İnsanlara hürriyət, millətlərə istiqlal!

Naməlum qızdırma yayılır - Ebola deyil, ondan da pisdir...

Həkimlər bildirir ki, ölkəyə gələn insanlar karantinə götürülməlidir...

Konqo Demokratik Respublikasının şimal-qərbində 50-dən çox insan naməlum xəstəlikdən ölüb. Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Basankusu şəhərində mənşəyi məlum olmayan qızdırma yayılır. Artıq 943 nəfər bu xəstəliyə yoluxub. Onlardan 52-si dünyasını dəyişib”, - məlumatda bildirilir.

Naməlum xəstəliyin ilk halları fevralın 9-da qeydə alınıb. İnfeksiyaya yoluxmuş şəxslər qızdırma, titrəmə, baş ağrısı, oynaq ağrıları və digər simptomlar yaşayırlar. Maraqlıdır ki, Ebola qızdırmasının mümkün yayılma ehtimalı istisna edilib. Bu nə infeksion xəstəlikdir belə? Azərbaycana gələ bilərmi?

Ümumiyyətlə, son dövrlər fərqli ölkələrdə müxtəlif naməlum xəstəliklər, viruslar yayılmaqdadır.

Xüsusilə 2024 və 2025-ci ilin əvvəlindən bu yana müxtəlif ölkələrdə yeni və naməlum virusların yayılması müşahidə olunur. Bu virusların mənşəyi və yayılma səbəbləri ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur, lakin əksər hallarda onların təbii mutasiyalar nəticəsində ortaya çıxdığı qəbul edilir. Yada salaq ki, 2024-cü ilin sonlarında Çində insan metapnevmovirusu (HMPV) adlı yeni bir virusun yayılması qeydə alındı. Bu virus əsasən uşaqlar və immun sistemi zəif olan şəxslər arasında tənəffüs yolu infeksiyalarına səbəb olur. Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 2024-cü ilin dekabr ayında HMPV infeksiyalarında əhəmiyyətli artım müşahidə edilib. Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun bildirib ki, Çində metapnevmovirusun (HMPV) artmasına böyük diqqət yetirilib.

Bundan əlavə, 2024-cü ilin noyabr ayında ABŞ-ın Florida ştatında alimlər Pepper adlı ev pişiyinin gətirdiyi ölü siçan vasitəsilə yeni bir virus kəşf ediblər. Bu virus Gainesville gəmirici “jeilong” virusu 1 (GRJV1) adlandırılıb və əvvəllər yalnız Avropa, Cənubi Amerika, Asiya və Afrikada tanınan ceylonq virusunun yeni alt növüdür. Alimlər bu kəşfin naməlum virusların gündəlik həyatda da mövcud ola biləcəyini göstərdiyini vurğulayırlar.

Süni intellekt texnologiyalarının inkişafı ilə də yeni virusların aşkarlanması mümkün olub. 2024-cü ilin aprel ayında Kanadanın Vaterloo Universitetinin alimləri süni intellektdən istifadə edərək əvvəllər məlum olmayan 191 astrovirus növünü təsnif ediblər. Astroviruslar xüsusilə uşaqlar arasında şiddətli ishal və digər mədə-bağırsaq problemlərinə səbəb olan patogenlərdir.

Bu nümunələr göstərir ki, son illərdə müxtəlif ölkələrdə naməlum virusların aşkarlanması və yayılması halları artmaqdadır. Lakin bu virusların süni şəkildə yaradıldığına dair elmi sübutlar mövcud deyil və əksər hallarda onların təbii proseslər nəticəsində meydana gəldiyi qəbul edilir.

Yoluxucu xəstəliklərin qarşısını almaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək, çöl heyvanları ilə təmasdan çəkinmək və rəsmi səhiyyə qurumlarının tövsiyələrinə əməl etmək vacibdir.

Həftəsonu qadağası nəyi dəyişəcək? (Adil Qeybulla) - ARB24 (Gündəm)

Adil Qeybulla

Cərrah-həkim, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, həmin zonalarda mütəmadi olaraq ayrı-ayrı infeksiyaların yayılması qeydə alınır: “Ən çox da hemoradik qızdırmaların yayılması halları var. Elə Ebola, Denge və digər hemoradik qızdırmalardır. Bununla yanaşı, istənilən yeni virusun ortaya çıxma ehtimalı da var. Məlumdur ki, bu yoluxma halları yarasa ətindən qidalanan insanlarda qeydə alınıb. Son dövrlərdə bir neçə virusun heyvanlardan insanlara transfer edilməsi müşahidə edilib. Məsələn, keçən əsrin 60-cı illərində insana keçən koronavirus infeksiyasıdır, eləcə də AİDS-in (QİÇS) heyvandan insana keçib. Hazırda yoluxmaların konkret səbəbi ilə bağlı birmənalı açıqlamalar verilməyib. Ola bilər ki, hər hansı heyvandan insana keçmiş virus və ya formasını dəyişmiş, yeni xüsusiyyətlər qazanmış əvvəlki viruslardan biri olsun. Bununla bağlı hələlik açıqlama yoxdur. Bu yoluxmalar, əlbəttə, bizi narahat edir. Buna görə də trans-sərhəd zonalarında şübhəli qızdırma və intoksikasiya əlamətləri olan insanları karantinə götürməliyik ki, onlar ölkəyə daxil olaraq müxtəlif xəstəlikləri yaymasınlar”.

Profil - Aytən Ziyadova

 Aytən Ziyadova

İnfeksionist Aytən Ziyadova da mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bu, bir infeksion xəstəlikdir və simptomları qızdırma, titrəmə, baş ağrısı, oynaq ağrıları ilə müşayiət olunur: “Ebola qızdırmasının ehtimalı istisna edilsə də, xəstəliyin dəqiq adı və səbəbi barədə əlavə məlumat verilmir. Bəzi naməlum infeksion xəstəliklər, təkcə Ebola deyil, həm də digər viruslar, bakteriyalar və ya patogenlərdən qaynaqlana bilər. Bəzi xəstəliklər yerli bölgələrdə baş versə də, bu xəstəliklərin beynəlxalq səviyyəyə yayılma riski mövcud ola bilər. Bu tip infeksiyaların nə dərəcədə Azərbaycana gələ biləcəyini proqnozlaşdırmaq çətindir, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq səhiyyə qurumları, bu kimi epidemiyaların qarşısını almaq üçün ciddi nəzarət və tədbirlər görürlər. Xəstəliyin yayılmasının qarşısını almaq üçün əvvəlcədən xəbərdarlıq, karantin tədbirləri, nəzarət mexanizmləri və vaksinlər tətbiq oluna bilər”.

Onu da nəzərə çatdıraq ki, naməlum virusların süni yaradılması ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Bəziləri iddia edir ki, yeni viruslar laboratoriyalarda süni şəkildə yaradılır və məqsədli şəkildə yayılır. Bəzi mütəxəssislər isə bunun əsasən təbii mutasiya və zoonoz (heyvandan insana keçən) proseslər nəticəsində baş verdiyini bildirir.

Elm adamları virusların daim dəyişdiyini və mutasiyaya uğrayaraq yeni variantlar yaratdığını bildirir. Məsələn, COVİD-19 pandemiyası zamanı virusun müxtəlif ştammlarının yaranması bunun təbii proses olduğunu göstərir. Eyni zamanda ÜST və digər beynəlxalq qurumlar virusların süni yaradıldığına dair elmi sübutların olmadığını vurğulayır. Ancaq biotexnologiyanın inkişafı fonunda laboratoriya sızmaları və ya bioloji tədqiqatların təsadüfi nəticələri ilə bağlı müzakirələr davam edir. Məsələn, 2019-cu ildə COVİD-19-un mənşəyi ilə bağlı laboratoriya sızması nəzəriyyəsi də araşdırıldı, lakin hələ də qəti sübutlar yoxdur. Qısacası, bəzi nəzəriyyələr virusların süni yaradıldığına işarə etsə də, hazırda dominant elmi yanaşma onların əsasən təbii mutasiya və heyvanlardan insanlara keçmə yolu ilə yayıldığını dəstəkləyir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR