İnsanlara hürriyət, millətlərə istiqlal!

Pıçıldaş mənimlə

Yayda Bakıda ilanlar peyda olmuşdu, müxbirlər bunun səbəbini alimlərimizdən soruşdular. Görkəmli zooloqlarımızdan biri izah elədi ki, şəhərə tikinti materialları, daş, qum daşıyırlar, ilanlar həmin məhsulların içinə girib paytaxtımıza gəlir. Bəlkə də tikintidə işləyirlər. Nə biləsən... Mühəndis, prorab, suvaqçı, dülgər, MTK şefi olan çox sayda milli ilanlarımız vardır. Bəzən bir evi yeddi adama satırlar, camaat zəhərlənib ölür.

İlanların şəhərimizə axını üçün ikinci səbəbi isə alim... çimərliklərə bağlamışdı. Həqiqətən. Ağlınıza gəlməz. Deyir camaat çimərliyə gedir, orada ilan girir maşının içinə, axşam evə qayıdanda ilanlar da gəlir, başlayır mikrorayonda yaşamağa. Bir az qızışsa ilanların plyajda qarğıdalı aldığını, o cümlədən geyçim ilə gündə qaraldığını iddia edərdi.

Niyə etməsin? Bizdə, maşallah, elm sahəsi gündən-günə inkişaf edir. Bugünlərdə baş alimimizin qəzetə açıqlamasını oxuyub xoşhal oldum. Daha doğrusu, elmi uğurlarımızın siyahısı o qədər uzun idi ki, ortasına çatmamış məni yuxu basdı. Köhnə qəzetçilərin yadına gələr, 90-cı illərdə Rəsul müəllim Amerikadan elə palazqulaq məktublar göndərər, redaksiya fakslarımızın anasını ağladardı.

Haradan baxsan torpaq yetişdirir. Belə şeylər də öz-özlüyündə istedad tələb edir: 24 saat danışırsan, lakin 24 söz demirsən.

Elmdən yazırdım. Hörmətli oxucularımız Azərbaycan dilində, milli nasa.az saytımızın olduğunu bilirdimi? Ləzzətli saytdır. Mənim kefim olmayanda ona baxıram, ürəyim açılır. Düzdür, bu “nasa” o NASA-dan deyil, saytın şapkəsinə baxsaq, belə aydın olur ki, nasa.az Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin rəsmi internet səhifəsidir. Yəqin xaricdə NASA axtaranlar çaşıb buna girirlər və “Pıçıldaş mənimlə çiçək dilində” kitabının təqdimatı haqda yazını oxuyurlar. Zarafat eləmirəm. Həqiqətən bizim hansısa alim belə şeirlər kitabı yazıbdır və nasa.az saytında o kitabın təqdimat mərasiminə həsr edilən yekə bir yazı var. Müəllif isə hətta əruzun riyazi modelləşdirməsi üzrə tədqiqat aparıb “Milli Aerokosmik Agentliyin Elmi Tədqiqat və İnformatika İnstitutunda süni intellekt sistemləri şöbəsinin rəisi” (tam yazdım ki, oxucular savadlansın) olubmuş.

Ümidvaram bu astronavt-şairi AYB üzvlüyünə qəbul ediblər, çünki hazırda orada senzura böhranı yaşanır - Elza Seyidcahanın ilham pərisini Anar müəllim və Rəşad Məcid tutub divara mıxlayıblar. Deyirlər sən vulqarizmlə məşğulsan, bu priyoma bizim sıralarımızda yer yoxdur. Hə də. Yəqin “Tələsmə, Zaur” yazsa vulqarizm olmaz.

Bizə vüqarizm yaraşır. Hazırda. Bunu da diqqətinizə çatdırdım.

Əslində kosmos və çiçəklər arasında poetik əlaqələr hər zaman mütəfəkkirlərin diqqətini cəlb etmişdir. Məsələn, hansısa dahi belə demişdir: “Sən yerdə çiçəyi əzərkən, göydə ulduzları narahat edirsən”. Yaxud hindistanlı yazıçı Rabindranat Taqorun belə gözəl şeiri vardır: “İşıldaböcək ulduzlara dedi: "Alimlər söyləyirlər ki, bir gün gələcək, siz sönəcəksiniz". Ulduzlar heç bir cavab vermədilər".

Nə cavab versin yazıqlar? Mən də olsam susardım. Sözün bitdiyi yerdəyik. İndi əməl zamanıdır! İnsan əməlləri ilə tanınır.

Fürsətdən istifadə edərək Biləcərinin yeni deputatı yoldaş Musayevi təbrik edirəm. Bu da onların qismətidir, 40 ildir deputatın soyadı dəyişmir. Madər Musayev rəhmətə getdi, Elşad Musayev gəldi.

Prinsipcə, sənədləşdirmə işləri asanlaşır. O Musayev olmasın, bu Musayev olsun. Düşünürəm ki, bu dövlətçilik prinsipi gələcəkdə başqa dairələrdə də tətbiq edilsə, xeyli kağıza qənaət olunar, iqlim konfransına hazırlaşan respublikamız planetin ekologiyasına böyük töhfə verər və yeni-yeni qələbələrə doğru addımlayarıq!

Sadəcə, indi bizim Milli Məclisdə bir Elşən Musayev də var. Bu da ola bilsin seçicilərdə çaşqınlıq yaradacaq. Təklif edirəm aydınlıq üçün növbəli çıxış etsinlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR