunu, nəticələrin də göz qabağında olduğunu vurğulayıb. “Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik”, - deyə Prezident əlavə edib.

Dövlətimizin başçısı bildirib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onların İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk Qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir”.  Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır. Ona görə bu, ciddi məsələdir. Azərbaycanın şərtlərinin yerində qaldığını xatırladan dövlət başçısı qeyd edib: “Ermənistanı silahlandıranlar bilməlidir ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk Qrupu da ləğv olunmalıdır”.

Prezident Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunub. Dövlətimizin başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlayıb. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcəyin nədən ibarət olacağı haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Ermənistanın məsələni süni şəkildə uzatdığını vurğulayan Prezident deyib: “Bu günə qədər - birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olub. Aylar keçdikcə təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha operativ və çevik verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi”. Dövlətimizin başçısı bir sıra məqamların Ermənistanın, əslində, sülh istəmədiyini, vaxt uzatmaq istədiyini deməyə əsas verdiyini vurğulayıb.

Ölkə rəhbəri deyib ki, qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Əldə edilmiş məlumatların bunu göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.

Dövlət başçısı qeyd edib ki, bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçib və yəqin ki, növbəti bir-iki il ərzində bizim hərbi sənaye kompleksimiz daha böyük olacaq", - söyləyən dövlətimizin ölkə rəhbəri diqqətə çatdırıb ki, bu gün Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir: “Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”.

Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur. “Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Prezident diqqətə çatdırıb. “Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir”. Prezident çıxışında səsləndirib: “Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir”.

Prezident deyib ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənilməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Səkkiz mindən çox keçmiş köçkünün artıq Qarabağ və Şərqi Zəngəzura yerləşdiyini, hər il onların sayının artacağını bildirən dövlətimizin başçısı azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışıb. Deyib ki, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, kəndlər salınır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.

Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Xarici siyasətdə bundan sonra da geriyə heç bir addımın olmayacağını vurğulayan dövlət başçısı bütün qitələrdə dostlarımızın sayının artdığını söyləyib. Deyib ki, biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq.

Ölkə başçısı deyib ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir: “Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər”. Dövlət başçısı belə cəhdlər olduğunu və olacağını bildirib. Deyib ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq".

İclasda VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib. Musavat.com xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb. Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.

Qeyd edək ki, indiyədək Milli Məclis sədrinin üç müavini (I müavin və iki müavin) olub.

İclasda Milli Məclis komitələrinin sədrləri və müavinləri də seçilib. Milli Məclisin sədri Sahibə Qafarova komitə sədrliyinə namizədlikləri irəli sürülən deputatların adlarını oxuyub. Məsələ səsverməyə qoyularaq qəbul edilib.

Beləliklə, deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Arzu Nağıyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Anar İsgəndərov Elm və təhsil komitəsinin, Polad Bülbüloğlu Mədəniyyət komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Şahin İsmayılov Gənclər və idman komitəsinin, Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin sədrləri təsdiq ediliblər.

Sonra komitə sədrlərinin müavinləri də təsdiqlənib.

Bununla da yeddinci çağırış Milli Məclisin birinci iclası başa çatıb.

Hazırladı: E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR