İnsanlara hürriyət, millətlərə istiqlal!

Bazarda “optika fırıldağı”: İnsanlar belə aldadılır FOTOLAR

Bazarda irəlilədikcə diqqəti ən çox çəkən səslərdən biri artıq satıcıların “pomidor, xiyar” çağırışı yox, “zəif görənlər yaxınlaşsın” səsləridir. Balaca bir stol, üstünə səpələnmiş onlarla eynək və özünü “həkim” kimi təqdim edən satıcı, yanından keçən hər kəsi sanki “müayinəyə” dəvət edir.

Nizami rayonundakı bazarda müşahidə etdiyimiz mənzərə göstərir ki, artıq küçə ticarətinə paltar, ayaqqabıdan başqa tibbi vasitə olan eynəklər də daxil olub. Satıcının çağırışı dayanmaq bilmir, qiymətlər də alıcı üçün son dərəcə cəlbedicidir: 5, 6, 8, 10 manat. O, eynəkləri “keyfiyyətli” adlandırır, “Uruqvaydan gəlmə” deyə xüsusi vurğulayır, guya çeşid müxtəlifliyi göstərmək üçün “orqanik şüşə də var, sadəsi də” deyə əlavə edir.

WhatsApp Image 2025-10-18 at 16.21.16.jpeg (353 KB)

İstehsalçının ölkəsini belə ekzotik seçmək alıcıya güvən aşılamaq üsulu kimi görünür.

Satıcı ilə sorğu-sual edirik:

“Həkim müayinəsi olmadan bu eynəyi necə təyin edirsiniz?” Cavab tərəddüd keçirmədən gəlir: “Həkim biz. Gözünə düşürsə, götür. Narahat olma”.

Ardınca kağız parçası çıxarır, eynəyi verib sadəcə kağızdakı yazını oxutdurur.

“Uzağa baxma, bura bax. Oxudunsa, deməli, sənin üçündür. Həkim də bunu deyir axı”, - deyə iddia edir.

Yəni bu bazar masası eyni anda həm “optika”, həm “müayinə otağı”, həm də “resept yazan həkim” rolunu oynayır. Yoxlanılan nə retina var, nə astiqmatizm, nə göz təzyiqi. Sadəcə kağız oxumaqla qərar verilir ki, guya həmin eynək həmin gözə uyğundur.

Məsələ burasındadır ki, insanlara ən asan yol “dərhal nəticə” təqdim edən yoldur. Həkimə getmək, qəbula yazılmaq, cihazla müayinə - bunların hamısı vaxt tələb edir. Halbuki bazar masasına yaxınlaşıb 5-10 manata “problemin həllini” almaq daha rahat görünür. Amma bu rahatlığın uzunmüddətli bədəli çox vaxt daha ağır olur.

WhatsApp Image 2025-10-18 at 16.21.08.jpeg (296 KB)

Həkimlər bildirirlər ki, hər iki gözün dərəcəsi çox hallarda fərqli olur və eynək yalnız dərəcə ilə seçilmir; fokus məsafəsi, astiqmatizm və digər parametrlər nəzərə alınmadıqda yanlış eynək görməni yaxşılaşdırmaq əvəzinə daha da zəiflədir. Uzun müddət istifadə edildikdə baş ağrısı, göz yorğunluğu, bulanıq görmə yaranır, xüsusilə uşaqlarda görmə pozuqluqları sürətlənə bilər.

Mütəxəssislərin sözlərinə görə, “eynək sadəcə iki şüşə deyil, tibbi vasitədir” və müayinəsiz eynək seçmək, həkim nəzarəti olmadan istifadə etmək, sanki qan təzyiqi ölçmədən dərman içmək kimidir.

Azərbaycan qanunvericiliyinə görə isə optika fəaliyyəti lisenziyalı tibbi xidmət hesab olunur. Lakin açıq bazarlarda bu satışlar aidiyyəti qurumlar tərəfindən real nəzarətə götürülmür. Hər kəsin gözünün qarşısında, heç bir yoxlama olmadan “optika” adı ilə satılan bu eynəklər əslində adi plastmas şüşələrdən ibarətdir. Burada nə tibbi məsuliyyət var, nə də satıcıdan soruşulacaq cavabdehlik. İnsanlar isə “həkimə getməkdən asandır” deyə seçim edir, amma öz göz sağlamlığını riskə atdığını dərk etmir.

WhatsApp Image 2025-10-18 at 16.21.08 (1).jpeg (205 KB)

Bu mənzərə göstərir ki, sağlamlıq yalnız xəstəxana divarları içində deyil, küçələrdə də qorunmalı və nəzarət olunmalıdır.

eyyub son.PNG (353 KB)

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətdə qeyd edir ki, eynək alarkən mütləq şəkildə sertifikat tələb olunmalıdır:

“Təəssüf ki, Azərbaycanda göz həkimləri bu məsələ ilə bağlı heç bir iş aparmır. Ona görə də kim haradan gəldi, necə gəldi, heç bir məsləhət etmədən eynək alır". 

Afaq MİRAYİQ,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR