İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəslimizin adını batırdığı üçün öldürdüm -Blogerin qatili

Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs özünü təqsirli bilib.

Ə.Güləliyev bildirib ki, qətlə yetirdiyi Əvəz Hafizli ilə dəfələrlə mübahisələri olub:

"Əvəz Hafizli ögey əmim oğlu idi. Nəslimizin adını batırırdı. Dedim yolundan qayıt. Əxlaqsızlıq edirdi. Həmin gün də aramızda mübahisə yarandı. 2014-cü ildən bilirdim ki əxlaqsızlıq edir. Öldürmək istəmirdim onu. Hər dəfə başa salırdım ki, yolundan qayıtsın. Hər dəfə deyirdim ki nəslimizin adını batırma. Həmin gün Əvəzgilə getdim, ona axırıncı xəbərdarlıq elədim ki, bu yoldan qayıdacaqsan. O isə mənə dedi ki, bu mənim sənətimdi, get işinlə məşğul ol. Mən də əsəbiləşdim, Əvəzin evində mətbəxdən bıçağı götürdüm. Birinci bıçağı həyətdə vurdum, sonra isə evdə bıçaqladım. Həmin vaxt özümdə deyildim. Əməlindən peşmanam, gərək öldürməyəydim".

Əvəz Hafizin boyun nayihəsinin kəsilməsinə gəlincə isə təqsirləndirilən şəxs bildirib ki, onun başını kəsmək istəməyib: "Birinci o məni vurdu, mən də onu bıçaqla vurdum. Bıçaq boyun nayihəsinə dəydi. Əslində o məni söyməsəydi, öldürməyəcəkdim".

Prosesdə təqsirləndirilən şəxsin ifadəsi elan olunub.

İfadədə bildirilib ki, hadisədən 3 ay əvvəl o Əvəzi öldürmək qərarı verib. Hadisə günü o Balaxanıda əmisi oğlunun işlədiyi dükana gedib ondan evdə kiminsə olub olmadığını soruşub. Əmisi oğlu bildirib ki, Əvəz evdə təkdi, həyətdə yaşayanlar hamısı rayona gedib. Əmrulla Güləliyev bundan sonra bıçağı götürüb xəbərsiz Əvəzgilə gedib. Onu həyətə çağırıb yerə yıxıb boğazına xəsarət yetirib. Daha sonra onun bədəninin müxtəlif istiqamətlərindən bir neçə buçaq vurub onu öldürüb. Daha sonra o polisə gedərək təslim olub.

Prosesdə ifadə verən mərhumun hüquqi varisi - qardaşı Təbriz Şıxməmmədov bildirib ki, hadisə vaxtı rayonda olub.

"Əmrulla ilə bir həyətdə böyümüşük. Əmrullanı biz qardaş kimi bilmişik, bir həyətdə böyüyüb. Əvəzin bu işlə məşğul olmasından xəbərim olmayıb. Əvəzin nə işlə məşğul olduğunu bilmirdik. Evdən çıxıb gedirdi, bir müddətdən sonra gəlirdi. Bizə heç nə demirdi. Ailə üzvlərimin də Əmrullaya qarşı şikayəti yoxdu".

Məhkəməyə dəvət olunan zərərçəkmiş Əvəz Hafizinin hüquqi varisi olan anası Cəmalə Şıxməmmədova isə bildirib ki, Əmrullanın Əvəzıi qətlə yetirməsini rayonda olarkən eşidib: "Mən onu öz balamdan ayırmamışam. Əvəz yaxşı uşaq idi. Əmrulla ilə danışmırdı. Əvəzin geyimində fərq var idi. Bu biri uşaqlardan fərqli geyinirdi. Səhər gedib axşam gəlirdi. Heç kimlə işi yox idi. Əmrulla Əvəzi yatdığı yerdə öldürüb. Bütün yorğan döşək qan içində idi. Əmrullaya ən ağır cəza istəyirəm".

Əvəz Hafizinin əmisi Ceyhun Şıxməmmədovun sözlərinə görə, qətlə yetirilən şəxslə 5 il əvvəldən münasibəti olmayıb. O bildirib ki, Əvəz Hafizi pis yolda olduğunu bildiyi üçün onunla münasibəti kəsib. Qətli isə hadisə günü rayonda eşidib.

Məhkəmədə ifadə verən Xəyal Mirzəliyev isə deyib ki, Əvəz Hafizi və Əmrulla Güləliyev onun dayısı oğlanlardır.

"Hadisə vaxtı Savalan qəsəbəsindəki evimdə idim. Zəng vurdular ki Əmrulla Əvəzi öldürüb. Bilirdim ki Əvəz cinsi azlıqdı. Amma onunla bu barədə heç bir söhbətim olmayıb",- dayısı oğlu deyib.

Məhkəmənin növbəti iclası iyulun 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, Ə.Güləliyev qohumu, 24 yaşlı Əvəz Şıxməmmədov yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirib.

Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Əvəz Hafizli bloger olub, həmçinin, sosial şəbəkələrdə yayılan məlumata görə, LGBT fəalı kimi tanınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR