İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yeni silahların izində - İtaliya nələr təklif edir...

Azərbaycan Silahlı Qüvvələrini NATO orduları ilə uyğunlaşma tendensiyası ilə inkişaf etdirir

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasında rəsmi səfərdə olub. 

Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirib və müdafiə sənayesi şirkətini ziyarət edib. Romada İtaliya və Azərbaycan Silahlı Qüvvələrinin Qərargah rəisləri Kavo Draqone və Kərim Vəliyev arasında danışıqlar aparılıb.

Təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Kavo Draqone bu yaxınlarda NATO Hərbi Komitəsinin rəhbəri təyin edilib.

Maraqlıdır ki, sentyabrın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada işgüzar səfərdə olmuşdu. Prezidentdən sonra Baş Qərargah rəisinin İtaliyaya getməsi maraq doğurur. 

İtaliya ilə müdafiə sahəsində əməkdaşlıq hələ 44 günlük müharibədən əvvəl də yüksək səviyyədə olub. İtaliyanın “Leonardo” şirkəti Avropanın qabaqcıl silah istehsalçısı hesab olunur ki, bu şirkətin məhsulları olan “M-346" təlim təyyarələri artıq Azərbaycan HHQ-nin sərəncamındadır. Həmçinin müxtəlif silah növləri və texniki avadanlıqlarla bağlı da əməkdaşlıqlar var. Hər iki tərəf bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün çalışır.

Türkiyədən sonra İtaliya kimi NATO üzvü ilə də hərbi əməkdaşlığın genişlənməsi Azərbaycan Ordusunun daha da güclənməsi deməkdir. NATO üzvü olan ölkələrlə həm hərbi, həm də siyasi əməkdaşlıq Azərbaycanın təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Silahlı Qüvvələrini NATO orduları ilə uyğunlaşma tendensiyası ilə inkişaf etdirir. Bu və digər qabaqcıl silah istehsalçısı olan ölkələrlə əməkdaşlıqlar sayəsində Azərbaycan Ordusu NATO səviyyəsinə çatmaq üzrədir.

Yeri gəlmişkən, bir müddət əvvəl Ermənistanın Fransadan silah almasına haqq qazandıran Nikol Paşinyan “Biz bilirik ki, Azərbaycan silahları, məsələn, İtaliyadan alır. Niyə Azərbaycan İtaliyadan silah ala bilər, Ermənistan isə Fransadan ala bilməz?” demişdi. İtaliya indi Azərbaycana hansı silahlar təklif edə bilər?

Emin Həsənli 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli İtaliya ilə dövlətlərarası əlaqələrin Azərbaycan üçün önəmindən söz açdı: “Türkiyə bizim qardaş ölkəmizdir. İsraillə Pakistan müttəfiqimizdir. Ən yaxın ölkələrdən biri də İtaliyadır. İtaliya ilə siyasi, iqtisadi, mədəni əlaqələrimiz dərindir. Eyni zamanda İtaliya ilə hərbi əməkdaşlığı da dərinləşdiririk. Bu gün dünyadakı bir neçə ölkə ilə əməkdaşlığımız önəmlidir. Rusiya nəhəng bir dövlətdir. Azərbaycan belə müttəfiqlərə ehtiyac duyur və silahlar almağa da ehtiyac duyur. Rusiya dünyada ikinci ən çox silahlar icad edən ölkədir, böyük hərbi zavodları var. İtaliya da ən çox silah icad edən ölkələr sırasında ön sıralardadır. Hər an hər şey baş verə bilər. Ona görə də bütün ölkələr hər şeyə hazırlıqlı olmalıdır, o cümlədən də Azərbaycan. Milli və dövlət maraqlarımıza uyğun olaraq dünyanın bir sıra ölkələri ilə qurduğumuz əməkdaşlığı daha da genişləndiririk. İtaliya qabaqcıl Avropa ölkələrindən biri sayılır, bütün sahələr üzrə inkişafdadır. Dünyanın yeddiliyinə daxildir. NATO-nun da önəmli ölkələrindən biridir. Mədəni, tarixi baxımdan hər zaman önəmli ölkə sayılıb. Xristianlığın mərkəzi olan Vatikan Romada yerləşir. Dünyada ölkə olaraq böyük təsir gücünə malikdir. Bu baxımdan Azərbaycan İtaliya ilə hərtərəfli əməkdaşlığa böyük önəm verir. İtaliya hər zaman Azərbaycanın haqq işini dəstəkləyib. Rəsmi Bakının yürütdüyü siyasət məqsədyönlü, ardıcıl siyasətdir. 44 günə ərazi bütövlüyümüzü təmin etdik, bir günə də suverenliyimizi. Ordunun psixoloji hazırlığı, silahlanması, diplomatiyada xalq, dövlət birliyi çox önəmlidir. Aparılan düzgün siyasət də öz nəticəsini verdi. Rusiya kimi dövlətin Ukrayna ilə müharibəni nə zaman bitirəcəyi hələ bilinmir. İsrail-Fələstin qarşıdurması nə zaman yekunlaşacaq, bilinmir. Aparılan siyasət göstərir ki, Azərbaycan dövləti milli maraqlarımıza çox uyğun bir siyasət həyata keçirir. Bu siyasət Azərbaycana ard-arda uğurlar gətirir. İtaliya kimi dövlətlərlə hərbi əməkdaşlıq dünyanın çağırışlarına cavab verir”.

Səxavət Məmməd – Yeni Çağ Media

Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd bu səfərdən sonra İtaliya ilə hərbi əməkdaşlığın daha da dərinləşəcəyini söylədi: “Ermənistan Cənubi Qafqazda silahlanma yarışına start verən ölkədir. Ermənistan Fransadan, Hindistandan silahlar alandan sonra Cənubi Koreya və Yaponiyadan da silah almaqla bağlı danışıqlar aparır. Azərbaycan tərəfi də buna adekvat davranmağa məcburdur. Ermənistanın Fransadan aldığı "Sezar" haubitsasına qarşı Azərbaycan tərəfi Çexiyadan DİTA haubitsası aldı. Ermənistan tərəfinin silahlanmaya davam etməsi Azərbaycanın da alternativ variantlara əl atmasına gətirib çıxarır. Azərbaycan tərəfi İtaliya ilə hərbi, texniki əməkdaşlıq etməkdədir. Qeyd etmək lazımdır ki, İtaliya ilə Azərbaycan arasında təkcə hərbi, texniki yox, siyasi və mədəni əlaqələr də üst səviyyədədir. Misal üçün yaxın vaxtlarda Vatikandakı muzeylərdən birinin Azərbaycan tərəfindən təmir ediləcəyi məlum oldu.

İtaliya dünyanın ən yaxşı silah istehsalçılarındandır. İtaliya hərbi gəmidən tutmuş, hərbi təyyarəyə qədər bütün silahları istehsal edə bilir. Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin İtaliyaya səfəri və italiyalı həmkarı ilə görüşməsi iki dövlət arasında hərbi sahədə ciddi əməkdaşlığın olacağından xəbər verir.

Azərbaycan Ordusunun hərbi gəmi parkının yenilənməyə ehtiyacı var. Çünki Azərbaycanın arsenalında olan döyüş gəmiləri 60-70-ci illərin istehsalıdır. Azərbaycan hərbi təyyarə parkını yeniləyir, hesab edirəm ki, hərbi gəmi parkının da yenilənməsinə böyük ehtiyac var. Gəmi tikintisi sahəsində isə İtaliya dünyada öncül ölkələrdəndir. İtaliyanın digər üstünlüyü isə təkcə gəmi inşası yox, gəmi motorlarını da istehsal edə bilməsidir. Bu sahədə Azərbaycanla İtaliya arasında əməkdaşlığın olacağı gözləniləndir. Bundan əlavə, İtaliya haubitsalar, mərmilər, raketlər də istehsal edə bilir. Azərbaycan tərəfi bu sahədə də İtaliya ilə əməkdaşlıq edə bilər. İtaliya ilə Azərbaycan arasında hərbi təhsil sahəsində də əməkdaşlıq mümkündür. Misal üçün, Ermənistan ordusunun zabitləri Yunanıstan və Almaniyada təhsil alır. Hesab edirəm ki, Azərbaycan Ordusunun zabitlərinin İtaliyada təhsil alması mümkündür. Bundan əlavə, həm Ermənistan, həm də Azərbaycan özlərinə müttəfiqlər axtarışındadır. Hesab edirəm ki, Azərbaycan İtaliya ilə müttəfiqliyi daha da möhkəmləndirmək yönündə fəaliyyət göstərir. Əgər Ermənistanla Azərbaycan arasında hərbi toqquşma olacaqsa, b zaman Azərbaycana qarşı təzyiqlər gözləniləndir. Bu məsələdə İtaliyanın rolu önəmli ola bilər. Son zamanlar Ermənistan və Azərbaycanın diplomatlarından daha çox hərbi rəhbərliyi səfər edir. Bu da ehtimal olunan toqquşma ilə bağlıdır və vəziyyətin nə qədər mürəkkəb olduğunun göstəricisidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR