Onlayn ictimai-siyasi qəzet
Bakıdan bir neçə kilometr aralıda yerləşən Qum adasında həyat tamamilə fərqlidir. Ada kanalizasiya sistemi olmayan, hər tərəfi zibillik içində itib-batan, sahibsiz itlərin sayı insanların sayından çox olan bir məkana çevrilib.
İctimai nəqliyyatın vaxtlı-vaxtında işləməsinə baxmayaraq, nə gözləmək üçün bir dayanacağı, nə də asfaltlı yolları var.
Bütün bu çətinliklərə baxmayaraq, sakinlərin dilində olan əsas şikayət isə kanalizasiya sistemlərinin olmamasıdır.
“Ümid içində yaşayırıq...”
Adanın sakinlərini dinlədik.
“Övladlarımız uşaqlığını yaşaya bilmir, hər tərəf zibillikdir. Uşaq toz-torpaq, zibil içində virusa tutularaq necə böyüyə, inkişaf edə bilər? Tək dərdimiz bu olsa, yenə yaxşıdır, lakin o qədər problem var ki burada, sanki yaşayış yeri yox, sahibsiz səhradır. Ümid içində yaşayırıq ki, bəlkə bir gün hansısa dövlət qurumunun belə bir yer olduğu yadına düşər”, - deyə orta yaşlı sakin bildirir.
“Hər tərəf sahibsiz itlərlə doludur”
Şahin Məmmədov pensiyaçıdır. Deyir ki, kanalizasiya problemi bir tərəfə, sahibsiz itlər də problemə çevrilib:
“Nə özümüz, nə də uşaqlar küçə itlərinin əlindən çölə çıxa bilirik. Hansı saatda gəlsəniz, görərsiniz ki, hər tərəf sahibsiz itlərlə doludur. Lazımi qurumlara nə qədər şikayət etsək də, müraciətimizə baxan olmayıb”.
Qum adasındakı sahibsiz itlərin hücumuna biz də məruz qaldıq. Canımızı yaxınlıqdakı mağazaya keçməklə qurtardıq.
Elə mağaza sahibi də sahibsiz itlərin yaratdığı antisanitariyadan narazıdır. Deyir ki, sahibsiz itlər yem axtarışında zibil yeşiklərinə atılan zir-zibil dolu torbaları daşıyıb kənar-bucaqda parçalayır, əsasən də uşaq pamperslərini didib-dağıdırlar.
Sonradan bir balaca külək əsdisə, pampers qalıqları küçələrə səpələnir.
Havanın temperaturu artdıqca Qum adasında üfunət qoxusu daha çox yayılır. Üfunət küçələrə arxlarla axıdılan gələn tullantı sularından qalxır.
Sakinlər bildirirlər ki, çirkli su anbarları da axar yoxdur deyə aşıb-daşır.
“Kanalizasiya sistemimiz yoxdur, onu çəkməyə isə vəsaitimiz heç yoxdur. Fəhlə adamlarıq, zorla dolanırıq, kanalizasiyanı necə çəkək? Biz də məcburuq ki, belə anbarlar qazıyaq. Onsuz da vaxtaşırı anbarların boşaldılması üçün pul ödəyirik. Nə kanalizasiya xəttimiz var, nə də səsimizi eşidən var”, - deyən sakinlər dövlət qurumlarının hərəkətə keçəcəkləri günü gözləyirlər.
Dayanacaq əvəzinə üzərində “BUS” sözləri yazılmış lövhələr
Adada olduğumuz bir neçə saat ərzində sakinlərin dayanacaqda deyil, elə yol kənarındaca avtobus gözlədiklərini müşahidə etdik. Adadakı yolların kənarında dayanacaqlar əvəzinə üzərində “BUS” sözləri yazılmış kiçik löhvələr var. Lövhələr o qədər kiçikdir ki, nə küləkdən daldalanmaq, nə də ki, günəş şüasından qorunmaq olur.
Öyrəndik ki, adada cəmi 2 avtobus dayanacağı var. Ona görə də sakinlər qızmar günəşin altında, yağışlı, qarlı havada da elə yol kənarındaca dayanıb avtobus gözləməyə məcbur olurlar.
Ətrafda sınıq-salxaq, yanmış, itlərin oylağına çevrilən zibil konteynerləri də diqqətimizi cəlb etdi. Sakinlər sahibsiz itlərin qorxusundan zibil torbalarını konteynerlərin yaxınlığına atmaq məcbururiyyətində qalırlar.
Qum adasında yaşam çətin olsa da, sakinlər ümidlidirlər ki, nə vaxtsa səsləri müvafiq qurumlara çatacaq və lazımi tədbirlər görüləcək.
Mənzər NOVRUZLU,
İnarə HÜNBƏT
Fotolar müəlliflərindir
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ